Əbədiyaşar MUSİQİLƏR MÜƏLLİFİ
Sosial həyat

Əbədiyaşar MUSİQİLƏR MÜƏLLİFİ

Musiqinin dili olmur, deyirlər. Dilindən, dinindən, kimliyindən asılı olmayaraq hamı üçün doğma, əziz olan musiqilər var. Zəngin, keçmiş ənənələrə, milliliyə söykənən, klassikliklə müasirliyin vəhdətində inkişaf edən musiqilərin yaradıcılarından biri də Emin Sabitoğludur. Görkəmli dramaturq Sabit Rəhmanın ailəsində 1937-ci il noyabrın 2-də dünyaya gələn Emin Sabitoğlu yeddi yaşı olanda Bülbül adına musiqi məktəbində professor Gövkəb Səfərəliyevanın fortepiano sinfində oxumağa başlayır. 13 yaşından isə Midhət Əhmədovun bəstəkarlıq dərslərində iştirak edir. Hələ 8-ci sinifdə oxuyarkən ilk musiqi əsərini yazır. Məktəbi müvəffəqiyyətlə bitirən Emin elə həmin il Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsinə qəbul olunur və Qara Qarayevin sinfində təhsil alır. Daha sonra o, təhsilini Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsində professor Yuri Şaporinin sinfində davam etdirir. 1961-ci ildə təhsilini başa vuraraq Bakıya qayıdır. İlk iş yeri olan "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru kimi fəaliyyət göstərir. Sonralar Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər vəzifəsində çalışır. Atası görkəmli yazıçı-dramaturq Sabit Rəhman dünyasını dəyişəndən sonra o, Mahmudov soyadını Sabitoğlu təxəllüsü ilə əvəzləyir. Bəstəkar öz dinləyicilərinin, musiqisevərlərin qəlbində Emin Sabitoğlu olaraq yaşayır.

Bəstəkarın yaradıcılığının əsas qollarından birini mahnı janrı təşkil edir. Bu mahnılara nəfəs, can verən isə onun ifaçılarıdır. Onun yazdığı musiqilər əsasən Şövkət Ələkbərova, Mirzə Babayev, Yalçın Rzazadə, Flora Kərimova və başqa tanınmış müğənnilərin ifasında səsləndirilmişdir. Emin Sabitoğlu 500-ə yaxın mahnının müəllifidir. Onun 1 simfoniya, 3 simfonik poema, 3 kontata, simli kvartet, skripka və fortepiano üçün poeması var. Bəstəkarın yaddaşlara yazılan, dillər əzbəri olan mahnılarının bir qismi də filmlər üçün yazılmış mahnılardır. Onun 22 tammetrajlı bədii filmə, 40-a yaxın qısametrajlı və sənədli filmlərə yazdığı musiqiləri var. İlk kino işi isə 1970-ci ildə "Bizim Cəbiş müəllim" filminə yazdığı musiqi olub. Elə bu kino ilə də Emin Sabitoğlunun bu sahədə uğurlu fəaliyyəti başlayır. O, "Dədə Qorqud", "Qaçaq Nəbi", "Gün keçdi", "Təhminə", "Ad günü", "İstintaq" və digər onlarla məşhur, sevilən filmlərə musiqi bəstələmişdir. Bəstəkarın rejissor Rasim Ocaqovla yaxın dostluq münasibətləri birgə iş fəaliyyətlərində də özünü göstərmişdir. Demək olar ki, Rasim Ocaqovun çəkdiyi bütün filmlərə musiqini məhz Emin Sabitoğlu yazmışdır. Bu musiqilər filmlərdəki hadisələrin ritmini tutmaqla bərabər, baş verən hadisələrin məna və mahiyyətini də açmaqda öz təsirini göstərir.

Bəstəkar, eyni zamanda Həsən Seyidbəyli, Tofiq Tağızadə, Arif Babayev, Tofiq Kazımov və başqa rejissorlarla da işləmişdir. Onun kino və teatr sahəsindəki fəaliyyəti incəsənət tariximizdə möhtəşəm və baxımlı ekran və səhnə əsərlərinin yaranmasına səbəb olmuşdur. Emin Sabitoğlu İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər", Bəxtiyar Vahabzadənin "Yağışdan sonra", Anarın "Təhminə və Zaur", "Şəhərin yay günləri", Səməd Vurğunun "Fərhad və Şirin" tamaşalarına da musiqi yazmışdır. Tamaşaçı sevgisi bəstəkarın fəaliyyətinin, yaradıcılığının ən gözəl qiymətidir. Doqquz komediya əsərinə musiqi yazan bəstəkar ömrünün son 6 ilini Türkiyədə yaşayıb-yaratmış, İstanbul Texniki Universitetinin Xalq Çalğı Konservatoriyasında dərs demişdir.

2000-ci ilin avqust ayının sonlarında Emin Sabitoğlu ilə o zaman işlədiyim qəzet üçün böyük müsahibə aldım. Bəstəkar xaraktercə yazdığı musiqilər kimi sakit, təmkinli, həzin xasiyyətli bir insan idi. Söhbətimiz çox maraqlı keçdi. Sonuncu sualda Türkiyəyə nə vaxt dönəcəyi və oradakı fəaliyyəti ilə bağlı soruşanda belə cavab vermişdi: "Bir neçə gün sonra Türkiyəyə dönürəm. Düzünü deyim ki, indidən Bakı üçün darıxmağa başlamışam. Orada yazdığım əsərləri qəlbən Azərbaycanla bağlı olub yazmışam. Mən cismən oradayam, qəlbən Bakıda". Bəlkə də bu bəstəkarın son müsahibəsi oldu, bilmirəm. Ancaq söhbətimizdən bir şeyi unuda bilmirəm, Emin Sabitoğlunun həyat və yaradıcılığının ən böyük eşqi, sevgisi Azərbaycan idi.

Emin Sabitoğlunun musiqiləri nakam bir sevginin, etibarlı bir dostun, gözəl bir Vətənin ünvanıdır. Bu ünvanda hər şey var: sevgi, eşq, vəfa, etibar. "Təhminə"nin nakam sevgisində öləziyən musiqi "Şəhərin yay günləri"ndə canlanır, "Məhv olmuş gündəliklər"də solan nəğmə isə "Yağışdan sonra" boy atıb, qüvvətlənir. Onun mahnılarında melodiya ilə mətn tam uzlaşaraq bir-birini tamamlayır. Ömrünün son illərini Türkiyədə yaşayıb-yaratsa da hər an Bakı üçün darıxırdı. Bəstəkar Bakıya olan son səfərində 2000-ci il noyabr ayının 18-də haqqın dərgahına qovuşur.

Musiqiyə çevrilib qəlblərimizə sığal çəkən, kövrək hissələrimizə hakim kəsilən mahnıların bəstəkarı Emin Sabitoğlu bir payız günündə dünyaya gəldiyi kimi, elə bir payız günündə də bu dünyaya "Əlvida" deyib köç etdi. Özündən sonra Azərbaycan musiqisinə miras qoyduğu mahnıları, musiqi əsərləri onu dinləyiciyə həmişə xatırladır.  Bu mahnılarda hər bir dinləyici özünü görür, özünü tapır. Axıcı olduğu qədər də düşündürücü olan mahnılarda "Bakı, sabahın xeyir" sədalarında bir "Uzaq yaşıl ada" da özünü unudub. Xəzər sularından güc alan, gur dalğaların qoynunda çırpınan mahnılar "Çiçək yağışı"na çevrilib, sakit "Sahildə" zərif, incə "Kəpənək" kimi qanadlanıb, səni öz arxasınca düşüncələr, sehrlər aləminə aparır.

Bəstəkarın bütün mahnılarının kökündə bir həyat hekayəsinin, gizlı bir eşqin, pünhan bir məhəbbətin izləri yatır. Musiqinin axarına, sehrinə düşən hər bir kəs özü də bilmədən bu cazibəyə təslim olur. Elə buna görə də, Emin Sabitoğlu musiqilərinin yaşı yoxdur.

Ramidə YAQUBQIZI,

"Respublika".