Dünyaya örnək qardaşlıq
Siyasət

Dünyaya örnək qardaşlıq

Azərbaycan ilə Türkiyə əlaqələri böyük tarixi köklərə söykənir. Ortaq soy, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri daha da birləşdirir. Hər iki ölkə tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olublar. Hələ 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun mübarizələr və müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsidir. Anadoluda Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə aparılan milli mübarizəyə azərbaycanlılar maddi-mənəvi yardım göstəriblər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: "Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır".

Azərbaycan Sovet İttifaqının tərkibində olarkən də iki dövlət arasında rəsmi münasibətlər mövcud olub. 1967-ci ildə Türkiyə Cümhuriyyətinin Baş naziri Süleyman Dəmirəlin və 1969-cu ildə Türkiyə Cümhuriyyətinin prezidenti Cövdət Sunayın Bakıya səfərləri bu əlaqələrin formalaşmasında böyük əhəmiyyət kəsb edir.

Qədim zamanlardan Qafqaz siyasətinə çox ciddi önəm verən, bölgədə cərəyan edən hadisələrə fəal müdaxiləsi ilə seçilən Türkiyə tək Azərbaycanın deyil, həmçinin bütün Qafqazın taleyində önəmli olan üç əsas region dövlətindən (Rusiya və İran) biridir.

Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında hər iki tərəf maraqlıdır. Türkiyə Azərbaycan üçün beynəlxalq aləmdə müttəfiq və dayaqdırsa, Azərbaycanın da güclü dövlət olması Türkiyənin dünya siyasətində gücünün və rolunun artması deməkdir. Ona görə də bu iki dövlətin münasibətlərinin beynəlxalq hüquq normalarından irəli gələn prinsiplər əsasında inkişafı zəruridir.

Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edəndən sonra həmin il noyabrın 9-da onu tanıyan ilk dövlət məhz Türkiyə oldu. 1992-ci il yanvarın 14-də iki respublika arasında diplomatik əlaqələr yaradıldı. Türkiyənin Azərbaycanda, 1992-ci ilin avqustundan isə Azərbaycanın Türkiyədə diplomatik missiyası fəaliyyətə başlayıb.

Azərbaycanın beynəlxalq aləmlə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında, ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni əlaqələrinin formalaşmasında Türkiyə ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verən Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdə əlaqələri yüksək səviyyədə təmin etdi. Prezident Heydər Əliyevin Yeni Əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etdiyi kimi: "1993-cü ilin yayından başlayaraq, Türkiyəyə münasibətdə də xarici siyasət kursunda ciddi dəyişikliklər edildi və Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir mərhələ başlandı. Bu gün Türkiyə Azərbaycanın ən etibarlı siyasi müttəfiqi, bərabərhüquqlu iqtisadi tərəf-müqabilidir. İki qardaş dövlətin başçılarının qarşılıqlı rəsmi səfərləri zamanı hərtərəfli əməkdaşlığımızı əhatə edən bir sıra mühüm sənədlər imzalanmışdır. Azərbaycan-Türkiyə münasibətləri iki qardaş xalqın mənafelərinə xidmət etməklə yanaşı, dünyada və bölgədə sülhün və əmin-amanlığın bərqərar olması işinə də öz töhfəsini verdi".

5-8 may 1997-ci il tarixində Prezident Heydər Əliyevin Türkiyəyə ikinci rəsmi səfəri zamanı həyata keçirilən görüşlər, danışıqlar nəticəsində imzalanmış səkkiz sənəd, xüsusilə strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında müqavilə Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələrinin yeni bir mərhələyə daxil olmasının təzahürü idi. Prezident Heydər Əliyevin 1997-ci ildə Türkiyənin "Dövlət nişanı", 1999-cu ildə isə Beynəlxalq Atatürk Sülh Mükafatına layiq görülməsi, dəfələrlə Türkiyənin müxtəlif media qurumları tərəfindən "İlin adamı", bu ölkənin bir çox universitetinin Fəxri doktoru seçilməsi Azərbaycan-Türkiyə münasibətlərinin inkişafındakı xidmətlərinin xüsusi göstəricisidir.

12-17 mart 2001-ci ildə isə Azərbaycan Prezidenti Heydər Əliyev Türkiyəyə növbəti dəfə rəsmi səfər edib. Türkiyənin dövlət və hökumət rəhbərləri ilə görüşlərdə iki dövlət arasında münasibətlərin vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Səfər zamanı imzalanan vergilər, maliyyə, Azərbaycan təbii qazının Türkiyəyə nəql edilməsinə dair saziş və digər sənədlər qarşılıqlı faydalı əməkdaşlıq siyasətinin davam etdirilməsi istiqamətində mühüm əhəmiyyət daşıyır.

Dahi şəxsiyyət, uzaqgörən siyasi xadim Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti olaraq Türkiyəyə üç rəsmi, iki qeyri-rəsmi, on beş işgüzar səfər etməsi onun xarici siyasət konsepsiyasında Türkiyəyə verdiyi əhəmiyyətin və ölkələr arasındakı strateji birliyin göstəricisidir.

13-15 aprel 2004-cü il tarixlərində Prezident İlham Əliyevin Türkiyəyə ilk rəsmi səfəri olub. Səfər zamanı ölkə başçısının Türkiyə Prezidenti Əhməd Necdət Sezərlə geniş tərkibdə görüşü olub, sənədlərin imzalanma mərasimi keçirilib. Prezident İlham Əliyev Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ilə də təkbətək görüşüb. Həmin gün Ali Baş Komandan İlham Əliyev Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Hilmi Özkökü, xarici işlər naziri Abdullah Gülü qəbul edib. 14 aprel 2004-cü il tarixində Prezident İlham Əliyev Ankara yaxınlığında, Batıkənddə xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə salınmış parkın təntənəli açılış mərasimində iştirak edib, TBMM-in sədri ilə təkbətək görüşüb. 14 aprel 2004-cü il tarixində Prezident İlham Əliyevə Bilkənd universitetində fəxri doktor diplomu və İhsan Doğramacı adına Dünya Sülh mükafatı təqdim edilib.

Səfər zamanı Azərbaycan və Türkiyə arasında birgə bəyanat, mülki aviasiya və mədəniyyət sahəsində əməkdaşlığa dair protokol və digər vacib sənədlər imzalanıb.

5-6 noyabr 2008-ci il tarixində Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Abdulla Gülün dəvəti ilə yenidən rəsmi səfərdə olub. Bu, Prezident İlham Əliyevin ikinci dəfə ölkə prezidenti seçildikdən sonra, ilk xarici səfəri idi. Noyabrın 5-də Türkiyə Respublikası Prezidentinin iqamətgahında - Çankaya köşkündə Prezident İlham Əliyev və Türkiyə Prezidenti Abdullah Gülün təkbətək görüşü keçirilib. Səfər zamanı Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisində geniş nitq söyləyib, Ankara şəhərinin Batıkent məhəlləsindəki Heydər Əliyev küçəsinin açılışında iştirak edib, habelə Heydər Əliyev parkı və Heydər Əliyev adına ibtidai məktəblə tanış olub.

Türkiyənin dövlət və hökumət başçılarının xaricə ilk rəsmi səfərlərinə Azərbaycandan başlamaları artıq ənənəyə çevrilib.

Prezident İlham Əliyevin Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramının sammitindəki çıxışı zamanı "Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam" nitqi, dünyanın bir çox ölkələrinin ən böyük ədalətsizliklərindən birinə - erməni işğalına reaksiya vermədiyi dövrlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir" bəyanatı, Azərbaycana rəsmi səfəri zamanı Milli Məclisdə söylədiyi "...Bu gün də Azərbaycanın yanındayıq və bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq. Necə ki, Çanaqqalada azərbaycanlı gənclər Anadolu gəncləri ilə birlikdə şəhadətə yürüyüb qələbə qazanmışdılarsa, necə ki, Nuru Paşanın aslanları 1918-ci ildə Azərbaycanın köməyinə gəlmişdilərsə, biz də bu gün və gələcəkdə bərabər olacağıq..." fikirlər Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu sübut edir.

Rəcəb Tayyib Ərdoğanın bu fikri iki ölkə arasında münasibətlərin xarakterini mükəmməl şəkildə nümayiş etdirir: "Türkiyə ilə Azərbaycan arasında münasibətlər köklü tarixi və mədəni bağlardan qaynaqlanan qardaşlıq təməli üzərində hər sahədə inkişaf etməkdə və güclənməkdədir. Bu münasibətlərin memarlarından biri olan böyük lider, hörmətli Heydər Əliyevin dediyi kimi, Türkiyə və Azərbaycan eyni millətin iki ayrı dövlətidir. Mərhum prezidentin iki ölkə arasında əlaqələrin ideal qiymətini ifadə etmək üçün istifadə etdiyi bu şüar real həyatda əksini tapıb. Sevincdə də, kədərdə də bir olan Türkiyə və Azərbaycana bütün dünya qibtə ilə baxır".

Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 2020-ci ildə qüdrətli dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli, vətənpərvər, güclü ordumuz düşmən üzərində parlaq qələbə qazandı. Bu zəfərdə müharibə başlayan gündən son günədək Azərbaycanın yanında olan, ona güclü dəstək verən qardaş ölkəmiz - Türkiyənin böyük rolu danılmazdır.

2021-ci ilin 15 iyununda Şuşada Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra "Bir millət, iki dövlət"in qardaş liderləri "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" imzaladılar.

Bu gün Şuşa Bəyannaməsinin üç ili tamam olur. Şuşa Bəyannaməsi iki ölkə arasında tarix boyu süzgəcdən və sınaqdan keçmiş, ortaq strateji maraqlara malik hərbi-siyasi və təhlükəsizlik məsələsidir.

Şuşa Bəyannaməsinin Türkiyə və Azərbaycan parlamentlərində ratifikasiyası bəyannamədə əksini tapan maddələrin tam şəkildə işlək vəziyyətə düşməsinə şərait yaratdı. Beynəlxalq hüquqa istinad olunmuş bu bəyannamə Qars müqaviləsi ilə oxşarlıq təşkil edir.

8 noyabr 2020-ci ildə Şuşanın işğaldan azad edilməsi başlanğıc mərhələsi hesab edilir. 15 iyun 2021-ci ildə Şuşada imzalanan bu sənəd növbəti qələbə sayılır. Hazırda Qarabağın işğaldan azad edilən şəhər və rayonlarında - Şuşada, Ağdamda, Hadrutda, Füzulidə və digər bölgələrdə Azərbaycan bayrağı ilə yanaşı, Türkiyə bayrağı da dalğalanır. Şuşa Bəyannaməsinin imzalanmasından və ratifikasiyasından sonra Azərbaycan-Türkiyə münasibətləri mənəvi məsələdən hüquqi müstəviyə keçdi. Bu sənədin həm qlobal, həm də regional önəmi çox böyükdür. Uzunmüddətli sülhün təmin edilməsi istiqamətində birgə səylərin artırılmasının zəruriliyi də vurğulanıb. Eyni zamanda bundan sonrakı mərhələdə milli mənafelər baxımından siyasi, hərbi, təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi xüsusi aktuallıq daşıyır.

Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhərində 2022-ci ildə "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda keçirilən beynəlxalq konfrans xüsusi önəmə malikdir.

Prezident İlham Əliyev konfrans iştirakçılarına müraciətində qeyd edib: "İki qardaş ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi türk dünyasının parlaq şəxsiyyətləri - "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" deyən Mustafa Kamal Atatürkün və "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir" deyən Heydər Əliyevin irsinə sadiqliyin ifadəsi, gələcək nəsillər üçün örnəkdir. Şuşa Bəyannaməsi çoxşaxəli münasibətlərimizin ən yüksək zirvədə olduğunu göstərən mühüm sənəddir.

Prezident İlham Əliyevin 2022-ci il mayın 26-da Bakıda keçirilən "TEKNOFEST-Azərbaycan" festivalındakı çıxışı iki qardaş ölkənin əbədi müttəfiqə çevrildiyini, sarsılmaz dostluğunu göstərir:

"...Biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq. Mən dəfələrlə demişəm ki, Türkiyənin gücü, artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik.

...Türkiyənin uğurlu inkişafı, ilk növbədə, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır. Mən də öz fəaliyyətimdə həmişə çalışmışam ki, Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə edim və Azərbaycanın müstəqil siyasətini təmin edim. Bizim aramızdakı qardaşlıq bütün Türkiyə və Azərbaycan xalqına örnək olmalıdır".

Bayram SALMANOV,

"Respublika".