"100 ilin Türkiyəsi çox vacib və tarixi bir qərar verdi. Xalq öz müqəddəratını Türkiyəni 20 il ərzində dünyanın lider ölkələrindən biri etməyə nail olan Rəcəb Tayyib Ərdoğanı seçdi. Bu seçim nəinki türk xalqı, bütövlükdə Türk dünyası üçün çox mühüm nəticəsi olacaq bir addım oldu".
Bunu əməkdaşımızla söhbətində Milli Məclisin deputatı Vüqar İskəndərov qeyd edərək deyib ki, qardaş Türkiyə yeni yüz ilinə tarix yazaraq, hətta mən deyərdim ki, dünyaya demokratiya dərsi keçərək qədəm qoydu. Aparıcı Qərb ölkələrində seçkilərdə seçici böhranı yaşandığı halda, Türkiyədə istər mayın 14-dəki birinci, istərsə də mayın 28-dəki ikinci turda yüksək seçici fəallığı nümayiş etdirildi. Xalq axın-axın seçki məntəqələrinə gələrək öz seçimini etdi. Özü də azad, şəffaf və demokratik şəkildə… İstər Türkiyə Böyük Millət Məclisinin yeni tərkibi, istərsə də Cümhurbaşqanı tam demokratik şəkildə, xalqın iradəsi əsasında seçildi. Türk xalqı hər zaman olduğu kimi, bu dəfə də doğru və müdrik qərar verdi və xarici imperialist mərkəzlərin qara planlarına imkan verməyəcəyini bir daha nümayiş etdirdi. Bu, xarici imperializmə, Ermənistan va onların havadarlarına, türk dünyasının düşmənlərinə verilən tutarlı cavab idi. Türkiyə vətəndaşlarının bu qərarı ilə qardaş ölkənin İraq və Suriyaya çevrilməsinin qarşısı alındı. Ən əsası isə türk xalqı bu seçimi ilə türk dünyasının daha da inamla addımlamasına, Türkiyə-Azərbaycan qardaşlığının daha da möhkəmlənməsinə səs vermiş oldu. Bu bir faktdır ki, Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsi bu seçkilərdə Azərbaycan-Türkiyə birliyinin, Türk dünyasının qazanması deməkdir. Çünki əks təqdirdə, həm Türkiyə yenidən xarici imperialist güclərin nəzarətinə keçəcəkdi, həm də Türk dünyasının durmadan güclənməsi, türk dövlətləri arasında inteqrasiyanın daha da dərinləşməsi istiqamətində son illər həyata keçirilən siyasət yarımçıq qalacaqdı.
M.NƏRİMANOĞLU,
"Respublika".