Dövlət vergi orqanlarına işə qəbul müsabiqəsinin test imtahanı keçirilib
Elm və təhsil

Dövlət vergi orqanlarına işə qəbul müsabiqəsinin test imtahanı keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Dövlət İmtahan Mərkəzi ilə birlikdə DVX-də hüquq və digər ixtisas sahələri, o cümlədən Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində istintaq, təhqiqat, əməliyyat-axtarış və hüquq sahələri üzrə vakant vəzifələrə işə qəbulla bağlı sayca 19-cu test imtahanı keçirib.

"Respublika" Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, test imtahanında ümumilikdə 2392 nəfər iştirak edib. Test imtahanı iqtisadiyyat və hüquqşünaslıq ixtisasları ilə yanaşı, digər ixtisas istiqamətlərini də əhatə edib.

Test imtahanına namizədlərin daha yaxşı hazırlaşmasına imkan yaratmaq məqsədilə müsabiqənin test imtahanı mərhələsinin suallarını özündə əks etdirən ədəbiyyat siyahısı və sual nümunələri DVX-nin rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “Ədəbiyyat siyahısı və test tapşırığı nümunələri” bölməsində yerləşdirilib. Test imtahanının sualları DVX-də hüquq, digər ixtisas sahəsi və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə işə qəbul olmaqla 3 kateqoriyaya bölünüb. İmtahanda namizədlərə 100 sual təqdim olunub, hər imtahan sualı 1 balla qiymətləndirilib.

Ümumilikdə 3 saat davam edən test imtahanının nəticəsində 616 nəfər namizəd 70 və daha yüksək bal toplamaqla müsabiqə şərtini ödəyərək ikinci mərhələyə - müsahibəyə buraxılıb. Test imtahanından uğurla keçən namizədlərə müsahibə mərhələsi barədə əlavə məlumat veriləcək.

Müsabiqənin hər iki mərhələsində uğur qazanan namizədlər DVX-nin kadr ehtiyatı bazasına daxil olunacaq və mütəmadi qaydada vakant vəzifələrə təyin ediləcəklər.