Bakı Dövlət Universiteti milli qürur mənbəyimizdir
Elm və təhsil

Bakı Dövlət Universiteti milli qürur mənbəyimizdir

"Azərbaycan elminin tarixi böyükdür. Əsrlərdən əsrlərə Azərbaycanın elm adamları ixtiralar edib, dünya elminə böyük töhfələr veriblər və Azərbaycanın bilik, elm səviyyəsini qaldırıblar. XX əsrin əvvəlindən Azərbaycanda elmi müəssisələr yaranıb, 1919-cu ildə ilk Universitet yaranıbdır. Bu Universitet həm yüksək təhsil ocağı, həm də Azərbaycan elmini birləşdirən, onu inkişaf etdirən böyük bir müəssisə, böyük elm ocağı olubdur".

Heydər ƏLİYEV,

Ümummilli lider.

Hər bir ölkənin milli qürur mənbəyi sayılan özünəməxsus atributları olur və millətin, dövlətin özü tərəfindən yaradılan bu atributlar ölkənin tarixi keçmişində, bu günündə, hətta gələcəyində də mühüm rol oynayır. Bu mənada, Bakı Dövlət Universitetinin cəmiyyətimizin həyatında xüsusi yeri var. Hələ uşaqlıq illərindən bir çox şagirdin xəyallarında olan Bakı Dövlət Universiteti ali məktəblər arasında ön sırada dayanır. Azərbaycan Xalq Cümhuriyyəti parlamenti tərəfindən təsis edilən Bakı Dövlət Universiteti yarandığı gündən Azərbaycan elminə çıraq tutub. Bu baxımdan, universitetin yaradılması milli təhsilin inkişafında ən əlamətdar hadisələrdən biri kimi qiymətləndirilir. Məlum olduğu kimi, uzun müddət müstəqilliyini əldə edə bilməyən xalqımız milli təhsil sistemini yaratmaq imkanlarından da məhrum edilmişdi.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyini elan etdi. Nəticədə xalqımız neçə yüz illərdən sonra milli və ictimai tərəqqidə elmin, təhsilin rolunu qiymətləndirmək şansı qazandı. Görkəmli dövlət xadimləri gərgin mübahisə və müzakirələrdən sonra həyatlarının bəlkə də ən böyük arzusunu - müstəqil dövlətin müstəqil ali təhsil ocağını - Bakı Dövlət Universitetini yaratmağa müvəffəq oldular. Şübhəsiz, həmin dövrdə universitetin yaradılması ideyasının meydana çıxmasını şərtləndirən bir sıra amillər var idi. İlk olaraq, xalqımızın maariflənməsini və milli təhsilin inkişafını düşünən qabaqcıl ziyalıların, ictimai xadimlərin başlıca arzularından biri universitet açmaq idi. Bu baxımdan, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bu istiqamətdə bir ümid çırağı yandırdı. Həmin dövrün mürəkkəb beynəlxalq şərtlərinə, xarici təhdidlərə, kəskin maliyyə və kadr çatışmazlığına baxmayaraq, milli hökumət ölkədə təhsil və mədəniyyətin inkişafı istiqamətində ciddi tədbirlər həyata keçirdi.

"Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında" qanuna müvafiq olaraq universitet dörd fakültədən ibarət idi: Şərq şöbəsi ilə birlikdə tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələri. Qanunun ikinci maddəsinin 2-ci bəndində qeyd edilirdi ki, bütün fakültələrdə türk dili məcburi fənn hesab edilir. Bununla yanaşı, müsəlman və türk dünyasında qadın təhsilinə münasibətin də Avropa parlamentlərinə uyğun gəldiyi VIII və IX maddələr də göstərilirdi: "Zaqafqaziya və qeyri Darülfünunların tələbə və taliblərini ... Bakı Darülfünununun eyni kurslarına qəbul etməyə ... ixtiyar verilir. Yeni tələbələr, istər erkək, istər kadın ümumi əsaslar üzrə qəbul olunurlar".

Bir məsələni də vurğulamaq lazımdır ki, 100 nəfər abituriyent və tələbənin xarici ali məktəblərə göndərilməsi üçün dövlət xəzinəsi vəsaitindən xalq maarif nazirinin sərəncamına yeddi milyon manat, Avropaya gedənlərin hər birinə hər ay dörd yüz frank və yol xərci üçün min frank, Rusiyaya gedənlərin hər biri üçün isə hər ay üç min manat və əlavə olaraq yol xərci üçün üç min manat təyin edilmişdi. Həmçinin dövlət təqaüdündən istifadə edən tələbələr təhsillərini başa vurduqdan sonra hökumətin təyin etdiyi yerlərdə dörd il müddətində qulluq etməli idilər.

Qeyd edək ki, 1919-cu il sentyabrın 1-də Bakı Universiteti haqqında qanun, sentyabrın 29-da isə Bakı Universitetinin nizamnaməsi təsdiq olundu. 1919-cu il sentyabrın 8-də universitetin təşkilat komissiyası V.Razumovskini rektor, N.Dubrovskini tarix-filologiya fakültəsinin, professor İ.Şirokoqorovu tibb fakültəsinin dekanı seçdi. Qeyd edək ki, Razımovski 1909-cu ildə Saratovda, 1918-ci ildə Tiflisdə, 1919-cu ildə isə Bakıda universitetlərin əsasını qoymuşdur. 1919-cu il noyabrın 10-da isə Universitet Şurasının ilk iclası baş tutdu. İclas çərçivəsində professor-müəllim heyətinin tərkibi təsdiq olundu. Həmin il noyabrın 15-də isə universitetdə ilk dərs günü elan olundu. 1919-1920-ci tədris ilində tarix-filologiya fakültəsinin I kursuna 509 tələbə qəbul edildi ki, onlardan 125-i müsəlman, 178-i yəhudi, 121-i rus, 67-si erməni, 5-i gürcü, 13 nəfəri isə polyak və alman idi.

Ulu öndər Heydər Əliyevin həyatı da Bakı Dövlət Universiteti ilə sıx bağlı olub. Ümummilli lider 1957-ci ilə Bakı Dövlət Universitetinin tarix fakültəsini əla qiymətlərlə və fəxri diplomla bitirmiş, bundan sonra bütün həyatı və ictimai-siyasi fəaliyyəti boyu universitetdən bir an da olsa ayrı qalmamışdır. Bakı Dövlət Universiteti daim ölkəmizin müstəqillik ideyalarının keşiyində dayanmış, bu ideyaları daha da inkişaf etdirmişdi. Şübhəsiz, universitetə bu ritm, bu fəaliyyət XX əsrin 50-ci illərindən sonra Heydər Əliyev tərəfindən verilmişdir. 1969-cu ilin noyabrında universitetin 50 illik yubileyində iştirak edən ümummilli liderin Azərbaycan dilində çıxış etməsi də tarixi hadisədir. Çünki Heydər Əliyevin həmin çıxışı Azərbaycan dilinin inkişafına böyük bir təkan verdi. Bütün bunlar ulu öndərin universitetə diqqət və qayğısının göstəricisi idi.

Bu gün Bakı Dövlət Universiteti Azərbaycanıın ən qabaqcıl universiteti statusunu qoruyub saxlamaqdadır. Təhsilin səmərəli təşkili məqsədilə universitetin korpuslarında mərhələli şəkildə təmir işləri həyata keçirilir. Artıq universitetin 2-ci korpusunda əsaslı təmir işləri başa çatmaq üzrədir. Belə ki, binanın zirzəmisindən damına qədər bütün mərtəbələri, auditoriyalar, inzibati otaqlar, laboratoriyalar, sanitar qovşaqlar, liftlər müasir standartlara uyğun şəkildə yenidən qurulub, bütün kommunikasiya xətləri, yanğınsöndürmə sistemi yenilənib. Bundan başqa, geniş auditoriyalar müasir işıqlandırma sistemi, kondisioner və mebellərlə təchiz olunub. Qazanxana və drenaj sistemi yenilənib. Təhsilalanların dərsdənkənar və asudə vaxtlarının səmərəli keçirilməsi üçün də xüsusi şərait yaradılıb, binanın həyətində xüsusi abadlıq işləri həyata keçirilib. Bina yeni tədris ilindən müəllim və tələbələrin ixtiyarına veriləcək. Əsaslı təmir işlərinin mərhələli şəkildə BDU-nun digər tədris korpuslarında da davam etdirilməsi planlaşdırılır.

 

Nəzrin ELDARQIZI,

"Respublika".