Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır
Sosial həyat

Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır

2003-cü il oktyabrın 15-də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başladı. Azərbaycanın həyatında son 20 il çox əlamətdar bir dövr kimi yadda qalıb. Ölkəmiz bütün sahələrdə böyük uğurlar qazanıb, daim zirvələrdən-zirvələrə yüksəlib.

Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən müsbət nəticələrini verdi. Xalqın ona inam və etimadı artdı. Bu uğurların səbəbi Liderin zamanı qabaqlayan ideyaları, müdrik siyasətidir. O, xalqın sevgisini və dəstəyini qazanaraq, bizi dünyanın ən güclü dövlətlərindən birinə çevirdi. 20 illik prezidentlik dövründə İlham Əliyev saysız-hesabsız nailiyyətlərə imza atdı. Bu nailiyyətlər siyasi, diplomatik, iqtisadi, hərbi, sosial, mədəni, idman da daxil olmaqla həyatın bütün sahələrində özünü parlaq şəkildə təzahür etdirir. Ölkəmizdə qaçqın və keçmiş məcburi köçkünlərə 30 ilə yaxın bir dövr ərzində göstərilən qayğı xüsusi qeyd edilməlidir. Dövlət başçımız dəfələrlə vurğulayıb ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır".

Təəssüf ki, ötən əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü onu dünyanın ən çox qaçqını və məcburi köçkünü olan ölkəsinə çevirib. 1988-ci ildən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın azərbaycanlılar yaşayan 126 yaşayış məntəqəsindən onların zorla çıxarılması planı həyata keçirildi. Azərbaycanlılar ermənilərin planlı şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində öz doğma yurdlarından didərgin düşdülər. Əsrlər boyu Azərbaycan xalqı bir çox tarixi günlərə şahidlik etmiş, ağrılı-acılı dönəmlərlə yanaşı, qürurverici və sevincli anlar yaşamışdı. Vətən müharibəsində qazandığımız şanlı Qələbə isə bizim qəhrəmanlıq salnaməmizə çevrildi. Rəşadətli Ordumuz tərəfindən torpaqlarımızın işğaldan azad edilməsindən sonra "məcburi köçkün" adı tarixə gömüldü.

Qeyd etməliyik ki, ölkəmiz hər zaman qaçqın və məcburi köçkünlərin problemlərinin həllini başlıca vəzifə hesab edib. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması, həmçinin digər problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilib.

44 günlük Vətən müharibəsi nəticəsində qazandığımız tarixi zəfər keçmiş məcburi köçkünlərin yerli özünü idarəetmə hüququndan istifadəsinə imkanlar yaratdı. Artıq məcburi köçkünlər beynəlxalq hüquqda təsbit olunduğu kimi, ləyaqətlə öz torpaqlarına qayıtmaq hüquqlarından istifadə edirlər. Azad edilmiş torpaqlarda ölkə başçısının rəhbərliyi ilə məcburi köçkünlərimizin yaşayışı üçün ən müasir həyat şəraiti yaradılır. Belə ki, 2022-ci il iyulun 19-da Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə start verildi. Daha sonra Böyük Qayıdış proqramı çərçivəsində cari il martın 16-da Tərtər rayonunun Talış kəndinə məcburi köçkün ailələri köçürüldü. Böyük Qayıdışın növbəti ünvanı isə Laçın şəhəri oldu. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı mayın 28-də başlandı.

Keçmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman Azərbaycan Prezidentinin diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir. Ölkə rəhbərinin yürütdüyü siyasətin təməl prinsiplərindən olan keçmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin nəticəsidir ki, ölkədə çadır şəhərcikləri ləğv edilmiş, bu insanların hamısı müasir tipli qəsəbələrə köçürülmüşdür. Keçmiş məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadırlardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür.

Röya RÜSTƏMLİ,

"Respublika".