Dövlət qulluğuna qəbul edilən əməkdaşlar and içdilər
Sosial həyat

Dövlət qulluğuna qəbul edilən əməkdaşlar and içdilər

2018-2023-cü illərdə müsabiqə və müsahibələrdə uğur qazanmış 847 nəfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində dövlət qulluğunun inzibati vəzifələrinə işə qəbul edilib.

24 iyun ƏƏSMN-nin məlumatında deyilir ki, 23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı günü münasibəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Agentliyində daimi dövlət qulluğuna yeni qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib.

Nazirlik əməkdaşlarını peşə bayramları günü münasibətilə təbrik edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin əməkdaşları adından göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib, təltif olunan əməkdaşları təbrik edib. Ümumilikdə 2018-ci ildən Nazirliyin 102 əməkdaşının dövlət təltiflərinə layiq görüldüyü qeyd olunub.

Nazirliyin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Nərmin Bayramova Nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə işə qəbul prosesinin nəticələrinə dair təqdimatla çıxış edib. 2018-2023-cü illərdə vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilmiş müsabiqə və müsahibələrdə uğur qazanmış 847 nəfərin Nazirlik sistemində inzibati vəzifələrə işə qəbul olunduğu diqqətə çatdırılıb.