Dövlət Komitəsində Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi ilə bağlı tədbir keçirilib
Digər xəbərlər

Dövlət Komitəsində Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi ilə bağlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, "Tbilisi prospekti, 129" ünvanında (Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi) yerləşən ərazi partiya təşkilatında partiyanın təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbir keçirib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda Komitə sədri Rövşən Rzayev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, sədr müavini Elnarə Mustafayeva və komitənin əməkdaşları iştirak ediblər.

Tədbirdə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həyatını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Komitə sədri ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan bəhs edib. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının yaradılması müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynayıb. Prezident İlham Əliyevin partiyaya sədr seçilməsindən sonra isə YAP inkişafının yeni mərhələsinə qədəm qoyub. Dövlətimizin başçısının rəhbərlik etdiyi partiyanın cəmiyyətdə böyük inam və etimada sahib olduğu vurğulanıb, bildirilib ki, 44 günlük Vətən müharibəsində qazanılan Zəfər partiyanın nüfuzunu daha da yüksəldib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə əhəmiyyətli uğurlara imza atdığını, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da zənginləşdirdiyini diqqətə çatdırıb. YAP-ın qarşıya qoyulan vəzifələrinin yerinə yetirilməsində rayon və ərazi partiya təşkilatlarının da rolunun, onların mütəşəkkil, aktiv fəaliyyətinin vacibliyi qeyd edilib.

Sonra YAP-ın və rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya üzvünə Fəxri fərman təqdim edilib.

AZƏRTAC