DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “Dünyanın qayğısına qal
Sosial həyat

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “Dünyanın qayğısına qal" adlı layihənin təqdimatı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş "Dünyanın qayğısına qal" adlı layihə təqdim edilib. Tədbirdə hökumət rəsmiləri, Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri və b. iştirak edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilir ki, iştirakçılar layihə çərçivəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları olan həssas qruplara aid şəxslərin və Mərkəzin təlimçilərinin istifadəyə yararlı olmayan məhsullardan, eko və biomateriallardan hazırladıqları 50-dək əl işindən ibarət sərgi ilə tanış olublar.

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin mühüm istiqamətlərindən biri olaraq, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində mühüm addımların atıldığını vurğulayıb.

Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi əlilliyi olan şəxslərin, şəhid ailəsi üzvlərinin, digər həssas qruplardan olan insanların yaradıcılıq bacarıqlarının inkişafına və onların cəmiyyətə inteqrasiyasına dəstək məqsədinə xidmət edir. "Dünyanın qayğısına qal" adlı layihə çərçivəsində Mərkəzin benefisiarları və təlimçilərinin əl işlərindən ibarət sərgi və moda kolleksiyası, konsert proqramı nümayiş etdirilib.

Layihənin təşkilində məqsəd həssas əhali kateqoriyalarından olan şəxslərin "Yaşıl dünya naminə həmrəylik ili"nə töhfə olaraq ətraf mühitin yaxşılaşdırılması prosesində iştirakını təmin etmək, onların diqqətini ekoloji məsələlərə yönəltməkdir.

"Respublika".