Doğma yurd sakinlərini gözləyir
Sosial həyat

Doğma yurd sakinlərini gözləyir

Azərbaycan əsrlər boyu torpaqlarını itirməklə üz-üzə qalmış, ağrılı günlərdən keçmişdir. Torpaqlarımızda qondarma dövlətlər qurulmuş, millətimiz yadellilərin hakimiyyəti altında yaşamağa məcbur olmuş, hüquqları əlindən alınmışdır. Lakin bütün bunlara baxmayaraq, xalqımız hər zaman torpaqları uğrunda mübarizə aparmışdır.

Ötən əsr Azərbaycan tarixinin ən çətin dönəmləridir. Sərhədlərimizin cənub hissəsi farslara, qərb hissəsi isə haylara ərməğan edilmişdir. Bununla da ağrılı günlər başlamışdır. XX əsrin əvvəllərindən etibarən Qərbi azərbaycanlılar öz ata-baba yurdlarından köçürülmüş, deportasiya olunmuşlar. İnsanın öz doğma yurdundan didərgin düşməsi onun üçün əsl faciədir.

1988-ci ildə Qərbi Azərbaycandan zorla çıxarılan soydaşlarımıza dəstək olmaq üçün 1989-cu ildə "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyi yaradılıb. Təşkilat Qərbi azərbaycanlıların problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən soydaşlarımız barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur. İcmanın adı 2022-ci ildə dəyişdirilərək Qərbi Azərbaycan İcması adlandırılıb. Prezident İlham Əliyev dekabrın 24-də İcmanın bir qrup nümayəndəsi ilə görüşü zamanı Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması vəzifəsini qarşıya qoydu və bildirdi: "Bizim tarixi yaşayış yerlərinin bir çoxu, mütləq əksəriyyəti indi bomboşdur. Biz bunu bilirik. Biz öz keçmişimizi yaxşı bilirik. Qərbi Azərbaycandan olan hər bir insan öz ulu babalarının yaşadıqları yerləri yaxşı bilir. İndi müxtəlif yollarla bu informasiyanı əldə etmək olar. Azərbaycanlıların yaşadıqları yerlərin əksəriyyətində heç kim yaşamır. Ermənistanda bütövlükdə indi depopulyasiya dövrü hökm sürür. İnsanlar oradan gedir. Həm təbii artım yoxdur, eyni zamanda dözülməz siyasi vəziyyət, repressiyalar, faktiki olaraq diktatura və iqtisadi çətinliklər onları buna vadar edir. Bizim kəndlərimiz dağıdılır. Biz buna dözə bilmərik. Ona görə biz Qayıdış Konsepsiyası üzərində işləməliyik. Bu çox sanballı sənəd olmalıdır".

Konsepsiyanın əsas məqsədi Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmalarına şərait yaradılması və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsidir. İcma ötən illər ərzində soydaşlarımıza qarşı törədilmiş ədalətsizliyi qəbul etmir və bu ədalətsizliyin nəticələrini rədd edir. Konsepsiya qaçqın düşmüş Qərbi azərbaycanlıların könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıda bilmələri üçün hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşmanın əldə edilməsi, prosesin müvafiq təhlükəsizlik, humanitar, sosial-iqtisadi yardım proqramları ilə təminat altına alınması, qayıtmış əhalinin yenidən qovulması, ayrı-seçkilik həyata keçirilməsi və zərər vurulmasına imkan verməmək üçün beynəlxalq monitorinq, təhlükəsizlik, müdaxilə və digər zəruri fəaliyyətin bərqərar edilməsi və s. məsələləri nəzərdə tutur.

Şübhəsiz ki, Azərbaycan haqq mübarizəsində hər zaman olduğu kimi, yenə qalib gələcək. Qərbi Azərbaycandakı yurd yerləri bizi gözləyir.

Töhfə SƏMƏDOVA,

"Respublika".