Diplomat cildində
Siyasət

Diplomat cildində "küpəgirən qarı"

Afrikada məğlubiyyətə düçar olan, Cənubi Qafqazda azərbaycanofobiya və islamofobiya siyasəti aparan Fransa Ermənistanı yenidən militarizm və revanşizmə sövq etməkdə davam edir.

Artıq hər kəsə bəllidir ki, İkinci Qarabağ müharibəsindən 3 il keçməsinə baxmayaraq, Ermənistan və Azərbaycan arasında hələ də sülh müqaviləsinin bağlanmamasının səbəbkarlarından biri də Fransadır. Özünü İrəvanın müttəfiqi kimi göstərən Parisin bir "liliput" ölkə ilə əməkdaşlığının arxasında nələrin dayandığı da heç kəsə sirr deyil. Bu gedişlə yaxın zamanlarda Fransanın təhriki ilə Ermənistanın Yaxın Şərq ölkələrinin aqibətini yaşamağa çox yaxın olduğunu ehtimal etmək olar.

Bir zamanlar yalnız Rusiyanın əlaltsısı olan İrəvan, hazırda yürütdüyü dağınıq xarici siyasətlə ölkəni iri güclərin rəqabət meydanına çevirib. Elə bu səbəbdən bəzi ölkələr yaranan bu boşluğu dəyərləndirib və öz hərbi bazalarını bura gətirməkdə maraqlıdırlar.  Görünən odur ki, Qərb də bundan istifadə edib Rusiyaya qarşı Ermənistandan ikinci cəbhə açmaq istəyir.

Ermənistanı isə indiki məqamda əldə etməyin ən asan yolu Azərbaycanla olan münasibətləridir. Təbii ki, bu fürsəti əldən verməyən Fransa elə İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra anti-Azərbaycan mövqeyini daha da gücləndirib. Özünü Ermənistanın himayədarı ola biləcəyinə inandırmağa çalışan Emmanuel Makronun buna nail olduğunu da söyləmək olar. Artıq erməni xalqı da buna inanır və keçirilən sorğularda Fransaya meyillərin artdığı müşahidə olunur. Roma statutunun İrəvan parlamentində ratifikasiya edilməsi, Ermənistan silahlı qüvvələrini KTMT-nin təlimlərinə qatılmaması və Rusiya ilə qarşılıqlı söz davaları artıq Ermənistanın Qərbin ovucunda olmasını deməyə əsas verir. Lakin bu Ermənistana nə verəcək?

Oktyabrın 3-də Ermənistana səfər etmiş Fransa XİN rəhbəri Katrin Kolonna hər zaman olduğu kimi, bu səfər çərçivəsində də ölkəsinin region üçün heç də yaxşı gələcək arzulamadığını dolayı yolla dilə gətirib. O, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında Ermənistana hərbi yardım edəcəyini və bunun üçün attaşelər təsis edəcəyini açıqlayıb. Bundan başqa, Kolonna Qərbi Zəngəzurda konsulluğun açılacağını da qeyd edib. Qərəzli və ermənipərəst çıxışları ilə diqqətçəkən Paris rəsmisi regionda baş verən son hadisələrdə həyasızcasına Azərbaycanı ittiham etməkdən də çəkinməyib. 30 ilə yaxın müddətdə azərbaycanlıların öz doğma torpaqlarından güc yolu ilə kütləvi şəkildə qovulmasına, onlara qarşı müharibə cinayətləri və kütləvi qırğınlar törədilməsinə heç zaman səsi çıxmayan Kolonnanın "ermənilər Qarabağdan güc tətbiq olunmasına görə çıxdılar" deməklə bir növ özünü erməni xalqının "cəfakeş" nənəsi olduğunu göstərməyə çalışıb.

Əslində isə bu qoca qarının nə insanlıqdan, nə də humanistlikdən xəbəri var. Tutduğu bu cür mövqeyi ilə Katrin Kolonnanı ən yaxşı halda küpəgirən qarıya bənzətmək olar. Evlər yıxan, fitnə-fəsad quran, cilddən-cildə girən bu qarı ölkəsinin Afrikada törətdiyi soyqırımları, irqçiliklə dolu biabırçı tarixini, müstəmləkə siyasətini bir ovuc erməninin halına axıtdığı "timsah göz yaşları" altında gizlətməyə çalışır. Özünü Ermənistanda mələklər mələyi, gözəllər gözəli kimi göstərməyə cəhd edən Katrin nənə nə etsə də, qəlbindəki xainliyi, üzündəki çirkinliyi gizlədə bilmir.

Bu gün məğlub vəziyyətdə olan ermənilərin bu duruma düşməsində əsas səbəb hər zaman özləri haqqında uydurulan nağıllara inanması və xəyal dünyalarında "böyük Ermənistan" dövləti canlandırmaları olub. Lakin hələ də onlar bundan nəticə çıxara bilməyiblər. Hər səfərində hər hansısa bir ölkədən biri gəlir onlara vədlər verir, nəyəsə inandırır. Lakin iş nəticəyə gəldikdə olan ermənilərə olur. İndi də özünü Ermənistan xalqına "böyük ana" kimi sırıyan bu küpəgirən qarının baş rol aldığı nağılda qaynar qazana bu səfər erməniləri atacağı dəqiqdir.

Azərbaycanın 19-20 sentyabr tarixlərində həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində qondarma rejimin süquta uğramasını və ermənilərin bölgədən getməsini həzm edə bilməyən Fransanın heç bir əsas olmadan "insan hüquqları" kartını işə salmasının tək səbəbi baş verən hadisələri manipulyasiya etməklə beynəlxalq ictimaiyyəti çaşdırmağa yönəlib. Halbuki BMT, Beynəlxalq Qırmızı Xaç Komitəsi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və bir sıra beynəlxalq təşkilatlar Fransanın səsləndirdiyi mövqeyə əks açıqlamalar verib. Bu da bir daha onu isbat edir ki, Fransanın xarici və daxili siyasəti beynəlxalq hüququn dəyərləri ilə uzlaşmır. Qarabağın Azərbaycan ərazisi olduğunu 30 il əvvəl təsdiqləyən və erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən qətnamələrin altına imza atan bir ölkənin öz imzasına hörmətsizlik etməsi də heç bir məntiqə uyğun gəlmir. Üzərinə milyonlarla günahsız insanın qanı sıçradığı Fransa belə mövzularda Azərbaycana dərs keçməyə çalışmaqdansa öz çirkli tarixinə nəzər yetirib bu günahlardan yuyunmağın yollarını axtarmalıdır. Fransanın yaxın keçmişdə törətdiyi cinayətlər də artıq özünü təqib edir və ən ali orqan olan BMT-də bu əməllərə cavab verilməsi tələb olunur. Belə ki, Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun nəzdində fəaliyyət göstərən Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu İdarə Heyətinin üzvü Ella Tokoraqi BMT-də çıxışında bildirib ki, Fransa 1966-1974-cü illərdə 200-ə yaxın nüvə sınağının vurduğu zərərin maddi, ekoloji və sosial baxımdan kompensasiyası prosesinə hələ də başlamayıb: "Üstəlik, bu, dekolonizasiyaya dair qərar qəbul edilməsinə baxmayaraq, Fransa hakimiyyətinin buna hörmət etməməsinin sübutudur. Fransa ədaləti bərqərar edəcəyi və təzminat prosesinə başlayacağı təqdirdə bu ölkəni bağışlayacağıq. Biz Fransanı ədalətli mövqe tutmaq və ölkəmizin gələcəyi ilə bağlı vicdanlı dialoqda məsuliyyəti öz üzərinə götürməklə bağlı çağırışımızı bir daha bildirmək istəyirik", - deyə E.Tokoraqi qeyd edib. O, həmçinin xatırladıb ki, Fransa prezidenti Emmanuel Makron seçki kampaniyası zamanı müstəmləkəçilik siyasətini insanlığa qarşı cinayət adlandırıb: "Əlbəttə ki, bu, belədir".

Musa BAĞIRLI,

"Respublika".