Siyasət

"Demokratik" Fransanın neokolonialist siyasəti

Azərbaycan Vətən müharibəsində qələbə qazandıqdan sonra böyük güclər Qafqazda öz oyunlarını oynamağa başladılar. Ermənipərəst qüvvələr dedikdə ilk olaraq ağlımıza Fransa gəlir.

Torpaqlarımızın  işğaldan azad olunmasından sonra Fransa regionda birmənalı şəkildə ermənipərəst mövqe nümayiş etdirir. Əsas məqsədi Cənubi Qafqaza müdaxilə etmək olan Paris Ermənistandan çirkin planlarını həyata keçirmək üçün istifadə edir. Mövcud reallığı dərk etmək istəməyən ermənilər isə görünür ki, uğradıqları hərbi və siyasi məğlubiyyətdən nəticə çıxarmayıblar. Tarix boyu hansısa dövlətin himayəsində, kölgəsi altında qalmağı üstün tutan İrəvan indi də Fransanın qanadının altına sığınır. Paşinyan hakimiyyəti bu gün Fransaya qucaq açmaqla olmayan imicini bir az da yerlə-yeksan edir. Son zamanlarda da Fransanın ermənipərəst mövqeyi özünü bir daha təsdiqləyir. Bu gün Fransanın Ermənistanda yeni hərbi missiya yaratması Parisin açıq şəkildə Ermənistanı yeni müharibəyə hazırlamaq niyyətindən xəbər verir. Ermənistan başa düşmür ki, Fransanın regiondakı məsələlərə müdaxiləsi hansısa bir ölkəyə yaxşı heç nə vəd etmir. Öz işini özü həll edə bilməyən Ermənistan hökuməti neokolonialist siyasət yürüdən Fransayla münasibətləri üstün tutur.

Özünü demokratik ölkə kimi qələmə verən Fransa neokolonialist siyasəti nəticəsində müstəmləkə şəbəkəsinə daxil etdiyi Afrika ölkələrinə yaxşı heç nə gətirməyib. Əksinə Fransa müstəmləkəçiliyinin qurbanına çevrilənlər ən qəddar vasitələrlə ram edilməklə, insanlığa sığmayan mühafizəkar qanunlarla idarə olunub. Bundan başqa, həmin yerlərin təbii sərvətləri talanıb, etirazlar zor tətbiq edilməklə yatırılıb. Son vaxtlar  Seneqal, Niger, Kamerun və Mavritaniya kimi bir çox Afrika ölkələrində, xüsusilə də Əlcəzair və Ruandadakı daxili qarşıdurma və soyqırımlarında da məsuliyyət birbaşa Fransanın üzərinə düşür.

Sərhədlərindən çox-çox uzaqlarda yerləşən ərazilərə belə iddialarını davam etdirən rəsmi Paris müasir dövrdə də müstəmləkə siyasəti yürütməsi ilə seçilir. Qoşulmama Hərəkatı isə Azərbaycanın rəhbərliyi ilə Fransanın bu çirkin siyasətinə qarşı güclü müqavimət nümayiş etdirir. Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda nazirlər görüşündə söyləyib ki, "Özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır".

Fransada "azadlıq", "demokratiya", "insan hüquqları"ndan danışmağı çox xoşlayırlar. Amma ölkədəki vəziyyət tam əksini göstərir. Onlar gəlmələrə, özgə irqlərə, fərqli etiqadlara, xüsusilə də yerli müsəlmanlara açıq şəkildə ayrı-seçkilik siyasəti yürüdürlər. Bunları görməzdən gələn "Beşinci Respublika"nın başbilənləri başqa dövlətlərin daxili işlərinə qarışır, misal üçün Azərbaycanda həmin "insan haqlarının pozulmasından" dəm vurur. O biri yandan isə təcavüzkar Ermənistana dəstək verir. Bu, çox absurddur.

Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin Qoşulmama Hərəkatının "Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması" mövzusunda konfransın iştirakçılarına ünvanladığı müraciətdə qeyd etmişdir: "Sədrliyimiz dövründə Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində də mühüm addımlar atılmışdı. Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Qoşulmama Hərəkatının Gənclər Təşkilatı təsis edilmişdir. Bu ilin iyul ayında Hərəkatın Bakıda keçirilmiş konfransı zamanı Qoşulmama Hərəkatının Qadınlar Platformasının yaradılması təklifi tərəfindən irəli sürülmüşdür".

Özünün siyasi riyakarlığı, ikiüzlülüyü və beynəlxalq hüquqa hörmətsizliyi ilə "bacısı" Ermənistanı da geridə qoyan Fransa bir daha anlamalıdır ki, Azərbaycanın öz suveren ərazilərində Ermənistanın 30 illik işğalına son qoyması, ölkəmizin ərazi bütövlüyü və suverenliyini bərpa etmək məqsədilə həyata keçirdiyi antiterror tədbirləri beynəlxalq hüquqla təsbitlənən legitim haqqımızdır. Nə Ermənistan, nə də Fransa Azərbaycana heç bir formada təzyiq göstərə bilməz.

Röya RÜSTƏMLİ,

"Respublika".