Davamlı iqtisadi inkişaf güclü dövlətin dayağıdır
İQTİSADİYYAT

Davamlı iqtisadi inkişaf güclü dövlətin dayağıdır

Son illərin göstəricilərindən də məlum olduğu kimi, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyada nüfuzu durmadan artan Azərbaycan regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmişdir. Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir. Bu nailiyyətlərin əldə olunmasında regionların sosial-iqtisadi inkişafını təmin edən Dövlət proqramlarının müstəsna rolu danılmazdır. 2004-cü ildən etibarən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurla reallaşdırılması bölgələrin inkişafı və iqtisadi güc amilinə çevrilməsinə, ölkənin potensialının artmasına əsaslı şərait yaratmışdır.

Azərbaycanda real ÜDM-in həcmi üç dəfədən çox artmış, dövlətimiz Cənubi Qafqaz üzrə əlavə dəyərin 70 faizindən çox hissəsinə sahib olmaqla regionun lider dövləti kimi mövqeyini gücləndirmişdir. Bununla yanaşı, neft gəlirlərinin qeyri-neft sektoruna yönəldilməsi, yeni istehsal sahələrinin və iş yerlərinin açılması, istehsal, nəqliyyat və kommunal infrastrukturun misli görünməmiş miqyasda inkişaf etdirilməsi, müasir sosial infrastruktur müəssisələrinin yaradılması bu dövrdə bütövlükdə ölkəmizin dinamik və dayanıqlı yüksəlişinin əsasını təşkil etmişdir. Azərbaycanda iqtisadiyyatın əsasının qeyri-neft sektorunun təşkil etməsi bu sektorun dinamik inkişafına, ölkə iqtisadiyyatının diversifikasiyasına yönəldilmiş siyasətin nəticəsidir. Qeyd etmək yerinə düşər ki, Beynəlxalq Valyuta Fondunun 2021-ci il üzrə "Dünyanın iqtisadi məzənnəsi" adlı hesabatında göstərilib ki, Azərbaycanın ÜDM-i 2023-cü ildə 2,6 faiz proqnozlaşdırılır. Ötən ildə ÜDM 2021-ci ilə nisbətən 4,6 faiz artaraq 133 milyard 825,8 milyon manat, qeyri-neft-qaz sektorunda isə 9,1 faiz artaraq 69 milyard 826 milyon manat təşkil edib. Dünya Bankının 2023-cü il üçün "Qlobal İqtisadi Perspektivlər" hesabatına əsasən, Azərbaycan üzrə verilən proqnozlarda real ÜDM-in artım tempi müsbət olaraq qalır. Bu il Azərbaycan iqtisadiyyatında artım dünya ilə müqayisədə 1.1 faiz, ECA (Avropa və Mərkəzi Asiya) regionu ilə müqayisədə isə 2.7 faiz daha yüksək olacaq. Qeyd edilən əsaslar artıq Azərbaycanın orta yüksək gəlirli statuslu ölkələr sırasında olmasından xəbər verir. Bununla yanaşı, göstəricilərə əsasən Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 2,2 faiz, sonrakı müddətdə isə 29,7 faiz artıb. Digər tərəfdən, xarici və daxili iqtisadiyyatımızın müstəqilliyi fonunda Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı ofisinin iyun ayının sonlarından etibarən bağlanması ölkəmizin iqtisadi asılılığının olmadığını göstərir. Üstəlik dövlətimiz 2005-ci ildən Beynəlxalq Valyuta Fondundan kredit alışını dayandırıb, həmin tarixdən bəri Fonddan heç bir maddi yardım istəməyib. Bu isə Azərbaycanın kifayət qədər xarici valyuta depozitinə sahib olması ilə bağlıdır.

Azərbaycanın iqtisadi inkişafı çərçivəsində 2025-ci ilədək xarici borc səviyyəsinin minimum həddə qədər azaldılması nəzərdə tutulur. Bununla yanaşı, ümumi dövlət borcunun, həm də xarici borcun səviyyəsinin aşağıya düşməsi proqnozlaşdırılır. 2025-ci ilədək Azərbaycanın xarici dövlət borcunun 6,5 milyard dollar səviyyəsindən aşağı olacağı proqnozlaşdırılır. Xarici borcun ÜDM-də səviyyəsi 2025-ci ildə indiki səviyyə ilə müqayisədə faiz nisbətində 2 dəfəyə yaxın azalacaq. Eyni zamanda, xarici dövlət borcunun xidmət xərclərinin azaldılması da əsas hədəflərdən biridir. Bu barədə ölkə başçımız bu ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib: "Biz xarici dövlət borcunun idarə edilməsi istiqamətində də öz işimizi mənim bir neçə il bundan əvvəl verdiyim tapşırıqlar əsasında qurmuşduq. Mən bir neçə il bundan əvvəl demişdim ki, biz qarşıya hədəf qoymalıyıq və qoymuşduq ki, xarici dövlət borcumuz ümumi daxili məhsulumuzun 10 faizinin altında olsun, o səviyyədə olsun. Biz artıq bu hədəfə də çatdıq. Mütləq rəqəmlərdə bizim borcumuz cəmi 6,7 milyard dollardır və bu da ümumi daxili məhsulumuzun təxminən 10 faizini təşkil edir. Əlbəttə ki, ümumi daxili məhsulumuzun son rəqəmləri ilin sonunda hesablanacaq. Ancaq indi də proqnoz vermək mümkündür. Birinci altı ayda ümumi daxili məhsul 60 milyard manatdan çox təşkil etmişdir".

Qeyd edək ki, pandemiya dövründə dövlət gəlirlərinin azalmasına baxmayaraq, dövlət iş yerlərinin və səhiyyənin qorunması, habelə iqtisadi inkişafı təmin etmək məqsədilə ümumi daxili məhsulun 3 faizi həcmində maliyyə vəsaiti ayırmışdır. Pandemiyanın gətirdiyi çətinlik və iqtisadi sabitliyin təmin edilməsi, işsizlik probleminin həlli məqsədilə 2 milyard dollar həcmində iqtisadi-sosial yardım paketi təqdim edilmişdir. Sosial dəstək tədbirləri təqribən 5 milyon vətəndaşı əhatə etmişdir.

Ölkəmizin "Davamlı inkişaf hesabatı - 2020" sənədində dünyanın 166 ölkəsi arasında "Dayanıqlı İnkişaf Hədəfləri İndeksi" üzrə 54-cü pillədə qərarlaşması iqtisadi və sosial çərçivədə atılan uğurlu addımların bəhrəsidir. Əldə edilən nailiyyətlər Azərbaycanın inkişafı üçün əlverişli zəmin yaradır. Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatların nəticəsidir ki, Azərbaycan özünü heç bir xarici borcun əsasında formalaşdırmağa ehtiyac duymur. Hazırda Azərbaycanın yerli məhsullarının ixrac coğrafiyasını genişləndirmək imkanları var və bu istiqamətdə adekvat addımlar atılır. Burada əsas məqsəd rəqabətqabiliyyətli və yüksək keyfiyyət standartlarına malik yerli məhsulların "Made in Azerbaijan" brendi adı altında xarici bazarlara çıxışını genişləndirməkdir.

Nurlan ABDALOV,

"Respublika".