COP29: Fransanın iddialarına tutarlı cavab
Siyasət

COP29: Fransanın iddialarına tutarlı cavab

Ölkəmizin davamlı inkişafı onun beynəlxalq arenada gücünün və nüfuzunun artmasına təkan verir. Tərəfdaş dövlətlər daim irəliyə gedən partnyor istəyirlər. Azərbaycan da olduqca etibarlı tərəfdaşdır. Neft-qaz sahəsində əldə edilən uğurlar ölkəmizin cəlbediciliyini artırır.

Ötən il Dubayda baş tutan və BMT-nin ən böyük konfranslarından biri olan COP28-in yekunlarında Azərbaycan növbəti dönəm üçün ev sahibliyinə öz namizədliyini irəli sürüb. Vaxtilə işğal altında qalan ərazilərdə davamlı olaraq ekoloji terrorlar törədən, zərərli maddələri, tullantıları çaylara axıdan və global çağırışlara səssiz qalan Ermənistandan da "gözlənilməz" hərəkət müşahidə olundu. Belə ki, Qərb sevdalısı qonşumuz COP29 üçün etibarlı və təhlükəsiz məkan ola biləcəyi vədlərini verərək namizədliyini irəli sürdü. Davam edən müzakirələrdə Ermənistan rəsmiləri "xoş niyyətlərini" nümayiş etdirərək namizədliklərini geri çəkiblər. Müsyö Jordanın həmyerliləri papadan çox katolik olub ermənilərə görə özlərini qurban verməyə də hazırdırlar. Burada baş qəhrəmanlardan biri də məhz Fransa KİV-dir. Mətbuat orqanları bütün gün heç yorulmadan əsassız iddialarla Azərbaycan haqqında geniş məqalələr, uydurma məlumatlarla yazılar dərc edirlər. Maraqlısı da odur ki, dövlətimiz COP29 üçün namizədliyini irəli sürən zaman heç bir dövlət, xüsusilə də Ermənistanın yol yoldaşları etiraz etməmiş, Azərbaycanın əleyhinə səs verməmişdilər. Əksinə yekdilliklə bu qərarı dəstəkləmişdilər. Amma nədənsə indi yadlarına düşüb ki, bəs sən demə Azərbaycan neft ölkəsi imiş və bu kimi tədbirlərə ev sahibliyi edə bilməzmiş. Çünki elə özünün yaratdığı zərərli tullantılar ətraf mühitə ziyan vururmuş. Hər kəsə məlumdur ki, Fransa hər zaman addım atanda yüz ölçüb bir biçir və öz xeyrinə olan variantı seçir, marağında olmayan bir bölgə üçün can atmır. Buna görə də rəsmi Parisin ikili davranışları heç də qəbuledilən deyil.

Yelisey sarayının mötəbər media orqanlarından biri olan "France 24"də "COP29-a ev sahibliyi edən Azərbaycanda təbii qaz sıçrayışları baş verir" başlığı altında yazı dərc olunub. Orada bildirilir ki, karbohidrogen ehtiyatları ilə zəngin olan keçmiş sovet respublikası qlobal istiləşməyə nəzarət cəhdlərinin əksinə, növbəti 10 il ərzində qaz hasilatını 35 faiz artırmaq niyyətindədir: "OPEC+"ın üzvü olan ölkə iqtisadiyyatının yarısını təşkil edən karbohidrogenlərlə uzun tarixə malikdir. Araşdırmalara görə, 2030-cu illərdə qazın ölkədəki qalıq yanacaq istehsalının yarısından çoxunu təşkil edəcəyi gözlənilir. Onun Türkiyə, Avropa, Gürcüstan və İrana ixracı 2015-ci ildən bəri artıq üç dəfə artıb".

Düzdür, günümüzdə dekarbonizasiya məsələlərinin aktuallığı heç vaxt olmadığı qədər artıb. Lakin Avropa mediasının ikili standartlara əsaslanan bu məqaləsi necə deyərlər, sözün birini deyib, digərini gizlətməkdir. Azərbaycan nefti təkcə regionda deyil, həm də Avropaya ixrac olunur. Növbəti illərdə həcminin bir neçə dəfə artırılmasının hədəf kimi qarşıya qoyulması isə sadə məntiqə əsasən gözləniləndir. Çünki Odlar Yurdu "qara qızıl"la olduqca zəngindir. Lakin bu ona əsas vermir ki, ixrac olunan məhsula görə ətraf mühit kirlənsin. Azərbaycan məsuliyyətli bir dövlət kimi, müvafiq istiqamətlərdə öz fəaliyyətlərini qlobal çağırışlara adekvat qurur. Respublikamız neft istehsalı sahəsində nə qədər regionda aktor rolunu oynasa da, sıfır emissiyasız fəaliyyəti hədəfləyib və bu sahədə qlobal tərəfdaşlığa öz töhfələrini verir. Rəsmilərin açıqlamalarına əsasən, ölkəmizdə həyata keçirilən layihələr nəticəsində ötən il ərzində atmosferə atılan 1 milyard kubmetr qaz yığılaraq əhalinin istifadəsinə yönəldilib. Şübhəsiz ki, görülən bu işlər dünya nəhənglərinin də diqqət mərkəzindədir. Belə ki, SOCAR-ın vasitəsilə səmt qazının azaldılması tədbirləri Dünya Bankının Ekspert Şurası tərəfindən bir neçə dəfə ali mükafata layiq görülüb. Hazırda neft hasilatı zamanı səmt qazının emissiyası göstəricilərinin aşağı olmasına görə Avropa İttifaqına neft ixrac edən əsas 10 ölkə arasında Azərbaycan birinci yeri tutur. Bundan başqa, ötən il baş tutan COP28 konfransı çərçivəsində keçirilən tədbirlərdə SOCAR-ın prezidenti Rövşən Nəcəf bütün neft-qaz əməliyyatlarında 2030-cu ilə qədər normal hasilat prosesində məşəldə yandırmaların sıfıra endirilməsinin, 2022-ci il baza dövrü ilə müqayisədə 2035-ci ilə qədər "Sıfır metan" hədəfinə yaxınlaşmanın və 2050-ci ilə qədər "Xalis sıfır" hədəflərinə çatmağın əsas məqsədlərdən biri olduğunu bildirib.

Töhfə SƏMƏDOVA,

"Respublika".