Ceyhun Bayramov: Azad olunmuş ərazilərimizdə mina təhdidi məsələsi beynəlxalq təşkilatların gündəliyində saxlanılmalıdır
Siyasət

Ceyhun Bayramov: Azad olunmuş ərazilərimizdə mina təhdidi məsələsi beynəlxalq təşkilatların gündəliyində saxlanılmalıdır

30 il ərzində Azərbaycan diplomatiyasının qarşısında duran ən əsas məqsədlərdən biri ölkəmizə qarşı aqressiya, işğal, etnik təmizləmə siyasətini beynəlxalq təşkilatlara, dünya dövlətlərinin, böyük güclərin önündə israrlı şəkildə qaldırmaq, bunu beynəlxalq təşkilatların gündəliyindən çıxarılmasına yol verməmək, onun hüquqi təməlini və bazasını gücləndirmək idi. Bu günün özünün tələbləri, reallıqları mövcuddur. Biz bunları yaxşı anlayıb dərk etməliyik və öz fəaliyyətimizdə rəhbər tutmalıyıq. 
"Respublika" xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Ağdam şəhərindəki Konfrans Mərkəzində keçirilən “Ağdamın dirçəlişi” adlı tədbirdə deyib. 
“Qarabağın dirçəldilməsi üçün aparılan işlərə dost dövlətlərin şirkətlərinin cəlb edilməsi, dünyada mövcud olan ən müasir, yeni texnologiyalar barədə məlumatların əldə edilməsi, ölkəmizdə olan müvafiq həmkar qurumlara onların ötürülməsi, ən ciddi problem olan mina təhdidi məsələsinin beynəlxalq qurumların və təşkilatların gündəliyində saxlanılması, günahkarların ifşa edilməsi, Azərbaycana yardımların artırılması və nəhayət, ən müasir texnologiyaların ölkəmizə cəlb edilməsi istiqamətində işlərimiz davam etməlidir. Burada gördüyümüz dağıntıların, çoxsaylı hərbi cinayətlərin də günahkarları var. Bizim bu istiqamətdə başladığımız işlər tam gücü ilə davam etməlidir. Cavabdehlər öz cəzalarını almalıdırlar. Bunun cəzası bilinməlidir və verilməlidir”, - deyə xarici işlər naziri vurğulayıb.