Yeni dünya nizamı: ölkəmizin artan nüfuzu
Siyasət

Yeni dünya nizamı: ölkəmizin artan nüfuzu

Qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-ABŞ tərəfdaşlığı milli maraqlara xidmət edir

"Bu gün biz bir sıra sahələrdə qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ABŞ ilə əlaqələrimizi daha da genişləndirmək əzmindəyik". Bu sözlər Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik Günü münasibətilə Prezident Cozef Baydenə ünvanladığı təbrik məktubunda yer alıb. Məktubda: "Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-ABŞ tərəfdaşlığının inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylərimizi dövlətlərimizin maraqları və xalqlarımızın mənafeyi naminə bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik", - deyə vurğulanıb.

Son illər müstəqil Azərbaycanın dünyanın sivil, demokratik dövlətləri, o cümlədən planetimizin super gücü olan Amerika Birləşmiş Ştatları ilə qarşılıqlı inam və etimad əsasında əməkdaşlığı genişlənməkdə davam edir. Azərbaycan Prezidenti İlham Əliyevin müdrik liderliyi çağdaş dünya birliyində uğurlu dövlət idarəçiliyi modeli kimi qəbul edilir və ölkəmizə adekvat münasibət nümayiş etdirilir. Azərbaycanla ABŞ arasında tərəfdaşlıq bərabərlik, qarşılıqlı hörmətə və enerji təhlükəsizliyi, sülhməramlı əməliyyatlar, terrorla mübarizə və digər sahələr daxil olmaqla uğurlu əməkdaşlıq tarixçəsinə əsaslanır. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında indiyə qədər 86 sənəd imzalanıb və genişmiqyaslı əməkdaşlıq üçün müvafiq normativ-hüquqi baza yaradılıb.

Ölkəmizin xarici siyasət prioritetləri arasında ABŞ-la münasibətlər mühüm yer tutur. ABŞ Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanımış, diplomatik münasibətlər 28 fevral 1992-ci ildə qurulmuşdur. Azərbaycanın ABŞ-da səfirliyi 6 mart 1992-ci ildən, ABŞ-ın Azərbaycanda səfirliyi isə 16 mart 1992-ci ildən fəaliyyət göstərir. Azərbaycanın Los-Anceles şəhərində Baş Konsulluğu 9 avqust 2005-ci il tarixində təsis olunmuşdur. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yaranan bu əlaqələr yeni mərhələyə yüksəlmişdir. Bu münasibətlər ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif sferalarını əhatə etməklə, hər iki dövlətin mili maraqlarına cavab verməkdədir. 1993-cü ildən etibarən yüksək səviyyəli qarşılıqlı səfərlər və beynəlxalq təşkilatlar çərçivəsində görüşlər olmuşdur. ABŞ-a ilk rəsmi səfər 1997-ci ildə Prezident Heydər Əliyev tərəfindən həyata keçirilmişdir. ABŞ Prezidenti Bill Klintonun dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin bu ölkəyə səfəri ABŞ-Azərbaycan münasibətlərinin zirvəsi hesab olunur. Səfər ikitərəfli münasibətləri, regional vəziyyəti, qarşılıqlı maraq doğuran beynəlxalq münasibətləri, iki ölkə arasında energetika sahəsində yüksək nəticələr verən əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün böyük imkan yaradırdı. Ağ Evdə, Dövlət Departamentində və digər təşkilatlarda ən yüksək səviyyələrdə keçirilən görüşlərdə və aparılan çoxsaylı danışıqlarda ABŞ dövlət strukturlarının və iş adamlarının Azərbaycana maraqlarının artması bir daha təsdiq olunub. Azərbaycan Prezidenti Heydər Əliyevin ABŞ Prezidenti Bill Klinton ilə görüşün nəticəsi olaraq vacib rəsmi sənədlərin imzalanması ölkələrimiz arasındakı münasibətlərin yeni, əsl əməkdaşlıq səviyyəsinə yüksələrək, müstəqil Azərbaycan Respublikasının tarixinə mühüm hadisə kimi həkk olunub.

Azərbaycanla ABŞ arsında müdafiə və təhlükəsizlik sahələrində də əməkdaşlıq durmadan inkişaf edir. Belə ki, 31 iyul 1997-ci il tarixli "Azərbaycan Respublikası ilə ABŞ arasında müdafiə və hərbi sahələrdə gələcək münasibətlərə dair Birgə Bəyanat" və 30 iyun 2000-ci il tarixli "Azərbaycan Respublikası ilə ABŞ arasında müdafiə və hərbi sahələrdə əməkdaşlığa dair Birgə Bəyanat" ikitərəfli hərbi əlaqələrin inkişafına təkan verib. 2010-cu ildə Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında təşkilatın Baş Məclisinin 65-ci sessiyasında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevin və Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamanın görüşündə ölkəmizlə ABŞ arasında strateji əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub. ABŞ Prezidenti ölkə başçımızın liderlik rolunu qeyd edərək Azərbaycanın regionda ən çox uğurlar qazanan və ən nüfuzlu ölkələrdən biri olduğunu vurğulayıb. 2016-cı ildə Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri də faydalı əməkdaşlığın nümunələrindəndir. Bu mənada cənab Prezidentin ABŞ səfərini xüsusi vurğulamaq lazımdır. Birləşmiş Ştatların dövlət başçısı Barak Obamanın dəvəti ilə Prezident İlham Əliyevin Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün ABŞ-a səfər etməsi və burada yüksək səviyyəli dövlət rəsmiləri ilə görüşlər keçirməsi, mühüm müzakirələr aparması bu reallığı bir daha nümayiş etdirir.

Dünyanın super dövləti olaraq ABŞ-la münasibətlərin normal səviyyəyə qaldırılması işində əlbəttə ki, ölkəmizin demokratik dünyaya inteqrasiyası istiqamətində atdığı davamlı addımlar mühüm rol oynamışdır. Digər tərəfdən, ölkəmizin Avropanın enerji təchizatı sahəsində əhəmiyyətli rolu da Azərbaycanla ABŞ arasındakı münasibətləri dərinləşdirən faktorlardandır. 1994-cü ildə bağlanmış "Əsrin müqaviləsi"ndə və digər neft-qaz kontraktlarında xeyli sayda ABŞ şirkəti təmsil olunub. 2017-ci ildə "Azəri", "Çıraq" və "Günəşli" yatağının dərinsulu hissəsinin birgə işlənməsinin 2050-ci ilədək uzadılmasına dair yenilənmiş Hasilatın Pay Bölgüsü (HPB) sazişində "Şevron" və "Ekson" şirkətləri yer alıb. ABŞ Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsini dəstəkləyib, Cənub Qaz Dəhlizinə qətiyyətlə sadiq olduğunu və layihənin tamamlanması üçün Azərbaycan və onun beynəlxalq tərəfdaşlarının səylərini dəstəklədiyini dəfələrlə bildirib.

Azərbaycanla ABŞ arasında iqtisadi əlaqələr daim yüksələn xətt üzrə inkişaf edir. Ötən ilin məlumatına görə, Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən böyük ticarət tərəfdaşıdır. Regionda birbaşa xarici sərmayələr ən çox Azərbaycana yatırılıb (14 milyard ABŞ dollarından çox). Azərbaycanın Dövlət Neft Fondu ABŞ-ın maliyyə təşkilatları və fondları ilə sıx əməkdaşlıq edərək qiymətli kağızlar və daşınmaz əmlak bazarına təxminən 7,6 milyard ABŞ dolları sərmayə yatırıb, Azərbaycanda 300-dən çox Amerika şirkəti qeydiyyatdan keçib.

Azərbaycan müasir demokratiya və azad bazar iqtisadiyyatı yolu ilə gedir. ABŞ bu məqsədləri tam dəstəkləyir. Azərbaycan Birləşmiş Ştatların ən etibarlı tərəfdaşlarından biridir və ölkələrimiz siyasi, iqtisadi, təhlükəsizlik məsələlərində eyni mövqedən çıxış edirlər. Azərbaycanın etibarlı tərəfdaş olması, gündən-günə daha da güclənməsi, daxili və xarici siyasətini daim qlobal çağırışların tələbləri çərçivəsində yeni meyarlarla zənginləşdirməsi və Cənubi Qafqazın aparıcı dövləti kimi regionu qarşıdurma deyil, əməkdaşlıq məkanına çevirmə istiqamətində mühüm diplomatik-siyasi səylərini əsirgəməməsi ABŞ-ın diqqətini cəlb edir. Bu reallığı ifadə edən Amerikanın dövlət xadimləri, siyasətçiləri və ekspertləri Amerika üçün ölkəmizin, hətta inkişaf etmiş Avropa dövlətlərindən daha etibarlı tərəfdaş, müttəfiq olduğunu qeyd edirlər. Onların qənaətinə görə, yaxın gələcəkdə ABŞ-ın regiondakı ən yaxın müttəfiqi Azərbaycan olacaqdır.

ABŞ Prezident İlham Əliyevin liderliyi ilə İkinci Qarabağ müharibəsində xalqımızın qazandığı parlaq qələbədən sonra regionda yaranmış yeni reallıqları təqdir edir. Rəsmi Vaşinqton Azərbaycan və Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsini müsbət qarşılayır və bunun bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcəyi qənaətindədir. Hazırkı dövrdə cərəyan edən proseslərin mürəkkəb xarakterini nəzərə almaqla, Amerikanın Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq etməsi Azərbaycan diplomatiyasının böyük uğurudur. 27-29 iyun 2023-cü il tarixində ABŞ Dövlət Departamentinin evsahibliyi ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində sayca ikinci, növbəti danışıqlar aparılıb. Vaşinqtonda nazirlər ABŞ-ın dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi və milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər. Qeyd edək ki, nazirlər və onların heyətləri arasında "Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında ikitərəfli Saziş" layihəsi üzrə danışıqlarda irəliləyişə nail olunub. Saziş layihəsinin əlavə maddələri üzrə razılıq əldə edilib və qarşılıqlı anlaşmaya doğru addım atılıb. Eyni zamanda, bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu qeyd edilib. ABŞ Azərbaycanla Ermənistan arasında gedən sülh sazişi üzrə danışıqları proqressiv qiymətləndirir. Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə ünvanladığı təbrik məktubunda vurğulayıb: "Hazırda Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün əlverişli şərait formalaşmışdır. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsinin hazırlanması prosesində ABŞ-ın səylərini yüksək qiymətləndiririk".

Amerika Birləşmiş Ştatları Azərbaycanın regionda yaratdığı reallıqları, eyni zamanda dövlətimizin müstəqilliyini və suverenliyini dəstəkləyir. Bu, ABŞ-ın ölkəmizlə münasibətlərə verdiyi yüksək önəmdən və Azərbaycanın Cənubi Qafqazdakı aparıcı mövqeyindən, qarşıdan gələn illərdə və onilliklərdə ABŞ-ın Azərbaycanla münasibətləri daha da genişləndirmək niyyətində olmasından xəbər verir.

Mustafa KAMAL,

"Respublika".