Ceyhun Bayramov ABŞ-ın yeni səfiri ilə regiondakı mövcud vəziyyəti müzakirə edib
Siyasət

Ceyhun Bayramov ABŞ-ın yeni səfiri ilə regiondakı mövcud vəziyyəti müzakirə edib

Dekabrın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın ölkəmizə yeni təyin olunmuş səfiri Mark Libbi ilə görüşüb.

"Respublika" xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüş zamanı səfir Mark Libbi etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, regionda mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub.

Azərbaycanla ABŞ arasında bir sıra istiqamətlərdə tarixi əməkdaşlıq münasibətlərinin əhəmiyyəti və qarşılıqlı maraqlar çərçivəsində ikitərəfli münasibətlərin inkişafının vacibliyi qeyd olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğunu vurğulayıb.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.