Cənubi Qafqazın “mülki missiyalı qonaqları”
Siyasət

Cənubi Qafqazın “mülki missiyalı qonaqları”

Avropa İttifaqının müşahidə missiyası bölgəyə gətirilməklə sülh ətrafında manipulyasiya edilir

Avropa İttifaqı fevralın 20-də Ermənistan-Azərbaycan şərti sərhədinə yeni müşahidəçi missiya göndərib. Lakin budəfəki müşahidəçilər gələr-gəlməz Ermənistan tərəfindən fevralın 21-də saat 20:45-dən fevralın 22-si saat 01:20-dək Azərbaycan Ordusunun mövqeləri 15 dəfə atəşə tutulub.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı və Vedi rayonunun Birəli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətlərində yerləşən mövqelərini snayper tüfəngindən və müxtəlif çaplı digər atıcı silahlardan fasilələrlə atəşə tutub. Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu istiqamətlərində yerləşən mövqeləri də atəşə məruz qalıb. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Ekspertlərin fikrincə, Ermənistan tərəfi atəşkəsi pozmaqla Azərbaycan Ordusunun döyüş mövqelərini və yerləşdiyi əraziləri müəyyən etməyə çalışır. Göründüyü kimi, regionun terrorçu dövləti 90-cı illərin əvvəlindən bu günə qədər Cənubi Qafqazda təhlükəsizlik və sülhə mane olmaq üçün hər vasitəyə əl atır. Avropa İttifaqının müşahidə heyətinin gəlməsindən bir gün sonra şərti sərhəddə belə bir hadisənin baş verməsi ondan xəbər verir ki, qərblilər həmişə olduğu kimi, iki ölkə arasında baş verən münaqişədə işğalçıların tərəfini saxlayır. Xatırladaq ki, ikinci dəfə Ermənistana göndərilən missiyanın tərkibi daha genişdir və rəsmi Bakı ilə bu haqda razılıq əldə olunmayıb. Aİ-nin Ermənistan ərazisində monitorinq fəaliyyəti 6 oktyabr 2022-ci il tarixində Azərbaycan, Ermənistan, Fransa liderləri və Aİ Şurasının prezidenti arasında keçirilmiş Praqa görüşündə əldə olunmuş razılaşmaya əsasən başlayıb. Azərbaycan o zaman normallaşma prosesinə kömək göstərəcəyinə inanaraq, bu fəaliyyətin həyata keçirilməsinə razılıq vermişdi. Aİ-nin Monitorinq Missiyasının (EUMCAP) fəaliyyəti 2022-ci il oktyabrın 20-də   Ermənistanda başlamış, dekabrın 19-da tamamlanmışdı. Monitorinq başa çatdıqdan sonra Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrellin bildirmişdi ki, Aİ Ermənistana uzunmüddətli missiya göndərməyə qərar verib.

Təbii ki, qərbin bu qərəzli oyununda Fransanın payı böyükdür və Avropa İttifaqı üzərindəki təsirindən istifadə edərək Cənubi Qafqazdakı maraqlarını həyata keçirməyə çalışır. Cənubi Qafqaza, Azərbaycan-Ermənistan sərhədi adlanan ərazilərə monitorinq missiyası göndərən Avropa İttifaqına əvvəlcə sual vermək lazımdır ki, bu sərhəd haradan keçir və bunu kim müəyyən edib. Azərbaycan 44 günlük müharibə başa çatdıqdan sonra qarşı tərəfə göndərdiyi 5 baza prinsipindən ibarət sülh paketini təqdim etdiyi halda, Ermənistan konstruktiv addım atmır. Təqdim olunmuş sülh paketində sərhədlərin delimitasiya və demarkasiyası da nəzərə alınıb. Lakin regionun separatçı  və terror dövləti qərbdəki icma və lobbilərindən istifadə etməklə sülh prosesini uzatmağa və  yeni qarşıdurmaya meydan açır. Ermənistanı cürətləndirən, Cənubi Qafqazda sülhə maneəçilik törədən dövlətlərdən biri də Avropadakı "bacısı" Fransadır. Bu dövlət ATƏT-in keçmiş həmsədr olduğu dövrdə də Azərbaycana qarşı qərəzli mövqe ortaya qoyub. Avropa İttifaqı enerji təhlükəsi ilə üzbəüz olduğu bir zamanda bir tərəfdən Azərbaycanla enerji sahəsində Saziş imzalayır, digər tərəfdən də rəsmi Bakının maraqlarını nəzərə almadan işğalçı dövlətə müşahidəçi missiya göndərir. Bəs nəyə görə qərbin aparıcı qurumu 30 il ərzində Azərbaycanda belə monitorinqlər təşkil etmədi? Təbii ki, cavab sadədir: ikili standartlar... Azərbaycan Avropa İttifaqının missiyasının Ermənistana göndərilməsindən narazıdır, Prezident İlham Əliyev bəyan edib ki, Aİ bu addımıyla təhlükəsizliyə töhfə vermir, Ermənistanla Aİ Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə aparılan danışıqları şübhə altına qoyur.

Qərb ilə Rusiya və İranın qarşı-qarşıya olduğu bir zamanda regiona göndərilən missionerlərə etiraz etməmələri başqa bir təəccüb doğuran məsələdir. Moskva müəyyən səviyyədə buna etiraz etsə də İran hələ ki, susur. Nəzər alsaq ki, müşahidəçi missionerlərin tərkibi əvvəlkinə baxanda daha genişdir və müəyyən sayda kəşfiyyatçılardan ibarətdir və bu da Tehranı narahat etməlidir. Ancaq məsələ Ermənistanın maraqları ilə bağlı olduğundan cənub qonşumuz ağzına su alıb. İkinci Qarabağ müharibəsindən sonra çox keçmədən Azərbaycana qarşı qısqanclığını açıq-aşkar ortaya qoyan İran bunun səbəbi kimi İsrail kartından istifadə etməklə və hər cür vasitə ilə Bakını ittiham edirdi ki, İsrail ordusu  Azərbaycan-İran sərhədində yerləşdirilib. Zaman keçdikcə Azərbaycana düşmən mövqe tutan ölkələrin iç üzü ortaya çıxır. Əslində, daha da aydın olur ki, İranın timsalında Azərbaycana qarşı olan ölkələrin tək dərdi günü-gündən güclənən və inkişaf edən ölkəmizin qarşısını kəsməyə çalışmalarıdır.

Musa BAĞIRLI,

"Respublika".