Cənubi Qafqazda uzunmüddətli sülh yaranacaq
Digər xəbərlər

Cənubi Qafqazda uzunmüddətli sülh yaranacaq

Azərbaycanımızın əldə etdiyi qələbələr hər birimizə qürurverici anlar yaşadır. Bu günlərdə "Tovuz Aqro" MMC-nin direktoru Şadkamal Hüseynovla həmsöhbət olduq. Müsahibim bildirdi ki, uzun illər Cənubi Qafqazda "ərköyünlük" edən ermənilər heç vaxt zənn etmirdilər ki, onların özbaşınalığına nə vaxtsa son qoyulacaq. Sözsüz ki, ermənilərin arxasında daim erməni xislətli ölkələr dayanıb. Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında ərazi bütövlüyünün təmin olunması, torpaqlarının işğalına son qoyulması, o yerlərin əsl sakinlərinin doğma vətənlərinə qayıtmaları üçün şərait yaradılması ilə bağlı qaldırdığı məsələlər daim görməzdən gəlinirdi.

Demək olar ki, ötən əsrlərdən başlayaraq demokratiyadan dəm vuran ölkələr ermənilərin nazı ilə oynayaraq onlara hər cür yardım göstərirdilər. Ermənilərə torpaqlarımızı zaman-zaman mənimsəməsinə şərait yaradırdılar.

Məsələnin sülh yolu ilə həllinin mümkünsüzlüyü bütün dünya ictimaiyyətinə bəlli idi. İkili standartların hökm sürdüyü dünyada Azərbaycanın öz müqəddəratını özü həll etməkdən başqa bir yolu qalmadı.

2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbədən sonra Ermənistan kapitulyasiya aktına qol çəkdi. Lakin düşmən biabırçı şəkildə məğlubiyyətindən bir nəticə çıxarmadı. Yenə də təxribatlar törətməkdən, müxtəlif gizli yollarla ölkəmizin ərazisinə silah-sursat daşımaqdan əl çəkmədilər. Azərbaycan öz doğma torpaqlarında bu təxribatların davamlı hal almasına göz yuma bilməzdi.

19 sentyabr tarixində lokal xarakterli antiterror tədbirləri keçirildi, mülki insanlara və obyektlərə zərər dəyməməsi üçün yalnız separatçıların hərbi birləşmələri hədəf seçildi.

Sentyabrın 19-da başlanan antiterror tədbirlər erməni separatçılarının ağ bayraq qaldıraraq təslim olmaları ilə nəticələndi və sentyabrın 20-də dayandırıldı. Bir sutkadan da az müddət ərzində qələbə qazanmaq həddindən artıq qürurvericidir. Çoxlu sayda hərbi texnika, silah-sursat düşməndən qənimət götürüldü. Beləliklə, Ermənistan silahlı qüvvələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun tamamilə zərərsizləşdirilməsi, həmçinin Azərbaycan Konstitusiya quruluşunun bərpa edilməsi üçün zəmin yarandı.

Azərbaycanın Qarabağ iqtisadi rayonunda qeyri-qanuni fəaliyyət göstərən erməni silahlı dəstələrinin silahı yerə qoyaraq təslim olmaqdan başqa yolu qalmadı. Eyni zamanda separatçılara məxsus silah-sursat və ağır texnikalar təhvil verilir. Erməni separatçıların məğlub olmaları cəmi bir neçə saat ərzində baş verdi.

21 sentyabrda Qarabağda yaşayan erməni sakinlərin nümayəndələri Yevlax şəhərinə gələrək Azərbaycan Respublikası Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələsi müzakirə edildi.

Ali Baş Komandan İlham Əliyev xalqa müraciəti zamanı dedi: "Mən ümid etmək istəyirəm ki, bizim atdığımız addımlar və antiterror tədbirlərinin nəticələri imkan verəcək ki, nəhayət sülh danışıqları üçün olan Ermənistan tərəfindən verilən, təklif olunan necə adlandırırsız adlandırın, maneə aradan qalxa bilər. Bu Cənubi Qafqazda yeni reallıq yaradacaq, uzunmüddətli sülh yaradacaq".

Həmsöhbətim qeyd etdi ki, separatçıları yeni təxribatlar törətməkdən çəkindirmək üçün bir sıra vacib tədbirlərin həyata keçirilməsi labüddür. Ermənilər özləri etiraf edirlər ki, onlar Xankəndi və digər yaşayış məntəqələrində o qədər də yaxşı yaşamırlar. Sözsüz ki, Azərbaycan dövləti verdiyi vədlərə sadiq qaldığı kimi, yenə də vədinə əməl edəcək, reinteqrasiya olunmuş sadə ermənilər digər vətəndaşlarımız kimi normal həyat tərzi keçirəcəklər.

Hazırda işğaldan azad olunan ərazilərimizdə irimiqyaslı quruculuq və abadlıq işləri geniş vüsət almışdır. İnsanların normal yaşayışının təmin olunması üçün əvvəlkindən qat-qat yüksək şərait yaradılır. Artıq həmin ərazilərə Böyük Qayıdışa start verilmişdir.

Sakinlərimiz sevinc hissilə doğma ərazilərimizə qayıdırlar. Azad olunan ərazilərimizə müasir standartlara cavab verən yollar çəkilir. İnfrastruktur layihələrin həyata keçirilməsi nəticəsində bölgələrimiz dünyanın inkişaf etmiş ölkələrindən heç nə ilə fərqlənmir.

Turizmin, aqrar sektorun, sənayenin inkişafı nəticəsində yüzlərlə yeni iş yeri açılır. Beləliklə insanların məşğulluğunun təmin olunması üçün şərait yaranır. Keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmağı səbirsizliklə gözləyirlər. Sözsüz ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli vətəndaşlar respublikada gedən sürətli inkişaf haqqında məlumatlıdırlar. Onlar başa düşməlidirlər ki, iqtisadi cəhətdən güclü olan Azərbaycan hər zaman öz torpağına və vətəndaşına sahib çıxır.

Vəli VƏLİYEV,

"Respublika".