Cənubi Qafqazda faydalı əməkdaşlıq formatı
Siyasət

Cənubi Qafqazda faydalı əməkdaşlıq formatı

Son illər Azərbaycanın artan iqtisadi imkanları, yerləşdiyi əlverişli coğrafi mövqeyindən maksimum şəkildə səmərəli faydalanmaq bacarığı, beynəlxalq aləmə inteqrasiyası onun qonşuları ilə əlaqələrinə də müsbət təsir göstərib. Azərbaycan regional müstəvidə bir neçə üçtərəfli formatların təşəbbüskarı və ya iştirakçısıdır. Ölkəmizin təşəbbüskarı olduğu üçtərəfli əməkdaşlıq formatlarından biri Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığıdır. Bu üçlük Cənubi Qafqazdan əlavə Xəzər-Qara-Aralıq dənizi hövzələrini birləşdirən strateji bölgəni də əhatə edir. Bu üçbucağın formalaşmasının əsasında tarixi və mədəni əlaqələr, coğrafi qonşuluq, vahid tranzit dəhlizinin tərkib hissələri olmaq, birgə iqtisadi əməkdaşlıq üçün əlverişli şərait və siyasi iradə dayanır.

Azərbaycan həm Türkiyə, həm Gürcüstanla, eləcə də Türkiyə ilə Gürcüstan öz aralarında strateji tərəfdaşdırlar. Azərbaycan-Türkiyə-Gürcüstan silahlı qüvvələri mütəmadi hərbi təlimlər keçirirlər. Bu da güclü ordu quruculuğu və bölgənin təhlükəsizliyinin təmin olunması istiqamətində əhəmiyyətli rol oynayır. Türkiyə Silahlı Qüvvələri NATO-nun ən güclü ordularından biridir. Türkiyə ilə hərbi əməkdaşlıq Azərbaycan və Gürcüstan ordularının da NATO standartlarına uyğunlaşması prosesini sürətləndirir. Üç ölkə bütün önəmli sahələrdə ardıcıl təmaslar qururlar. Azərbaycanın karbohidrogen ehtiyatlarının mənbəyi və istehsalçısı, Gürcüstanın coğrafi mövqeyi və tranzit imkanları, Türkiyənin isə daxili enerji tələbatı və regional qovşaq olması üçtərəfli əməkdaşlığın təbii əsaslarını təşkil edir. Birgə enerji və nəqliyyat dəhlizlərinin yaradılması bu yanaşmanı həm də tarixi zərurətə çevirib.

Azərbaycan öz tərəfdaşları ilə birgə Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Artıq istifadə edilməkdə olan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, İpək Yolu, TAP və TANAP bu üçtərəfli əməkdaşlığın əsas dayaqları və uğurlarıdır. Bu nəhəng layihələr regionun inkişafına xidmət etməklə yanaşı, tarixi "İpək Yolu"nun bərpasına da mühüm töhfə verib. Artıq Pekin-London marşrutu Azərbaycandan keçir. Ölkələrin xarici siyasətində fərqli yanaşmalar olsa da üçtərəfli formatda milli maraqlara söykənən əməkdaşlıq uğurla davam etdirilir.

"Yeni enerji strategiyası"na uyğun olaraq Azərbaycanın enerji potensialının dünya bazarlarına çıxarılması istiqamətində bir sıra uğurlu layihələrə imza atılıb. Son illər dünyanın potensial qaz ixracatçısına çevrilən Azərbaycan regionun və Avropanın enerji xəritəsini zənginləşdirir, müstəqil iqtisadi siyasət yeridən ölkə kimi bir sıra qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı rolunda çıxış edir. Artıq özünün zəngin karbohidrogen ehtiyatları hesabına enerji təhlükəsizliyini tam təmin etmiş ölkəmiz uzun illərdir ki, Avropanın da enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Bu gün həyata keçirilən enerji resurslarının düzgün nəql strategiyası nəticəsində respublikamız dünya enerji bazarında iştirakını əhəmiyyətli dərəcədə möhkəmləndirib. Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar onun dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri kimi strateji əhəmiyyətli bir layihənin gerçəkləşməsi çox önəmli hadisədir.

Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz yatağından hasil edilən qazın nəqli üçün inşa edilib. Boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Bu boru kəməri Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib. Boru kəmərinin ümumi uzunluğu 691 kilometrdir və bunun 443 kilometri Azərbaycan, 248 kilometri Gürcüstandan keçir. Kəmərin diametri isə 42 düymdür. Kəmərin son çatdırılma nöqtəsi Gürcüstan-Türkiyə sərhədində yerləşir. Türkiyə ərazisində (Ərzurumadək) isə qaz kəmərinin uzunluğu 280 kilometr təşkil edir. Üç dənizin əfsanəsi hesab edilən BTC üç ölkənin ərazisindən keçən 1768 kilometrlik dünya səviyyəli bir boru kəməridir. Beynəlxalq bazarlara təhlükəsiz və etibarlı çıxış təmin edən BTC kəmərinin ötürücülük gücü gündəlik 1,2 milyon barreldir. Azərbaycanın ən iri infrastruktur layihələrindən biri hesab olunan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisi cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilib. Bu dəmir yolu xətti Asiya ilə Avropa arasında ən qısa yoldur. Artıq 6 ildir istismara verilən BTQ xətti qitələrarası daşımalar üçün geniş imkanlar yaradıb.

Regional inteqrasiyanın inkişaf etdirilməsi və dərinləşdirilməsi bu gün dünyada yaşanan maliyyə, iqtisadi və sosial böhranın neqativ təsirlərinə qarşı yüksək dayanıqlıq nümayiş etdirilməsində, regionun imkanlarından daha səmərəli istifadə olunmasında, eləcə də ölkələrimizin davamlı sosial-iqtisadi inkişafında xüsusi əhəmiyyət kəsb edir və bu baxımdan Azərbaycan-Türkiyə-Gürcüstan siyasi-iqtisadi əməkdaşlığının genişlənməsi hər üç ölkə üçün, bütünlükdə region üçün olduqca önəmlidir. Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatında parlamentlərarası fəal əlaqələr də qurulub. Prezident İlham Əliyevin təşəbbüsü ilə üçtərəfli formatda təşkil olunan Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumları ölkələrimiz arasında regional strateji tərəfdaşlığın daha bir göstəricisidir. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi regionda əməkdaşlıq üçün təhlükəsiz zəmin yaradır. Bərpaolunan enerji sahələrində əməkdaşlıqda böyük perspektivlər var və nəqliyyat dəhlizlərinin coğrafiyasının genişləndirilməsi istiqamətində addımlar atılır. COP29-un Azərbaycanda keçirilməsi əməkdaşlıq üçün əlavə imkanlar vəd edir.

Təməlində tarixi qonşuluq və dostluq əlaqələri dayanan Azərbaycan, Gürcüstan və Türkiyə arasında mövcud regional əməkdaşlıq beynəlxalq hüququn ərazi bütövlüyü və suverenlik kimi təməl prinsiplərinə əsaslanır. Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin Bakıda 9-cu üçtərəfli görüşündə bu istiqamətdə üç ölkə arasında mövcud yüksək səviyyəli dialoqun, parlamentlərarası, habelə müxtəlif dövlət qurumları arasında əlaqələrin regional və beynəlxalq platformalar çərçivəsində əməkdaşlığa töhfə verdiyi qeyd olunub. Bölgənin alternativ enerji, habelə nəqliyyat-kommunikasiya potensialını nəzərə alaraq, Xəzər və Qara dəniz hövzələrini birləşdirən uğurlu enerji layihələrinin və "yaşıl enerji" sahəsində təşəbbüslərlə davam etdirilməsinin vacibliyi vurğulanıb. Sonda üçtərəfli görüşün yekunlarına dair Bakı Bəyannaməsi imzalanıb, dövlət başçılarının siyasi iradəsi, qarşılıqlı hörmət və maraq, xalqlarımız arasında tarixən mövcud olan qardaşlıq və dostluq münasibətləri, hər üç ölkənin iqtisadiyyatında müşahidə edilən davamlı inkişaf, makroiqtisadi sabitlik, əlverişli biznes və investisiya mühiti, ölkələrimizin əlverişli coğrafi mövqeyə və böyük tranzit imkanlarına malik olması Azərbaycan-Türkiyə-Gürcüstanın uğurlu regional əməkdaşlığını şərtləndirən başlıca amillərdir.

Onu da xüsusi qeyd etmək lazımdır ki, regionun əsas logistika layihələri məhz Azərbaycan, Türkiyə və Gürcüstan ərazilərində birləşir. Politoloqların qənaətinə görə, üçlü formatda əməkdaşlıq digər qonşu ölkələrə də önəmli mesajdır. Sülh sazişi imzalanarsa, Ermənistan da bu regional əməkdaşlıq platformasına qoşula, düşdüyü dalandan çıxa bilər. Azərbaycan, Türkiyə və Gürcüstan Cənubi Qafqazın dünyaya inteqrasiyasına faydalı əməkdaşlıq formatıdır.

Mustafa KAMAL,

"Respublika".