Cənubi Qafqaz rahat nəfəs almalıdır
Digər xəbərlər

Cənubi Qafqaz rahat nəfəs almalıdır

İkinci Qarabağ müharibəsinin ildönümü ərəfəsində sülh naminə ciddi addımlar atılır. Tarixi diyarlarımızdan separatçıların çıxarılması, yerli erməni əsilli əhalinin tələblərinin qeydə alınması və yerindəcə həll edilməsi və ya bu yöndə addımlar atılması bu prosesin böyük hissəsidir. Qarabağda sülh təkcə iki ölkənin maraqlarına xidmət etmir. Bu, həm də Cənubi Qafqaz üçün mühüm məsələdir.

Lakin bu ətraf, kənar ölkələri maraqlandırmamalı, müdaxilə edilməsi üçün şərait yaradılmamalıdır. Hazırda bir sıra ölkələr, xüsusilə də Fransa bölgəyə müdaxilə etmək istəyir. Neokolonist ölkənin əsas məqsədi "forpost" olmaq istəyən Ermənistanda tamamilə söz sahibi olmaq və Cənubi Qafqaza müdaxilə etməkdir. Belə ki, hazırda Fransanın Ermənistanı yenidən müharibəyə təşviq edən hərbi missiya göndərməsinin, "Ermənistan sərhədləri bizim üçün müqəddəsdir" çıxışlarının və s. şahidi oluruq. Neokolonist ölkə Afrikadakı məğlubiyyətini Cənubi Qafqazda kompensasiya etmək istəyir. Lakin ölkə başçımızın da vurğuladığı kimi, dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın.

Prezident İlham Əliyev Gürcüstana səfəri zamanı çox mühüm bir təklif verdi ki, Gürcüstanın vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması mümkündür. Ümumiyyətlə, bu fikir həqiqətən doğru və yerində idi. Məsələ ondan ibarətdir ki, Ermənistan Azərbaycan münaqişəsi regional bir münaqişədir. Bu münaqişənin Cənubi Qafqazdan kənar ölkələrdə və yaxud da başqa platformalarda müzakirə edilməsi doğru deyil. Əslində prosesin uzanmasının əsas səbəbi məhz kənar qüvvələrin süni müdaxilələri, təsirləri, öz maraqları naminə prosesdən sui-istifadə etmək cəhdləridir. Bu baxımdan Ermənistan-Azərbaycan sülh prosesinin effektiv olması və uğurla nəticələnməsi üçün məsələ mütləq şəkildə regionda və buradakı ölkələrin iştirakı ilə tənzimlənə bilər. Bu baxımdan Gürcüstan daha əlverişli bir ölkədir və burada keçiriləcək danışıqların effekti daha çox ola bilər. Təbii ki, Gürcüstan təkbaşına vasitəçi ola biləcək bir ölkə deyil. Amma burada əsas məsələ Ermənistan və Azərbaycanın Gürcüstanda bir araya gəlməsidir. Bu baxımdan bu təklif sülh prosesinə də müsbət təsir edə bilər.

Fransa və regiona təsir etmək istəyən digər ölkələrə gəlincə, Fransa özü Qərbi Afrika regionunda belə hələ tam olaraq mövqeyini qoruya bilmir. Əksinə, Mali, Burkina Fasoda, Nigerdə bu ölkənin dayaqları zəiflədi və hakimiyyətə gələn yeni qüvvələr Fransanın ölkədən çıxmasını tələb etdi. Yəni Fransa faktiki olaraq öz nüfuz dairəsində olan ərazilərdəki mövqelərini itirməkdədir və belə bir zamanda onun Qafqazdakı proseslərə müdaxiləsi, eyni zamanda prosesləri tənzimləməsi cəhdləri effektiv deyil.

Turan Rzayev,

politoloq.