Ədalət mühakiməsi orqanı
Digər xəbərlər

Ədalət mühakiməsi orqanı

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasından 25 il ötür

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsis edilib. Azərbaycan Respublikasının Konstitusiyası onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanı olaraq yaradılıb. Məhkəmə  müstəqil dövlət orqanıdır və təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və digər məhkəmə hakimiyyəti, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyil. Şübhəsiz ki, hər bir məhkəmə vətəndaşının haqq və hüquqlarını qorumaq səlahiyyətindədir. Elə Konstitusiya Məhkəməsinin də əsas vəzifə və öhdəlikləri bundan ibarətdir: Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etmək və s.

Məhkəmə tərəflər arasında hüquqi mübahisələri həll etmək və mülki, cinayət və inzibati məsələlərdə qanunun aliliyinə uyğun olaraq ədalət mühakiməsinin həyata keçirilməsini təminetmə səlahiyyətinə malik qurumdur. Həm ümumi hüquqda, həm də mülki hüquq sistemlərində məhkəmələr mübahisələrin həlli üçün mərkəzi vasitədir. Şübhəsiz ki, bütün insanlar öz iddialarını məhkəmə qarşısında qaldıra bilərlər. Eynilə, cinayətdə təqsirləndirilən şəxslərin hüquqları da məhkəmə qarşısında müdafiə edilə bilər. Bu nöqteyi-nəzərdən deyə bilərik ki, Konstitusiya Məhkəməsinin fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının aliliyi, müstəqillik, kollegiallıq və açıqlıq prinsipləri əsasında qurulub.

Qeyd edək ki, Konstitusiyanın 86, 88, 102, 103, 104, 107, 130, 153 və 154-cü maddələri Konstitusiya Məhkəməsinin formalaşması və fəaliyyət prinsiplərini nəzərdə tutur və 130-cu maddənin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir. Beləliklə, hakimlər Prezidentin təqdimatı əsasında Milli Məclis tərəfindən 15 il müddətinə təyin olunurlar. Müddət başa çatdıqdan sonra hakim təkrar eyni vəzifəyə təyin edilə bilməz. Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinin icrasına 7 hakim təyin olunduqda başlama hüququna malikdir. Məhkəmənin sədri və sədr müavini də həmçinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir.

 Konstitusiya Məhkəməsinə bu subyektlərə əsasən müraciət edilə bilər: Azərbaycan Respublikasının Prezidenti; Azərbaycan Respublikasının Milli Məclisi; Azərbaycan Respublikasının Nazirlər Kabineti; Azərbaycan Respublikasının Ali Məhkəməsi; Azərbaycan Respublikası Prokurorluğu; Naxçıvan Muxtar Respublikasının Ali Məclisi; Məhkəmələr; Vətəndaşlar; İnsan hüquqları üzrə Müvəkkil. "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə müvafiq olaraq hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarından, bələdiyyə və məhkəmə aktlarından Konstitusiya Məhkəməsinə pozulmuş hüquq və azadlıqlarının bərpa edilməsi məqsədilə şikayət verə bilər. Konstitusiya Məhkəməsində məhkəmə aktlarından verilmiş fərdi şikayətlərə aşağıdakı hallarda baxıla bilər: tətbiq edilməli olan normativ-hüquqi akt məhkəmə tərəfindən tətbiq edilmədikdə, tətbiq edilməli olmayan normativ-hüquqi akt məhkəmə tərəfindən tətbiq edildikdə, normativ-hüquqi akt məhkəmə tərəfindən düzgün şərh edilmədikdə. Belə şikayətlər məhkəmə aktından şikayət vermək hüququndan tam istifadə edildikdən sonra axırıncı məhkəmə instansiyasının qərarının qüvvəyə mindiyi andan altı ay müddətində və ərizəçinin məhkəməyə müraciət etmək hüququnun pozulduğu andan üç ay müddətində verilə bilər.

Ölkə başçımız hər zaman hüquqi məsələlərə xüsusi diqqət, qayğı ilə yanaşır. Ötən illərdə məhkəmələrin birinin yeni inzibati binasının açılışında iştirak edən İlham Əliyev Azərbaycanda məhkəmə sisteminin yeniliklərindən və vacibliyindən danışıb. O, bildirib ki, son illər ərzində şəffaflıqla, institusional islahatlarla bağlı atılan addımlar korrupsiya, rüşvətxorluq üçün meydanı böyük dərəcədə daraldıb: "Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi uğurla gedir. Hüquqi dövlət quruculuğu prosesinin təşəbbüskarı ulu öndər Heydər Əliyev olmuşdur. Onun təşəbbüsü ilə 1990-cı illərin əvvəllərində çox ciddi addımlar atılmışdır. Müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmişdir. O vaxt belə bir strateji istiqamət müəyyən edilmişdir ki, Azərbaycanda hüquqi dövlət qurulmalıdır, qanunun aliliyi təmin edilməlidir və məhkəmə sistemi dünyada mövcud olan ən mütərəqqi təcrübəyə əsaslanmalıdır".

Konstitusiya Məhkəməsi qanunları, qərarları və digər normativ-hüquqi aktları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq yoxlayır. Məhkəmə Konstitusiya məhkəmələri ilə bərabər, Avropa Şurası, ATƏT, Amerika Hüquqşünaslar Assosiasiyası (ABA-CEELİ), Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) və başqa beynəlxalq təşkilatlarla əməkdaşlığın möhkəmləndirilməsinə, genişləndirilməsinə böyük diqqət yetirir.

Yarandığı gündən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin dəvəti ilə Bakı şəhərinə Rusiya Federasiyası, Almaniya Federativ Respublikası, Sloveniya Respublikası, Türkiyə Respublikası, Norveç Krallığı, İspaniya Krallığı, Ukrayna Respublikası, Gürcüstan Respublikası, Amerika Birləşmiş Ştatları, Belçika Krallığı, Çexiya Respublikası, Slovakiya Respublikası, Macarıstan Respublikası, Moldova Respublikası, Litva Respublikası, Latviya Respublikası, Qırğızıstan Respublikası və digər ölkələrin konstitusiya nəzarəti orqanlarının, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri və əməkdaşları rəsmi səfər ediblər.

Ölkə başçımızın da qeyd etdiyi kimi, Konstitusiya Məhkəməsinin fəaliyyətində beynəlxalq hüquqa və xarici məhkəmə praktikasına böyük diqqət yetirilir, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Avropa Konstitusiya nəzarəti orqanlarının qərarları mütəmadi olaraq öyrənilir və Konstitusiya Məhkəməsinin qərarlarında onlara istinadlar edilir. Bundan əlavə, hər hansı hüquqi məsələyə aydınlıq gətirilməsi üçün xarici ölkələrin təcrübəsinin nəzərdən keçirilməsinə ehtiyac yarandıqda, Konstitusiya Məhkəməsinin Aparatı Avropa Şurasının Venesiya Komissiyasının Avropa Konstitusiya məhkəmələri üçün yaratdığı operativ əlaqə vasitəsilə qısa müddət ərzində lazımi məlumat və rəyləri almaq imkanına malikdir. Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2000-ci ildə Avropa Konstitusiya Məhkəmələrinin Konfransı Təşkilatına tamhüquqlu üzv seçilib. 

Töhfə SƏMƏDOVA,

"Respublika".