DQİDK-in təşkilatçılığı ilə konfrans
Digər xəbərlər

DQİDK-in təşkilatçılığı ilə konfrans

Dekabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə "Prezident İlham Əliyev siyasəti: dünyəvilik və multikultural dəyərlər" mövzusunda konfrans keçirilib.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan DQİDK sədri Mübariz Qurbanlı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda mövcud olan tolerant, multikultural mühitin, dini-mədəni müxtəlifliyin, dövlət-din modelinin möhkəmləndirilməsi, milli-mədəni irsin və mənəvi-əxlaqi dəyərlərin qorunması, müxtəlif millətlərin və dinlərin nümayəndələri arasında qarşılıqlı etimadın gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb. O bildirib ki, ölkəmizdə dini məbədlərin, dini ocaqların tikilməsində, onların yenidən qurulmasında, təmirində və digər sahələrdə dövlətimiz öz imkanlarından istifadə edərək dəstək göstərir.

Komitə sədri diqqətə çatdırıb ki, Azərbaycanda din siyasəti müstəqillik illərində daha da təkmilləşərək bu gün yüksək səviyyədə həyata keçirilir. Həm İslam dünyasında, həm də qlobal təşkilatlarda da Azərbaycanın dövlət-din modeli nümunə olaraq qəbul olunur və öyrənilir. Ölkəmizdə bütün dini icmalara bərabər imkanlar yaradılıb.

Tədbirdə digər çıxış edənlər tolerant və multikultural ənənələrin qorunub saxlanıldığı və daha da inkişaf etdirildiyi ölkəmizdə həyata keçirilən din siyasəti, İslam və başqa dini icmalara, onların ibadət yerlərinə göstərilən diqqət və qayğıdan, eyni zamanda, Azərbaycanın müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə verdiyi töhfələrdən söhbət açıblar. Qeyd edilib ki, Azərbaycanda yaşayan bütün din nümayəndələrinə bərabər münasibət göstərilir.

Diqqətə çatdırılıb ki, işğaldan azad olunmuş topraqlarımızda, o cümlədən Şuşada, Hadrutda və digər ərazilərimizdə məscidlər tikilir. Bu ərazilərimizdə otuz il boyunca dağıntılara məruz qalmış dini məbədlərdə tikinti-bərpa işləri sürətlə davam edir.

Həmçinin qeyd edilib ki, ölkəmizin dövlət-din modeli hazırda nümunə kimi göstərilir. Diqqətə çatdırılıb ki, bu gün hər kəs bu dəyərləri daha da inkişaf etdirməyə çalışmalıdır. Əsas hədəflərdən biri də dini konfessiyalar arasındakı birliyi, bərabərliyi hər zaman qorumaqdır.           

Emin QASIMOV,

“Respublika”.