Cəlalına vurulmuşam, ecazkar Şuşam!
Region

Cəlalına vurulmuşam, ecazkar Şuşam!

"Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır. Şuşa işğaldan azad olunanda, bax, bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər. Bu binanın damında Azərbaycan bayrağı qaldırılmışdır... Ulu öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik". Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ilin mayında, Ulu Öndərin 100-cü ildönümü günündə Şuşadan xalqa müraciətində deyib bu sözləri.

Bəli, gözəl Şuşamız azaddır! Nə xoş ki, artıq üç ildən çoxdur qələmimizi bu ruhda kökləyə bilir, "Könlüm keçir Qarabağdan", - deyib bu gün cənnətə dönən köksü yaralı torpaqlarımızın vəsfi üçün ən gözəl sözləri seçib yazır, yağışdan sonra boşalan buludlar kimi, uzun illər içimizdə yığılıb qalmış bər-bəzəkli ifadələri, cümlələri kağıza köçürüb bir az rahatlaşırıq. Sonra böyük qürurla yazırıq: bu gün Qarabağ və Şərqi Zəngəzur dirçəlir, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, hava limanları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik, su xətləri çəkilir. Bütün bu quruculuq işlərinin təməlində Azərbaycan xalqının, eyni zamanda keçmiş məcburi köçkünlərin maraqları dayanır.

Bəli, artıq üç ildən çoxdur ki, Şuşa azaddır, yenidən qurulur, müasirləşir, gözəlləşir, öz əvvəlki ruhuna, ilkinliyinə qayıdır.

Ötən il mayın 10-da Şuşada Heydər Əliyev və 8 Noyabr küçələrinin kəsişməsində lövhələrin açılışı oldu. Qeyd edək ki, Heydər Əliyev küçəsinin uzunluğu 1751 metr, eni isə yol yatağına uyğun olaraq 10-14 metr aralığında dəyişir. 8 Noyabr küçəsinin uzunluğu 2912 metr, eni 10 metrdir. Bu küçələr də müasir səviyyədə yenidən qurulur, burada bütün zəruri infrastruktur yaradılır.

Müasir şəhərsalma üslubunda inşa edilən Şuşa Otel-Konqres Mərkəzi Kompleksi də ötən il istifadəyə verilib. Xatırladaq ki, erməni işğalı dövründə burada dövlət başçısının təbirincə desək, "şeytan yuvası" - "parlament"in binasının tikintisi aparılırdı.

Şuşa Otel-Konqres Mərkəzi Kompleksi şəhərin mərkəzində - Zəfər yolunun üzərində yerləşir, beşulduzlu kompleks müasir və milli memarlıq üslubunda dizayn olunub. Binanın daxili dizaynı Azərbaycan iqliminin, mədəniyyətinin, tarixinin zənginliyini əks etdirir. Kompleksin xarici görünüşündə ornamental kompozisiyalar və milli memarlıq elementləri tətbiq olunub. Fasadın üzlənməsində Şuşanın tarixi binalarının tikintisində işlədilən yerli daşdan istifadə olunub. Onu da qeyd edək ki, kompleksin yaxınlığında XVIII əsrin sonlarında Ağa Məhəmməd şah Qacarın Şuşaya hücumu ərəfəsində şəhərin müdafiəsinin təşkili məqsədilə İbrahimxəlil xanın göstərişi ilə silah emalatxanası, hazır silah-sursatın saxlanılması üçün anbar və emalatxananın həyətində qazılmış təsərrüfat quyusu bura gələn qonaqlara nümayiş etdiriləcək.

Şuşa şəhərindəki Yaradıcılıq Mərkəzinin hazırkı binası ölkə əhəmiyyətli memarlıq abidəsidir. Binada vaxtilə Ağa Qəhrəman Mirsiyab oğlunun Karvansarası yerləşib. Heydər Əliyev Fondu tərəfindən 2022-ci ildən aparılan bərpa işləri zamanı ilkin vəziyyətinə gətirilib. Vaxtilə alçıpanla bağlanılan qapı, pəncərə, tavan və arakəsmə sökülərək bina tarixi formasına qaytarılıb.

Fond tərəfindən aparılan bərpa işlərindən sonra Saatlı məscidinin də açılışı olub. İşğal zamanı məscidə edilən müdaxilələr aradan qaldırılıb və divarların gücləndirilməsi işləri aparılıb. Həmçinin zədələnmiş ön sütunun möhkəmləndirilməsi işləri həyata keçirilib, məscidin döşəməsi bərpa edilib.

Saatlı məscidi 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında inşa olunub. XIX əsrin memarlıq abidəsi olan Saatlı məscidinin inşa edildiyi yerdə əvvəl Molla Pənah Vaqifin dərs keçdiyi bir-birinə bitişik mədrəsə və məscid binaları olub. Şuşa şəhəri işğalda qaldığı illərdə digər məscidlər kimi, Saatlı məscidi də ermənilər tərəfindən dağıdılıb. Burada bərpa işlərinə 2021-ci ilin dekabrında başlanılıb, konservasiya və restavrasiya işləri məscidin ilkin memarlıq üslubuna uyğun olaraq aparılıb.

İşğal dövründə ermənilərin dağıtdığı binalardan biri də Yuxarı Gövhər Ağa məscididir. İşğaldan azad edildikdən sonra məsciddə başlanılan konservasiya və bərpa işləri Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən Avstriyanın "Wehdorn Architekten" şirkətinin nəzarəti ilə ilkin memarlıq üslubuna uyğun həyata keçirilib. Layihə "PAŞA Holding"in maliyyə dəstəyilə icra edilib.

Məscidin daxilindən götürülən məhlul, suvaq, təbii daş, kərpic, ağac və boya nümunələri təhlil və düzgün konservasiya üsullarını müəyyən etmək məqsədilə Türkiyədəki Fatih Sultan Mehmet Vəqfi Universiteti nəzdindəki Ahmet Refik Ersen Restavrasiya və Konservasiya laboratoriyasında araşdırılıb. Məsciddə möhkəmləndirmə işləri görülüb, işğal dövründə ermənilər tərəfindən edilmiş müdaxilələr aradan qaldırılıb.

Milli Xalça Muzeyinin Şuşa filialının XIX əsrin ikinci yarısında tikilmiş binası şəhərin Yuxarı məhəlləsində yerləşir. İşğal dövründə bina yararsız hala düşdüyündən və tarixi görkəminə müdaxilələr edildiyindən burada da Heydər Əliyev Fondu tərəfindən bərpa işləri aparılıb.

Qarabağ torpaqlarının Ermənistanın işğalına məruz qaldığı dövrdə Azərbaycan Milli Xalça Muzeyinin əməkdaşları filialda saxlanılan sənət nümunələrinin təhlükədə olduğunu nəzərə alaraq 1992-ci il fevralın 29-da onları təxliyyə edə bilmişdilər. Şuşa filialının kolleksiyasındakı 246 eksponatdan 183-ü Bakıya gətirilmişdi.

Şuşa! Gözəllikdə Göyçəyə bənzədirlər bu məkanı. Uzun illər düşmən tapdağında qaldı, illərlə ayrı düşdü bizdən, bizsiz o yerlərə yağışlar yağdı, bizsiz bahar gəldi, axşam düşdü, sabahlar açıldı. Bir gün bəxti də açıldı Şuşamızın, mədəniyyət paytaxtımızın, baş tacımızın! Azərbaycan əsgəri dişi-dırnağı ilə, misilsiz şücaəti ilə sıldırım qayaları aşaraq aldı Şuşanın azadlığını. Üç ildən çoxdur ki, bizimlə gəlir bahar o yerlərə. Neçə ildir ki, Novruz tonqalları qalanır, göyün maviliyi yerin yaşıllığına qovuşur, qurub-yaradanların hünəri ilə harmoniya təşkil edir. Heyrətamiz gözəllik hər kəsi valeh edir. Bir mahnıda deyildiyi kimi. "Nə gözəlsən, mənim Şuşam, cəlalına vurulmuşam!".

Zümrüd QURBANQIZI,

"Respublika".