Cari ilin 5 ayında 15 kənd və 25 yaşayış massivi qazlaşdırılıb
Sosial həyat

Cari ilin 5 ayında 15 kənd və 25 yaşayış massivi qazlaşdırılıb

16 iyun “Yanvar ayından bu günədək 15 kənd və 25 yaşayış massivinin qazlaşdırılması işləri yekunlaşıb. Daha 23 kənd və 19 massivin qazlaşdırılması davam etdirilir. Eyni zamanda 11 kənd və 14 yaşayış massivində işlər başa çatmaq üzrədir.” Bu sözləri SOCAR “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib. Onun sözlərinə görə qazlaşdırılma prosesi yekunlaşan ərazilərdə işlər yenicə görülməsinə baxmayaraq qazın verilməsi prosesi tam təhlükəsiz şəkildə həyata keçirilir. “Fövqəladə Hallar Nazirliyi digər müvafiq orqanlarla birgə yoxlanışlar apardıqdan sonra həmin bölgəyə qazın verilişi təmin olunacaq. Bu yoxlanış işləri bütün görülən işlərdən daha vacibdir”,– deyə qurum rəsmisi qeyd edib. Eldəniz Vəliyev həmçinin cari ilin sonunadək 59 kənd 102 yaşayış massivinin qazlaşdırılmasının nəzərdə tutulduğunu da bildirib.

“Respublika”.