OD ÇƏRŞƏNBƏSİ
Sosial həyat

OD ÇƏRŞƏNBƏSİ

İlin fəsillərinin ən gözəlidir bəlkə də bahar. Çünki həyat canlanır, təbiət ehtizaza gəlir, insanlar ruhən təzələnir bu fəsildə. Elə ki, qar altından boynubükük bənövşə başını qaldırıb ətrafa boylanır, təbiət qış yuxusundan ayılıb bu fəsillər gözəlinə: "Xoş gəldin!" - deyir. Bahar bir də ona görə gözəldir ki, bizə özü ilə sevimli Novruzu gətirir.

Novruz bayramı və onun tərkib hissəsi olan ilaxır çərşənbələrinin öz əsrarəngizliyi var. Bu zaman insan özünü təbiətlə bir sırada qoyur, təbiətin bir parçası kimi görür və onunla eyniləşdirir. Od çərşənbəsində isə insan həm oda müqəddəs baxışlarını ortaya qoyur, odla təmasda olmaqla ondan faydalanır, müqəddəs bildiyi odu qoruyub saxlamağı özünə borc hesab edir.

Bu gün od çərşənbəsidir. Professor Azad Nəbiyev yazırdı: "İlaxır çərşənbələrin ikincisi Od çərşənbəsidir. Buna xalq arasında "Üskü çərşənbə", "Üskü gecəsi", "İkinci çərşənbə", yaxud da əzizləmə məqsədilə "Addı çərşənbə" deyilir.

Od çərşənbəsi Günəşə, oda, odu qoruyub saxlamaq inamına tapınma ilə əlaqədar yaranmışdır. Zərdüşt görüşlərindən hələ çox-çox əvvəl insanlar təbiəti canlandıran, torpağı isidən günəşi, onun yerdəki rəmzi olan odu təsəvvürlərində rəmzləşdirmişlər. Belə bir etiqad yaranmışdı ki, insanlar günəşi və odu nə qədər əzizləsələr, oxşasalar, təbiət o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər".

Od çərşənbəsində icra olunan mərasimlərdən biri "Qodu-qodu"dur. Bu barədə məlumata hələ XIX əsr mətbuatında rast gəlirik. Oğlanlar əllərindəki ağacları yerə döyə-döyə oxuyar, həyətləri gəzərək mahnının əvəzində ev sahiblərindən pul, yarma, un, yağ, yumurta və s. alardılar.

"Qodu xan" adlanan mərasim isə bir qədər fərqlidir. Odlu çərşənbədə adamlar sübh tezdən hündür bir təpənin üstündə tonqal qalayardılar. Həmin tonqalın dövrəsinə toplaşıb Günəşin doğmasını gözləyərdilər. Elə ki, Günəş doğdu, hamı onu salamlayan "Qodu xan" nəğməsini oxuyar, tonqalın başında dövrə vurar, sonra da hərə tonqaldan öz məşəlini yandırıb, ocaqlarını alışdırmaq üçün evə tələsərdilər. Adamlar tonqalın dövrəsinə dolandıqca, eləcə də gəlib öz ocaqlarını yandırdıqca oxuyardılar.

Professor Qəzənfər Paşayev bu məsələyə belə münasibət bildirir: "Azərbaycan folklorunda Qodu Günəşin rəmzi, onun bəlgəsidir. Günəşin rənginə uyğun qırmızı parçadan düzəldilən gəlincik "Qodu" adlanır. O da maraqlıdır ki, Qodu ikili səciyyə daşıyır; Günəşi çağırmaq, aramsız yağışı kəsmək, başqa bir tərəfdən də yağışı çağırmaq". Beləliklə, Od çərşənbəsindəki od ünsürü mahiyyətcə günəşlə sıx bağlıdır. Günəş isə həyat, dirilik mənbəyi olmaqla təkcə istiliyi - odu yox, həmçinin yağışı - su ünsürünü də, hava ünsürünü də, hələ desək, göydən yerə - torpağa nur (od) ələməklə torpaq ünsürünü də canlandırıb hərəkətə gəlməsinə stimul yaradır. Bu məntiqlə Od çərşənbəsi təkcə bir yaradılış ünsürü ilə məhdudlaşmır, digər yaradılış ünsürləri olan su, yel (hava) və torpağa da stimulverici güc bəxş edir. Bu isə Od çərşənbəsinin cövhərindəki istilik - enerji ionları ilə yüklənmiş odun yeni həyatın əsasını təşkil etdiyini göstərir.

Od insanı yaşadığı yerə bağlayıb. Babalarımız insanın məskən saldığı yerə ocaq deyib. Folklorumuzda odla bağlı, oda münasibəti əks etdirən bir çox nümunələr - atalar sözləri, inanclar, andlar, alqışlar, qarğışlar, tapmacalar vardır.

Çərşənbə tonqalına ağlayan yaş və tüstülənən ağaclar, həmçinin bar verən alma, nar, heyva və s. kimi ağaclar atılmazdı. Bunun üçün meşə ətrafından, çöllükdən toplanan kol-kosdan, çırpıdan, quru odun parçalarından və qaratikandan istifadə edilməlidir. Çünki şər qüvvələr, cin-şəyatin xalqın təsəvvürünə görə, odu söndürməyə çalışar, lakin qaratikanın batacağından qorxub ehtiyatlanar, tonqala yaxın gəlməzlər. Od-alovun kəsərini daha da artırmaqdan ötrü onun üzərinə üzərlik toxumu səpər, bundan əmələ gələn tüstünün acı qoxusu tonqalın üstündən hoppananları azar-bezardan, bədnəzərdən qoruyardı. Tonqala hər ailə üzvünün, hətta, doğulmayıb ana bətnində olan körpənin adına bir odun, yaxud bir çöp atmalıydılar. Əks təqdirdə, qadının doğuşu ağır, əzab-əziyyətli keçər və "Ay Xızır İlyas, bəndəni bəndədən xilas" yalvarışı, duası cavabsız qalardı.

Vaxtilə ev heyvanlarını, mal-qaranı iki tonqalın arasından keçirmək adəti olmuşdur. Çərşənbə tonqalını su ilə söndürmək olmaz. O, özü axıradək yanıb sönməlidir.

Çərşənbə tonqalını yandıran insanlar belə bir nəğmə oxuyardılar:

Çalış alış tonqalım,

Yeddi qarış tonqalım,

Qoy alovun gur olsun,

Üzümüzə nur dolsun.

Od çərşənbəsi xalqımızın təfəkküründə mifik çağlardan ta bu günə, müasir dövrümüzə kimi müxtəlif dini və dünyəvi dünyagörüşləri ilə qovuşub çarpazlaşıb, mərasim mədəniyyətimizdə və məişətimizdə möhkəmlənib.

Bu günün mərasiminin keçirilməsində başlıca arzu-niyyət yaz gecə-gündüz bərabərliyini gətirən və günəşli günlərin uzanmasına aparan Novruz günəşini, yaz günəşini çağırmaqdan, müqəddəs bildikləri Günəşin hərarətinə isinməkdən və bu istidə yeni həyat nəfəsi qazanmaqdan ibarətdir. Çünki Günəş həyat mənbəyidir, Günəş şüası, günün hərarəti olmasa təbiətin canına isti keçməz və donmuş təbiət cana gəlməz. Deməli, yaradıcı ünsür olan od özlüyündə həm də hava ünsürünün yaranmasını şərtləndirir. Buradan o nəticə çıxır ki, Günəş təkcə odun təmsilçisi deyil, həmçinin havanın yaranması üçün əsaslı zəmin rolunu oynayır. Bir az da dərindən düşünsək, Günəşi çağırma mərasimində oxunan "Qodu Xan" nəğməsində Qodunun iki əksliyin başlanğıcı olduğunu - günəşi (odu) və yağışı (suyu) özündə təmsil etdiyini görərik.

Od çərşənbəniz mübarək! Ocağınız həmişə gur yansın!..

"Respublika".