Çağdaş poeziyamızın tanınmış nümayəndəsi
Mədəniyyət

Çağdaş poeziyamızın tanınmış nümayəndəsi

Onu Azərbaycan xalqına sevdirən şeirlərindən biri "Səhv düşəndə yerimiz" adlı şeiridir. 1969-cu ildə yazılsa da şeir öz aktuallığı ilə bütün dövrlərlə səsləşir. Oxucular tərəfindən böyük rəğbətlə qarşılanan bu şeir şairin yaradıcılığında yeni üfüqlər açdı. Şairi xalqa sevdirən həm də onun sadəliyi, səmimiliyi və mehriban rəftarı idi. Xalq şairi Qabil hamı ilə dil tapmağı, ünsiyyət qurmağı bacarırdı. Elə bu səbəbdən də, onun haqqında el arasında maraqlı lətifələr yaranmışdı.

Qabil İmamverdiyev 12 avqust 1926-cı ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxumuş, Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutu nəzdində ikiillik ali ədəbiyyat kurslarında müdavim olmuşdur.

Qabil çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biridir. Müxtəlif illərdə Yardımlıda, Bakıda orta məktəb müəllimi, "Azərbaycan müəllimi" qəzeti redaksiyasında şöbə müdiri, "Kommunist" qəzetində tərcüməçi-redaktor, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-dram verilişləri redaksiyasının məsul redaktoru, "Ədəbiyyat və incəsənət" qəzetinin poeziya şöbəsinin müdiri, "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi və baş redaktor vəzifələrində işləmişdir.

Onun "Gəl baharım" adlı ilk şeiri 1944-cü ildə "Ədəbiyyat" qəzetində çap olunur. 1950-ci ildə isə "Səhər açılır" adlı ilk kitabı işıq üzü görür. Sonrakı illərdə Qabilin "Mənim mavi Xəzərim", "Küləkli havalarda", "Qoy danışsın təbiət", "Vətəndaş sərnişinlər" və s. kitabları oxucular tərəfindən maraqla qarşılanır. Şairin şeirləri bütün dövrlərdə sevilə-sevilə oxunub, dillər əzbəri olub. Onu ilhamlandıran, güc-qüvvə verən, yeni əsərlər yaratmağa həvəsləndirən ilahi varlıq sandığı Nəsimiyə olan sevgisi idi. Qabil üçün poeziya və Nəsimi məfhumu müqəddəs səcdəgah, qibləgah olmuşdur. Bu mənada, Qabilin "Nəsimi" poeması dahi Nəsimiyə olan sevgisinin təcəssümüdür. Qabilin 70 illik yubiley tədbirində iştirak edən Ulu Öndər Heydər Əliyev demişdir: "Qabilin Nəsimi haqqında yazdığı mənzum roman mənim yaxşı xatirimdədir. Doğrudan da, çox böyük iş idi və Qabil bu işi gördü. Bu həqiqətən, dövlət mükafatına layiq bir əsərdir. Çünki Nəsimi haqqında belə böyük, sanballı, dərin fəlsəfi fikirlərlə dolu olan mənzum roman yazmaq hər adamın, şairin, yazıçının işi deyil. Qabil bunun öhdəsindən gəldi".

 Xalq şairi Qabil müstəqilliyimizin ilk illərində qələmə aldığı "Şəhid anası", "Qeyrət, a vətəndaşlar", "Xəcalət" və digər şeirləri ilə daha da sevilib. Uzun illər Azərbaycan Yazıçılar Birliyində Ağsaqqallar Şurasının sədri kimi fəaliyyət göstərən Qabilin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. Görkəmli şair bir sıra orden və medallara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltiflərinə - "Şöhrət" və "İstiqlal" ordenlərinə layiq görülüb. Qabilin yaradıcılığı rəngarəng və çoxşaxəlidir. Şair lirik ovqatlı məhəbbət şeirləri ilə yanaşı, Azərbaycanın əsrarəngiz, gözəl təbiətini tərənnüm edən şeirlər də yazmışdır. Vətənin hər qarışını vəsf edən gözəl poeziya nümunələri şairin poetik təfəkkürünün məhsuludur. Qabil, eyni zamanda müasir dövrün qayğıları ilə yaşayan narahat ruhlu şair olub. O, xalqın bütün dərdləri ilə ağlayır, yaşayır, onu öz qəlbində daşıyırdı. Ölkədə baş verən elə bir mühüm hadisə olmayıb ki, şair ona münasibət göstərməsin, fikir bildirməsin. Bəzən çılğınlığını gizlədə bilməmiş, hisslərini cilovlamaqda çətinlik çəkmişdir. Sovet dövründə 1960-cı illərdə şair "Tramvay parka gedir" şeirini yazmışdır. Əslində, bu, Qabilin cəmiyyətdə baş verən çatışmazlıqlara qarşı üsyanı, etirazı idi.

Qeyd etdiyimiz kimi, şair heç bir ictimai-siyasi prosesdən kənarda qalmır, hər zaman öz vətəndaş mövqeyini, ziyalı münasibətini bildirirdi. 1990-cı il 20 Yanvar hadisələrindən böyük sarsıntı keçirən Qabil "Mərsiyə" şerini yazır, Azərbaycan xalqının başına gətirilən faciələri, dəhşətləri poetik misraların gücündə canlandırır. Qabilə əzab verən, onu mənən məhv edən məqamlardan biri də Qarabağ məsələsi idi. Şair hadisələrdə bir vətəndaş olaraq özünü də günahkar görürdü. O üzdən də şair hisslərinə hakim ola bilmir, xilas yolları axtarır. Qabil qələmini süngüyə çevirərək yazırdı:

Uzanır danışıqlar,

İmzalanır sənədlər.

Xəritədə aləmə

Göstərilir sənədlər...

Səsimizə səs verir

Dünya başbilənləri,

Ümid sənədir ancaq

Azərbaycan əsgəri!

Bəli, Xalq şairi Qabil Azərbaycan torpaqlarının işğalından çox narahat idi. Elə bu həsrətlə də dünyasını dəyişdi. Qabilin dediyi kimi, ümidimiz olan Azərbaycan əsgəri torpaqlarımızı işğaldan azad etdi. İndi şairin ruhu rahatlığına qovuşub. 4 aprel 2007-ci ildə Bakıda vəfat edən Xalq şairi Qabil birinci Fəxri Xiyabanda dəfn edilmişdir.

Ramidə YAQUBQIZI,

"Respublika".