Antiterror tədbirlərində dinc sakinlərin zərər görməməsi prioritetdir
Digər xəbərlər

Antiterror tədbirlərində dinc sakinlərin zərər görməməsi prioritetdir

Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 19-da Qarabağ bölgəsində keçirdiyi lokal xarakterli antiterror tədbirlərində erməni əsilli vətəndaşlarımıza xüsusi həssaslıqla yanaşması bir daha dövlətimizin istənilən şəraitdən asılı olmayaraq humanizm prinsiplərinə sadiqliyini göstərir. Müdafiə Nazirliyinin  antiterror tədbirləri ilə bağlı yaydığı bəyanatında da bu mövzuya son dərəcə həssas yanaşıldığı diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı mülki əhali və mülki infrastruktur obyektləri hədəfə alınmır və Ordumuzun arsenalında olan yüksək dəqiqlikli silahların tətbiqi ilə yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.

Müfadiə Nazirliyi növbəti dəfə yaydığı bəyanatda yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırıb. Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilib. Eyni zamanda, səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilib və məlumat vərəqələri paylanılıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunacaq, qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstəriləcək, onlar içməli su və ərzaqla təmin olunacaqlar. Həmçinin əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb.

Bütün bu bəyanatlar və bu günə kimi göstərilən dözüm Azərbaycan dövlətinin müharibəni prioritet istiqamət kimi seçmədiyini göstərir. Halbuki 2020-ci il 10 noyabr Bəyanatının tam icra edilməmiş bəndləri Azərbaycan Silahlı Qüvvələrinin zəruri addımlar atmasına şərait yaradıb.

Ərazi bütövlüyümüzün bərpa olunmasından sonra qarşıya qoyulan hədəflərdən biri də erməni əsilli vətəndaşlarımızla yenidən birgəyaşayışını təmin etmək olub. Daim qarşı tərəfə sülh çağırışları edən dövlət başçısı İlham Əliyev və diplomatik korpusun nümayəndələri Cənubi Qafqazda inkişafın tək modelinin silahların  yerə qoyulması olduğunu bildirib. Hətta İkinci Qarabağ müharibəsində Ordumuzun nəzarəti altına keçən məntəqələrdə yaşayan ermənilərə Azərbaycan Respublikasının Konstitutsiyasının qanunları ilə yaşamaq təklif olunub. Bunu qəbul etmədikləri təqdirdə isə təhlükəsiz şəraitdə köç etmələrinə icazə verilib.

Qarabağda yerləşən separatçı rejimin bəzi böyük dövlətlərin əlində oyuncağa çevrilməsi hər iki xalqın - azərbaycanlıların və ermənilərin illərdir faciələrlə üzləşməsinə səbəb olub.  Yalan və boş xəyallarla dinc erməni əhalisinin beynini zəhərləyən marionet rejim hələ də hansısa müstəqillikdən, dövlətdən danışır.  Hətta Ermənistan dövlətində belə bəzi ekspertlər erməni xalqına reallıqlarla barışmağın zəruriliyini  bildirir. Yaxın günlərdə Ermənistan prezidentinin eks-müşaviri  Jirayr Libaridyan Erməni Tədqiqatlar və Araşdırmaları Milli Assosiasiyasında çıxışı zamanı Qarabağın heç kim tərəfindən tanınmayacağını və ermənilərə heç kimin kömək etməyəcəyini deyib: "Fakt odur ki, beynəlxalq ictimaiyyət - BMT Təhlükəsizlik Şurasından başlayaraq, Minsk qrupu və ATƏT də daxil olmaqla dostlarımız Rusiya, İran, Yunanıstan, Kipr, Fransa hamısı deyir ki, Qarabağ müstəqil olmayacaq. Biz müstəqilliyi tanımayacağıq və siz Azərbaycanın tərkib hissəsiniz. Bu, beynəlxalq ictimaiyyətdən mesajdır. Biz buna qulaq asmadıq. Özümüzə qulaq asdıq. Heç kim bizə köməyə gəlməyəcək". Erməni eks-müşavir BMT TŞ-də Laçın yolunun müzakirəsindən əldə olunan nəticəyə də toxunub. O, bildirib ki, çox ümid bəsləsək də Təhlükəsizlik Şurasının üzvləri Azərbaycana qarşı qətnamə belə qəbul etməyiblər.

Azərbaycanın Vətən müharibəsi başa çatdıqdan sonra reinteqrasiya prosesinin gündəmə gətirməsi heç də təsadüfi deyildir. Çünki yüz illərdir ki, Cənubi Qafqaz xüsusilə də ölkəmiz fərqli etnosların birgə vətəninə çevrilib. Əsas üstünlüyü oğuz türkləri təşkil etsə də, Azərbaycan ərazisində ləzgi, avar, saxur, udi, xınalıq, buduq, qrız, yəhudilər, tat, talış, kürd, həmçinin rus, ingiloylar və hətta Qarabağdan başqa digər ərazilərdə belə minlərlə erməni yaşayır. Maraqlısı odur ki, Bakı, Sumqayıt, Kürdəmir və digər ərazilərdə yaşayan ermənilər 90-cı illərdə Ermənistan-Azərbaycan arasında gedən gərgin dövrdə bu əraziləri tərk etməmişlər. Həmin sakinlərin bu günə qədər heç bir azərbaycanlı tərəfindən etnik kimliyinə görə təzyiqlə qarşılaşmaması xalqımızın multikulturalizm dəyərlərinə yüksək qiymət verdiyinin göstəricisidir. Ümid edirik ki, bütün bunları nəzərə alan Qarabağdakı erməni toplumu qətiyyət göstərərək separatçı rejimin və regionda geosiyasi üstünlük əldə etmək istəyən dövlətlərin qurbanı olmağı deyil, dünyanın müasir ölkələrindən olan Azərbaycanın reinteqrasiya təklifini qəbul edəcək.

Musa BAĞIRLI,

"Respublika".