Bütöv Azərbaycanın vətəndaşı kimi qürurla səs verəcəyik
Digər xəbərlər

Bütöv Azərbaycanın vətəndaşı kimi qürurla səs verəcəyik

Növbədənkənar prezident seçkiləri qüdrətli ölkəmizin tarixində yeni dövrün başlanğıcı olacaq

Tarixinin ən qüdrətli Azərbaycanı növbəti mühüm seçim qarşısındadır. Xalq prezident seçkilərinə böyük coşqu ilə hazırlaşır. Respublikamızın bütün bölgələrində olduğu kimi, Ağsu rayonunda da ictimaiyyət arasında böyük aktivlik hiss olunur.

30 ildən sonra ərazi bütövlüyünü təmin etmiş müstəqil Azərbaycanın tarixində ilk dəfə seçkilər bütün ölkə ərazisində keçiriləcək. Ərazi bütövlüyümüzün və suverenliyimizin təsbiti olan Zəfər seçkiləri Azərbaycanın tarixinə əbədi yazılacaq. Doğma torpaqlarına qayıtmış keçmiş məcburi köçkün soydaşlarımız öz yurdlarında səsvermədə iştirak edəcəklər. Prezident seçkiləri qüdrətli Azərbaycanın tarixində yeni dövrün başlanğıcı olacaq. Bu, iqtisadiyyatımızın, eləcə də regional geosiyasi və geoiqtisadi mövqeyimizin daha da gücləndirilməsi baxımından mükəmməl fürsətdir. İstənilən seçki hər bir demokratik cəmiyyət üçün mühüm siyasi hadisə hesab edilir. Bu baxımdan, qarşıdan gələn prezident seçkilərinin istər Azərbaycan cəmiyyəti, istər beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanması və izlənilməsi təbiidir. Respublikamızda seçkilərin ədalətli və şəffaf keçirilməsi üçün olduqca böyük təcrübə, siyasi iradə və demokratik ənənələr var.

Seçmək hüququ böyük əhəmiyyət daşıyır. Hələ ötən əsrin əvvəllərində Xalq Cümhuriyyətinin qurucuları müsəlman Şərqində ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsinə nail olublar. Biz bu haqda bütün beynəlxalq platformalarda fəxrlə danışırıq. Bu gün də Azərbaycanda demokratik dəyərlərə hörmətlə yanaşılır. Hər kəsin seçib-seçilmək hüququ var. Əsas qürurverici məqam ondan ibarətdir ki, bu seçkilərdə qalib ölkənin vətəndaşları kimi yekdilliklə iştirak edəcəyik.

Xalqımız fevralın 7-də azad, demokratik və ədalətli şəkildə keçiriləcək növbədənkənar prezident seçkiləri vasitəsilə xoşbəxt gələcəyini, dövlətinin etibarlı rəhbərini müəyyənləşdirəcək. İndiyədək ölkəmizdə keçirilən seçkilər Azərbaycandakı demokratiyanın aynası rolunu oynayıb. Bu seçkilərdə də dünya Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinin yaratdığı mütəşəkkilliyə, birliyə şahid olacaq.

Bu seçkilərin xoş əhvali-ruhiyyədə keçməsi hər bir Azərbaycan vətəndaşı üçün xüsusi əhəmiyyət kəsb edir. İnkişafda olan Azərbaycan Respublikasının vətəndaşlarına prezident seçkilərində fəal olmalarını, xalqımızın daim əmin-amanlıq və rifah halının yüksəlməsi şəraitində yaşamasını arzulayıram.

Günay İNAYƏTOVA,

Ağsu şəhər 4 saylı tam orta məktəbin direktoru.