Bu il də ölkəmizin sürətli inkişafı davam edəcək
Siyasət

Bu il də ölkəmizin sürətli inkişafı davam edəcək

Prezident İlham Əliyevin yeni il öncəsi xalqa müraciətindəki müjdələr bunu deməyə əsas verir

Azərbaycanın 2020-ci ildə apardığı və tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsi, eləcə də son üç il ərzində baş verən önəmli hadisələr bir daha xalqımızın birliyini, hər zaman öz Prezidenti və Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bütün dünyaya nümayiş etdirdi. Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər. Bütün bu məsələlər ölkə Prezidentinin 31 dekabr tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa etdiyi müraciətində öz əksini tapmışdır. Möhtərəm dövlət başçımız 2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələrin baş verdiyini qeyd etdi. Əlbəttə ki, bu hadisələrin arasında ölkənin ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır.

Ölkə Prezidenti İlham Əliyev Azərbaycanın apardığı lokal antiterror tədbirlərinin Cənubi Qafqaz regionunda davamlı sülhün və əmin-amanlığın əldə olunması baxımından əhəmiyyəti, eləcə də region ölkələrinin, xüsusilə Azərbaycan və Ermənistanın bundan sonra sülh və qarşılıqlı etimad şəraitində yaşama ehtimallarının dəyərləndirilməsi ilə bağlı mühüm açıqlamalar verərək vurğuladı ki, antiterror tədbirləri zərurətdən doğan bir addım idi. İstər Ermənistan, istərsə də onun təhrikçi havadarları rəsmi İrəvanın 10 noyabr Bəyannaməsinin şərtlərindən irəli gələn öhdəliklərinə əməl etmədikcə və Azərbaycana qarşı terror siyasətindən əl çəkmədikcə belə bir sonluğun gec-tez qaçılmaz olacağı barədə dəfələrlə xəbərdarlıq almışdılar. Buna baxmayaraq, Vətən müharibəsinin Azərbaycanın tam və qəti qələbəsi ilə başa çatmasından sonra keçən üç il ərzində ölkəmiz mütəmadi olaraq ermənilərin müxtəlif diversiyalarına, mina terroruna məruz qalırdı. Əlbəttə ki, Azərbaycan bütün bunlara sonsuza qədər dözə bilməzdi. Buna görə də sentyabrın 19-20-də Ali Baş Komandanın əmri ilə Azərbaycan lokal xarakterli antiterror tədbirlərinə başladı və qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi və düşmən layiqincə cəzalandırıldı.

Prezident İlham Əliyevin müraciətində yer almış mühüm məqamlardan biri də Qarabağda və Şərqi Zəngəzurda gedən irimiqyaslı quruculuq işləri ilə bağlı oldu. Dövlət başçımızın qeyd etdiyi kimi, bu gün işğaldan azad edilmiş ərazilərimiz böyük tikinti meydançasına çevrilmişdir. 30 illik işğal dövrü ərzində Azərbaycanın tamamilə dağıdılmış şəhər və kəndləri yenidən qurulur və artıq ötən il 5 minə yaxın keçmiş məcburi köçkün öz doğma torpaqlarına qayıtmışdır.

Prezident xalqa müraciətində 2024-cü ildə daha bir neçə yaşayış məntəqəsinə keçmiş köçkün və qaçqınların qayıdacaqları ilə bağlı müjdə verdi. Dövlət başçısı bildirdi ki, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar.

Bundan başqa, bir neçə yaşayış məntəqəsi də keçmiş köçkünləri qəbul etməyə hazır olacaq. Bütün bunlar əlbəttə ki, Prezident İlham Əliyevin yeni il öncəsi öz xalqına verdiyi ən gözəl müjdələrdir. Azərbaycan 2024-cü ildə də quracaq, yaradacaq, daha böyük sürətlə inkişaf edəcək və getdikcə daha güclü, qüdrətli dövlətə çevriləcək.      

Novruzəli ASLANOV,

Milli Məclisin deputatı.