BQXK-nın ölkəmizdəki fəaliyyətinə ehtiyac yoxdur
Siyasət

BQXK-nın ölkəmizdəki fəaliyyətinə ehtiyac yoxdur

1863-cü ildə təsis edilmiş BQXK Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Hərəkatının əsasını təşkil edir.

Bu təşkilat münaqişə zamanı Hərəkat tərəfindən həyata keçirilən beynəlxalq humanitar fəaliyyəti istiqamətləndirir, koordinasiya edir, həmçinin humanitar hüququn ümumdünya şəfqət prinsiplərini inkişaf etdirir və gücləndirir. BQXK dünyanın 80-dən çox ölkəsində fəaliyyət göstərir ki,  onlardan biri də Azərbaycandır.

BQXK-nın Bakıdakı nümayəndəliyi 1992-ci il martın 3-dən fəaliyyətə başlayıb. Qısa müddətdən sonra eyni ildə Ağdam və Bərdə rayonlarında da ofisləri açılıb. Nümayəndəliyin vəzifəsi Birinci Qarabağ müharibəsində qaçqın və məcburi köçkünlərə yardım etmək, eləcə də itkin düşmüş şəxslərin tapılmasında fəaliyyət göstərmək olub. Lakin 32 illik dövründə BQXK-nın bu istiqamətdə gördüyü işlərin uğurlu olduğunu demək mümkün deyil.

Ermənistanın suveren torpaqlarımıza təcavüzkar hücumu ilə başlayan Birinci Qarabağ müharibəsində təsisatın əsir və itkin düşmüş azərbaycanlılara qarşı biganə yanaşması ölkə ictimaiyyəti tərəfindən daim tənqid olunub. Çünki qurum düşmənin vəhşiliyindən əziyyət çəkən həmyerlilərimizə yardım əlini tam olaraq uzatmayıb, əsir və girov düşmüş azərbaycanlıların tapılması və geri qaytarılması üçün lazımi tədbirlər həyata keçirməyib. Bu səbəbdən Birinci Qarabağ müharibəsində əsir və ya itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi sual altında qalıb. BQXK aradan keçən 32 il ərzində həmin şəxslərin aqibəti haqqında Ermənistandan heç bir hesabat istəməyib. Halbuki işğalçı dövlətin bu kimi addımları BQXK tərəfindən beynəlxalq ədalət tribunasına daşınmalı, İrəvandan hesabat tələb olunmalı idi. Lakin 4 minə yaxın azərbaycanlının itkin düşməsi BQXK-nın "vicdanını" hələ də narahat etmir.

Təəccüb doğuran digər bir məqam isə ondan ibarətdir ki, komitənin bir çox azərbaycanlının Ermənistanda əsir düşərgələrində saxlandığı barədə məlumatı olsa da öhdəliyindən boyun qaçırıb, müxtəlif bəhanələrlə özünü prosesdən kənar tutub.

BQXK tərəfindən 1998-2001-ci illərdə Əsir və İtkin düşmüş, Girov götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına təqdim edilmiş sənədlərə əsasən, Birinci Qarabağ müharibəsi illərində ermənilər tərəfindən əsir düşmüş, girov götürülmüş 54 həmyerlimiz Ermənistanda və işğal edilmiş Qarabağ ərazisində qurumun işçiləri tərəfindən həbs olunduqları yerlərə baş çəkilmiş və həmin insanlar rəsmi qeydiyyata götürülmüşdür. Lakin onlardan heç biri sağ olaraq Vətənə qaytarılmayıb. Qeydiyyata alınan 54 nəfərdən yalnız 17 nəfərin nəşi ölkəmizə təhvil verilib. 4 nəfərin aqibəti haqqında isə bu günə qədər heç bir məlumat yoxdur. Digər 33 nəfərin saxlanma düşərgəsində öldüyü deyilsə də, cəsədləri Azərbaycana gətirilməyib. Ermənistan bu məsələlərə görə, məsuliyyət daşısa da BQXK-nın rəsmi İrəvana qarşı susqunluğu diqqətdən yayınmayıb. Humanitar təşkilatdan daha çox siyasi tərəfkeşliyi ilə seçilən BQXK İkinci Qarabağ müharibəsində tamam fərqli mövqe ortaya qoydu. Komitənin "canfəşanlığı" sayəsində 1700-dən artıq erməni hərbçinin cəsədi Ermənistana təhvil verildi.

Qurumun İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı formalaşan cəbhədə yer alması isə ona qarşı olan inamı tamamilə zədələdi. Xankəndidə fəaliyyət göstərməyə başlayan BQXK öz hərəkətləri ilə beynəlxalq hüququ ayaqları altına atıb, Azərbaycan qanunlarını görməməzlikdən gəlib. Azərbaycan hökumətinin icazəsi olmadan suveren ərazimizdə - Xankəndi şəhərində fəaliyyətə başlayan BQXK faktiki olaraq ölkədə ikimərkəzli fəaliyyət aparırdı. Məlum olduğu kimi, qurumun Xankəndi ofisi "öz" büdcəsi hesabına fəaliyyət göstərib. Kadr seçimini də müstəqil olaraq həyata keçirib və daha çox Ermənistana inteqrasiya olunmuş formada işləyib. Rəsmi Bakı buna etiraz olaraq dəfələrlə BQXK-ya müraciət edib, Xankəndi ofisinin statusunun dəyişdirilməsini tələb etsə də bu müraciətlər cavabsız qalıb.

Təsisat özünü humanitar qurum kimi yox, Qarabağda gizlənib qalmış separatçıları, quldurları qoruma "ilahəsi" kimi aparıb. Ekoaktivistlərin Laçın yolunda etiraz aksiyaları təşkil etdikləri zamanda qurumun Xankəndi ofisi qanunsuz daşımaları həyata keçirir, faktiki olaraq qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olurdu. Bütün bunlardan sonra komitənin iki əməkdaşı qanunsuz hərəkətlərinə görə "persona non-qrata" elan edilərək Azərbaycandan qovulub.

Bəzi təşkilatların müxtəlif ölkələrə qarşı ikili və qərəzli yanaşması BQXK-nın fəaliyyətində də aydın görünür. Bu Rusiya-Ukrayna müharibəsi gedişində bir daha özünü göstərib. Ukraynanın Donetsk vilayətinə nəzərdə tutulan humanitar yardımların Moskvadan deyil, Kiyevdən aparılmasını vacib sayıb. Bunu israrla tələb edən BQXK Vətən müharibəsindən sonra Azərbaycanın Ağdam yolunu təmir edib açmasına və qurumun yardımlarının bu yolla çatdırılmasına şərait yaratsa da, komitə etinasız şəkildə Laçın yolu ilə hərəkəti daha məqbul hesab edib. Buradan da aydın olur ki, komitə siyasi məsələləri daha çox gündəmində saxlayıb.

Mühüm detallardan biri də vaxtilə BQXK-nın Bakı ofisinə rəhbərlik edən, hazırda isə qurumun Avropa və Şərqi Asiya departamentinin rəhbəri olan Arian Bauerin İkinci Qarabağ müharibəsindən sonra yeni savaşın baş verəcəyini və Xankəndidə fəaliyyətinin hələ davam etdirilməsinə ehtiyac olacağını dilə gətirməsidir. Qərb dövlətlərinin regionda sabitliyin qarşısını almağa çalışması ilə bir vaxtda Bauer tərəfindən belə bir açıqlamanın verilməsi heç də təəccüblü deyil.

Bir neçə gün əvvəl BQXK-nın Xankəndi ofisinin fəaliyyətinin dayandırılması haqqında qərar qəbul edilib. Amma maraqlısı odur ki, Azərbaycan ərazisindəki mərkəzin işini dayandırması xəbəri Bakı ofisindən yox, İrəvan ofisindən yayılıb. Yalnız mətbuatın sorğusundan sonra BQXK-nın Bakı ofisi məlumatı təsdiq edir. Qeyd olunub ki, qurumun Qarabağdakı fəaliyyəti Bərdə ofisində davam etdiriləcək və buradan ehtiyacı olanlara dəstək veriləcək.  Lakin bu da komitənin ölkəmizdə əvvəlki kimi iki mərkəzlə təmsil olunması deməkdir. Nəzərə alsaq ki, müharibənin bitməsindən sonra BQXK-nın Azərbaycanda fəaliyyətini davam etdirməsinə heç bir ehtiyac qalmayıb və ən doğru qərar qurumun birdəfəlik ölkəmizi tərk etməsi olardı. Qarabağ, eləcə də ölkənin müxtəlif regionlarına humanitar yardımların çatdırılmasında Azərbaycan Qızıl Aypara Cəmiyyəti kifayət edir.

Musa BAĞIRLI,

"Respublika".