Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının tarixində, bugünkü mövcudluğunda, ictimai-siyasi həyatın müxtəlif sahələrindəki rolu tarixi bir həqiqətdir.
Ulu öndər insanların sağlamlığına, səhiyyənin və tibb elminin inkişafına, savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlanmasına xüsusi diqqət göstərmişdir. O, ilk növbədə, tibb üzrə xarici mütəxəssislərin diqqətini respublikaya cəlb etməyə, onların yerli mütəxəssislərlə əməkdaşlıq əlaqələrini genişləndirməyə çalışırdı. Bununla da, dahi rəhbər respublika səhiyyəsində mövcud olan durğunluğun aradan qaldırılmasına səy göstərir və buna müvəffəqiyyətlə nail olurdu.
1969-cu ilin dekabrında Azərbaycan Respublikası Ali Sovetinin VII Sessiyası onun təşəbbüsü ilə məhz həmin gələcək nailiyyətlərin bünövrəsində dayanan "Sağlamlıq Məcəlləsi" adlı sənədi qəbul etdi. 1970-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının regionlararası seminarının, 2 il sonra isə Beynəlxalq Tibbi Avadanlıqlar Sərgisinin məhz Bakıda keçirilməsi respublikamızın bu sahədə artan rolundan xəbər verirdi. Sonralar ölkəmizin bu cür tədbirlərə ev sahibliyi etməsi artıq ənənəvi hal aldı.
Bu kimi tədbirlərin Bakıda keçirilməsini təşkil edən ümummilli lider ölkəmizin səhiyyə sahəsinin, o cümlədən tibb elmi və tibb təhsili sahələrinin beynəlxalq miqyasa çıxmasına, bütün sahələrdə olduğu kimi, bu sahələrin də dayanıqlı və sabit inkişafının təmininə əlverişli şərait yaradırdı. Ulu öndər 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunduqdan sonra SSRİ-nin səhiyyə sisteminə də nəzarət edir və Sovet İttifaqının yüksək rütbəli tibb alimləri, səhiyyə işçiləri ilə tez-tez görüşlər keçirir, onların diqqətini Azərbaycana cəlb etməklə ölkəmizin səhiyyə sisteminin inkişafına zəmin yaradırdı.
Müstəqillik dövründə ümummilli lider Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın səhiyyə sistemi də inkişaf etməyə başladı. Səhiyyənin hüquqi-normativ bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə qaldırılması məqsədilə "Əhalinin sağlamlığının qorunması haqqında", "Qan və onun komponentlərinin donorluğu haqqında", "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında", "Əczaçılıq fəaliyyəti haqqında", "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında", "Tibbi sığorta haqqında" və s. qanunlar işlənib hazırlandı və Milli Məclis tərəfindən qəbul edildi.
1994-cü ildə Azərbaycanla BMT-nin Uşaq Fondu arasında imzalanan Əməkdaşlıq Proqramına uyğun olaraq, uşaq ölümünün digər bölgələrə nisbətən yüksək, sağlamlıq göstəricilərinin isə aşağı səviyyədə olduğu Quba rayonunda islahatlara başlamaq qərara alındı. Sonralar həmin proqramın icrası sayəsində Masallı, Lənkəran, Cəlilabad və Salyan rayonlarında da böyük uğurlar əldə olundu.
2000-ci ildə Heydər Əliyevin göstərişi ilə Azərbaycan Tibb Universitetinin nəzdində strateji əhəmiyyət daşıyan hərbi-tibb fakültəsi yaradıldı. 2020-ci ildə Vətən müharibəsi zamanı həmin fakültənin məzunları olan qəhrəman həkimlərimiz yüzlərlə əsgərin həyatını xilas etdiyinin şahidi olduq.
Bu gün Azərbaycan səhiyyəsi ulu öndərin uğurlu siyasəti nəticəsində inkişaf yolundadır. Vətəndaşların sağlamlığına göstərilən qayğı Azərbaycanın həm bugünkü, həm də gələcək nəsillərinin sağlamlığının təminatıdır.
Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan dövləti bu gün ulu öndərin ideyaları ilə qətiyyətlə irəliləyir, gücünü və qüdrətini durmadan artırır.
Cavid PAŞAYEV,
"Yeni Klinika" publik hüquqi şəxsin direktoru vəzifəsini icra edən baş həkim.