Böyük qürur və fərəh hissi duyuran illər
Siyasət

Böyük qürur və fərəh hissi duyuran illər

Azərbaycanla Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə olması bütün dünyaya nümunədi

Ölkə başçısı vurğulayıb ki, tarixən olduğu kimi, xalqlarımız bu gün də bir-birinin yanındadır, sevincini də, kədərini də birgə yaşayırlar. Azərbaycan xalqı Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Siz başda olmaqla qardaş Türkiyə dövləti və xalqının Azərbaycanın haqq işinə, ərazi bütövlüyünə göstərdiyi birmənalı siyasi dəstəyini və qətiyyətli mövqeyini heç zaman unutmayacaq.

Türkiyə-Azərbaycan dostluq, qardaşlıq münasibətləri bu gün özünün ən yüksək dövrünü yaşayır. Təməlində Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" və qazi Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" sözləri dayanan Türkiyə-Azərbaycan birliyi bütün dünya üçün qardaşlığın, həmrəyliyin nümunəsinə çevrilib. Ulu Öndərin 100 illiyi bütün dünyada, xüsusilə Türkiyədə, eyni zamanda Türkiyə Cümhuriyyətinin 100 illiyi isə ölkəmizdə ən ali səviyyədə qeyd olunur.

Azərbaycan ilə Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə olması bütün dünyaya bəllidir. Vətən müharibəsi zamanı hər kəs buna bir daha əmin oldu. 44 günlük qürur dolu tarixin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman dövlətimizin və xalqımızın yanında olduğunu bildirdi. Bu da təbii olaraq gücümüzə güc qatmaqla əldə etdiyimiz möhtəşəm tarixi qələbədə mühüm rol oynadı. Xüsusi vurğulamaq lazımdır ki, Rəcəb Tayyib Ərdoğanın Bakıda Azadlıq meydanında keçirilən Zəfər Paradında Prezident İlham Əliyev ilə yanaşı dayanması ölkələrimizin birliyini, xalqlarımızın qardaşlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan geniş məzmunlu, qardaşlıq, birlik bağlarımıza əsaslanan nitqində vurğuladı ki, "...Türkiyə olaraq Azərbaycanla münasibətlərimizdə hər zaman ulu öndər Heydər Əliyevin "bir millət, iki dövlət" şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün əziz ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Qarabağın 30 il işğalda qalmasını qəlbimizdə yara bildik. Bu gün də Qarabağın azad edilməsini birlikdə qeyd edirik...".

"Türkiyə son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər". Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışında bu fikirləri səsləndirən dövlət başçımız bildirib ki,Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün türk dünyası üçün önəmli şərtdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 20 il Azərbaycan xalqının taleyində yeni inkişaf mərhələsinin başlanğıcı olub, bu dövrdə cəmiyyətimizin həyatında inqilabi dəyişikliklər baş verib. Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı sağlam və möhkəm təməl üzərində Prezident İlham Əliyevin yaratdığı güclü və müasir Azərbaycan bir çox taleyüklü problemləri geridə qoyaraq gələcəyə doğru inamla addımlayan ölkələr sırasında öz layiqli yerini tutub. Son 20 il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub. "İqtisadi inkişafa gəldikdə, son 20 ildə dünya miqyasında Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə yoxdur. İqtisadiyyatımız 3 dəfədən çox artmışdır". Bunu Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciətində deyib.

Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı ikitərəfli məsələlərlə yanaşı, regional iqtisadi əməkdaşlıq sahələrini də əhatə edir. İki ölkə arasındakı münasibətlər siyasi sahə ilə yanaşı, iqtisadi sektorda da özünü qabarıq büruzə verir. Son 20 ildə Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi sürətlə artıb, qoyulan investisiya həcmi isə milyardlarla dollar təşkil edib. Respublikamızda bank və sığorta, telekommunikasiya, inşaat, nəqliyyat, yüngül sənaye, qida, enerji və s. türk şirkətlərinin fəaliyyət göstərdikləri başlıca sahələr olaraq diqqət çəkib. Azərbaycan da Türkiyə iqtisadiyyatına ən çox investisiya qoyan ölkələrdən biri kimi tanınıb. İki dövlətin birgə fəaliyyətinin nəticəsi olaraq beynəlxalq əhəmiyyətli bir sıra regional layihələr həyata keçirilmişdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri (BTC), Bakı-Tbilisi-Ərzurum qaz kəməri (BTƏ), Trans-Anadolu təbii qaz boru xətti (TANAP), Trans-Adriatik boru xətti (TAP) və Bakı-Tbilisi-Qars dəmiryolu xətti (BTQ) layihələri bu baxımdan ən əhəmiyyətli nümunələrdir.

İki ölkənin təşəbbüsü olan Cənub Qaz Dəhlizi Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatının diversifikasiyası baxımından böyük önəm daşıyır. TANAP çərçivəsində Türkiyəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanmışdır. Əvvəldə illik 16 milyard kubmetr (bunun 6 milyard kubmetrini Türkiyə alırdı) təşkil edəcək qaz nəqlinin həcminin mərhələli surətdə əvvəlcə 24 milyard, sonra 31 milyard kubmetrə yüksəldilməsi mümkündür. 1850 kilometrlik TANAP xətti 2019-cu ilin sonlarından etibarən Cənub Qaz Dəhlizinin digər mühüm komponenti olan Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq Yunanıstan, Albaniya, Bolqarıstan və İtaliya üzərindən Avropaya çatdırılır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir" bəyanatı, "…Bu gün də Azərbaycanın yanındayıq və bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq. Necə ki, Çanaqqalada azərbaycanlı gənclər Anadolu gəncləri ilə birlikdə şəhadətə yürüyüb qələbə qazanmışdılarsa, necə ki, Nuru Paşanın aslanları 1918-ci ildə Azərbaycanın köməyinə gəlmişdilərsə, biz də bu gün və gələcəkdə bərabər olacağıq…" deməklə konkret mövqe ortaya qoyması Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığının bariz nümunələridir. Dövlətlərimizin və xalqlarımızın bir-birini dəstəklədiyi belə məqamları sadalamaqla bitməz. 15 iyun 2021-ci ildə Şuşada imzalanmış "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" isə iki dövlət və onların xalqları arasındakı birliyin, doğmalığın, dostluğun və qardaşlığın növbəti təzahürü oldu.

"Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubunda ölkə başçımız İlham Əliyev iki qardaş ölkə arasında mövcud sarsılmaz əlaqələrin bundan sonra daha da möhkəmləndiriləcəyini vurğulamışdır. Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Türkiyə əlaqələrini bundan sonra da bütün sahələrdə gücləndirmək əzmindəyik. Ortaq mənəvi dəyərlər, dini-mədəni köklər kimi sarsılmaz təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz həm də bölgədə sabitliyin, əmin-amanlığın, inkişafın və təhlükəsizliyin zaminidir".

Mustafa KAMAL,

"Respublika".