Addım-addım yaxınlaşan sülh
Siyasət

Addım-addım yaxınlaşan sülh

Gələn ay İspaniyanın Qranada şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş keçirilməsi gözlənilir. Görüş Avropa Birliyi Sammitində baş tutacaq. Qeyd edək ki, Avropa Birliyi Sammiti çərçivəsində hər iki lider artıq iki dəfə qeyri-rəsmi görüş keçirib. Bundan əvvəlki təmaslar Çexiya və Moldovada olub.

"İndi isə əminəm ki, bölgəmizdə yeni vəziyyətin yaranması labüddür. Çünki kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyi, bu zəhər yuvası artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər". Bu fikirləri Prezident İlham Əliyev sentyabrın 20-də lokal xarakterli antiterror tədbirləri ilə əlaqədar xalqa müraciətində deyib. Dövlət başçısı bildirib ki, Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaranıb. O şansı əldən verməsinlər. Biz buna hazırıq və Azərbaycan xalqı bilir, əminəm, erməni xalqı da bilir ki, mənim sözüm sözdür.

Prezident İlham Əliyev Azərbaycanın və Ermənistanın öz aralarında olan məsələləri tənzimləyəcəyi, sülh müqaviləsi imzalayacağı və Cənubi Qafqaz ölkələrinin üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqları günün uzaqda olmadığına ümidvar olduğunu vurğulayıb. "Biz bu tarixi şansdan istifadə etmək istəyirik. Əbədi müharibə heç kimə lazım deyil. Biz sülh sazişinin imzalanmasına hazırıq". Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan İctimai Televiziyada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Qranada görüşündə sülh sazişinin imzalanmasının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən bildirib. Simonyan deyib: "Biz çox istərdik ki, bu, Qranadada olsun".

 Hazırda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üçün regionda daha yaxşı imkanlar yaranıb. Belə ki, Xankəndidə vəziyyət kifayət qədər stabildir. Azərbaycan Silahlı Qüvvələri Rusiya sülhməramlıları ilə koordinasiyalı şəkildə qarşıda dayanan vəzifələri icra edir. Müdafiə Nazirliyinin məlumatına görə, ordumuz sülhməramlılarla sıx şəkildə əlaqə saxlayır, mülki şəxslərin, orada yaşayan etnik ermənilərin və yenidən öz evlərinə geri dönənlərin təhlükəsizliyinin təmin edilməsi, Qarabağdakı qanunsuz erməni silahlılarının tərk-silah olunması prosesini də həyata keçirir. Qarabağda yaşayan erməni əsilli sakinlərdən Azərbaycan vətəndaşlığı almaq üçün müraciətlər daxil olur. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli məqsədilə Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi altında İşçi Qrup yaradılıb. İşçi Qrup Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı çərçivəsində fəaliyyət göstərir.

 Yevlax şəhərində keçirilmiş görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin, ilk növbədə, bağçaların, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin yanacaq-sürtkü materialları ilə təmin edilməsi xahişinə uyğun olaraq, sentyabrın 23-də Bərdə-Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə 24 ton benzin, 40 ton dizel yola salınıb. Azərbaycanın Fövqəladə Hallar Nazirliyi Qarabağ bölgəsinin erməni əsilli əhalisi üçün 1000 yerlik çadırlar qurub. Çadırlar Kəlbəcər, Füzuli və Ağdam rayonlarında yerləşdirilib. Sakinlərə polis əməkdaşları xidmət göstərir. Yevlax şəhərində Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə keçirilmiş görüşdə müzakirə edilən məsələlərin həlli istiqamətində təxirəsalınmaz işlər davam etdirilir. Növbəti addım olaraq, Xankəndi şəhərinin Ermənistanın enerji sistemindən ayrılaraq Azərbaycan enerji sisteminə qoşulması təmin edilib.

 Hələ 2021-ci ildə "Azərenerji" tərəfindən tikilən və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilən "Şuşa" yarımstansiyasında Xankəndi üçün ehtiyat yuvalar quraşdırılmışdı. 2023-cü il sentyabrın 19-dan etibarən "Azərenerji" tərəfindən "Şuşa" yarımstansiyası yaxınlığında əlavə 110 kV-luq yüksəkgərginlikli dayaqların quraşdırılmasına və Xankəndi xətti ilə əlaqələndirilməsi işinə başlanılıb. Aparılan işlər nəticəsində artıq proses yekunlaşıb. Paralel olaraq "Azərenerji" və "Azərişıq" əməkdaşları ötürücü və paylayıcı şəbəkəni, mühafizə sistemlərini təftiş etdikdən sonra xəttə gərginlik verilib. Artıq Xankəndidə Azərbaycan işığı yanır. "Qarabağ Erməniləri Hərəkatının" üzvü Karina Eritsyan deyib ki, hələ də "müstəqillik" arzusunda olanlar başa düşməlidir ki, vəziyyət əsaslı şəkildə dəyişib. Azərbaycan və Ermənistan sülh sazişi imzalamaq barədə danışıqlar aparır. Bu kontekstdə Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası onların təhlükəsizliyinin təmin olunmasının yeganə yoludur. Qarabağ erməniləri başa düşməlidir ki, onların taleyi ABŞ, Fransa, Ermənistan və digərlərindən deyil, onların özlərindən asılıdır. Xarici dövlətlər kömək etməyəcək, reinteqrasiya və Azərbaycanda birgəyaşayış məsələsində ciddi yanaşma ortaya qoymaq lazımdır.

Qeyd edək ki, Xocalı şəhərində Qarabağın erməni sakinləri ilə növbəti görüşdə vətəndaş cəmiyyəti təmsilçiləri və ictimai fəalların Bakıya və ya Azərbaycanın digər şəhərlərinə səfərlərinin təşkil edilməsi təklifi müzakirə olunub və bu cür təşəbbüslərin dialoq platformasının yaradılması, eləcə də etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi baxımından əhəmiyyətli olduğu qeyd edilib.

Mustafa KAMAL,

"Respublika".