Böyük Qayıdış: İqtisadi gücün göstəricisi
Sosial həyat

Böyük Qayıdış: İqtisadi gücün göstəricisi

Yurd-yuvasını, el-obasını, doğulduğu məkanını itirmək, qohumdan, qonşudan uzaq düşmək ağır olduğu qədər də, dözülməzdir. Bu mənada millətimiz, xalqımız 30 il torpaq itkisinin həsrətini yaşamaqla bərabər, həm də utanc hissi keçirirdi. Axı çörəyimizi yeyib, suyumuzu içən qaraçı xislətli hay yığını bizi öz torpağımızdan necə didərgin sala bilər?

Məsələnin kökündə çoxlu suallar olduğu kimi, xeyli səbəblər də var. Düşmənin havadarları ilə birlikdə uzun illər hazırladığı işğalçılıq siyasəti ilə yanaşı, səriştəsiz dövlət rəhbərlərinin də bacarıqsızlığı "öz sözünü" dedi. Bu o illər idi ki, Azərbaycanda anarxiya, xaos, kreslo davası gedirdi. Belə bir fürsəti əldən verməyən tülkü xislətli düşmən vəziyyətdən istifadə edib, öz "uğurunu" qazandı. Ötən əsrin sonlarında əsrlərlə hazırlanan erməni planı baş tutdu. Qərbi Azərbaycan torpaqlarından soydaşlarımızın deportasiya edilməsindən sonra, növbədə Qarabağ və Şərqi Zəngəzur əraziləri dururdu. Artıq Azərbaycan kifayət qədər zəifləmiş, keçmiş müttəfiqləri və ermənipərəst dövlətlər tərəfindən sıxışdırılmış, iqtisadiyyatı, sosial həyatı durğunluq dövrü keçirən dövlətə çevrilmişdi. Tez-tez dəyişən rəhbərlər də ölkəni xilas edə bilmir, əksinə bir az da bataqlığa sürükləyirdi. Müstəqilliyinə, azadlığına can atan Azərbaycan ikinci böyük zərbəni aldı. Ermənistan tərəfindən 20 faiz ərazisi işğal edildi, bir milyon əhalisi qaçqın, köçkün duruma düşdü. Tam 30 il bu yaranın ağrısını, torpağın həsrətini çəkdik, ümidlərin, inamların işığında yol gəldik. Nəhayət, 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində bütün gücünü səfərbər edən qüdrətli Azərbaycan. Ermənistan silahlı qüvvələrinin bütün cəbhəboyu hücumuna layiqli cavab verdi. Kəndlərimiz, şəhərlərimiz işğaldan azad edildi. Qürurlu, şərəfli bir tarix yaşadıq.

Beləliklə, Azərbaycan dövləti öz gücü, iqtisadi potensialı və ordu quruculuğu sayəsində torpaqlarını erməni işğalından azad etdi. Müharibə bitər-bitməz sakinlərin yurda qayıdış konsepsiyası əsasında Böyük Qayıdış proqramı hazırlandı. Öncə ərazilər düşmənin illərlə basdırdığı minalardan təmizləndi, ardınca, yurd yerlərinin tikinti-bərpa işlərinə başlanıldı. Ötən illər ərzində Ermənistan Qarabağ və Şərqi Zəngəzur bölgəsində nəinki salamat bir bina qoymamış, hətta təbiətə, meşələrə, təbii sərvətlərə qarşı da soyqırımı həyata keçirmişdir. Bu səbəbdən də, dövlətimizin qarşısında olduqca çətin və məsuliyyətli bir mərhələ dayanırdı. Lakin Azərbaycan öz daxili gücü və potensialı hesabına bütün çətinliklərin öhdəsindən layiqincə gəlir. Bir zamanlar möcüzə kimi görünən yurda qayıdış bu gün real həyat həqiqətidir. Düşmənin işğal dövründə bu torpaqlarda həyata keçirdiyi dağıntıları, urbisidi, ekosidi və minalanma təhlükəsini nəzərə alan bir çox ekspertlər qayıdış üçün uzun illər tələb olunacağını qeyd etsələr də, dövlətimizin apardığı bərpa-quruculuq işləri nəticəsində ilk yurd yeri, Zəngilanın Ağalı kəndinə qayıdış 44 günlük müharibədən cəmi ilyarım sonra baş tutdu. 2022-ci il iyulun 19-dan etibarən Ağalı kəndinə mərhələli şəkildə köç həyata keçirilir. Sevindirici haldır ki, həmin tarixdən başlayan köç karvanlarının ünvanları bu gün böyük bir ərazini əhatə edir. Tərtərin Talış kəndi, Laçın şəhəri, Zabux kəndi, Füzuli şəhəri artıq öz sakinlərini qoynuna alıb. İşğaldan azad olunmuş ərazilərin sürətlə bərpa edilməsi, Böyük Qayıdış proqramının uğurla reallaşdırılması Azərbaycan dövlətinin gücünün və qüdrətinin əyani göstəricisidir.

Dövlət Proqramına əsasən, yaxın üç ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına 100 mindən çox insan qayıdacaq. Bu il Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi, Xocalı şəhərlərinə əhalinin köçürülməsi nəzərdə tutulur. Bu ərazilərdə də tikinti-quruculuq işləri öz keyfiyyəti və sürəti ilə davam edir. Ümumilikdə isə Qarabağ və Şərqi Zəngəzur bölgəsində 140 min insanın yaşayışı nəzərdə tutulur. Bütün bunları təmin etmək üçün qələbədən sonrakı üç il müddətində işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 12 milyard manat vəsait ayrılıb. 2024-cü ilin dövlət büdcəsində isə 4 milyard manat vəsait nəzərdə tutulub. Dövlətimiz kənardan heç bir yardım olmadan, öz gücünə işğaldan azad olunmuş əraziləri yenidən qurur, nəhəng infrastruktur layihələri reallaşdıraraq dünyanın diqqətini bölgəyə yönəldir. Ərazilərin təbii ehtiyatlarla zənginliyi və turizm potensialı bölgədə yeni reallıqlar yaradır. Bütün əldə olunan uğurlar və geniş imkanlar iqtisadi inkişafla yanaşı, sakinlərin sosial rifah halının, məşğulluq məsələsinin həllinə də təkan verir.

Böyük Qayıdış proqramına uyğun olaraq işğaldan azad olunan ərazilərə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması istiqamətində işlər davam etdirilir. Artıq köç etmiş şəxslərdən 1138 nəfərin məşğulluğu təmin edilib. İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən 250-dən çox işəgötürənlə əlaqələr qurulub, 70-dək işəgötürənin kadr ehtiyaclarının ödənilməsinə dəstək göstərilib, 2 işəgötürənin əməkhaqları birgə maliyyələşdirilib.

Ramidə YAQUBQIZI,

"Respublika".