Siyasət

"Böyük oyun"un kiçik "Maşa"sı

Avropanın Ermənistanı şirnikləşdirməsi müxtəlif yollarla davam etməkdədir. 18 oktyabrda Avropa Parlamentində keçirilən iclas zamanı Nikol Paşinyana göstərilən diqqət, verilən bəyanatlar bunu deməyə əsas verir.

Beynəlxalq miqyaslı hadisələrə adekvat yanaşmaqdan daha çox Fransanın xarici siyasət diplomatiyasını icra edən Avropa Parlamenti növbəti dəfə öz mövqeyini ortaya qoyur. Ermənistanın revanşizm siyasətinə sövq edilməsinin birbaşa Qərb dairələrinin maraqlarına xidmət etməsi isə hər iki tərəfi bu çirkin əməldə - Cənubi Qafqaza təcavüzdə birləşdirir.

Avropa Parlamenti, daha sonra AŞPA-nın qətnamələrinin ardınca indi də AŞNK (Avropa Şurası Nazirlər Kabineti) və Aİ birgə qərəzli bəyanatla çıxış ediblər. Son dövrdə əldə edə bilmədikləri bütün məqamları bir yerdə toplayan qərəzli qurumlar bununla bir daha revanşizmin əsas dəstəkçisi olduqlarını sübut ediblər. Belə ki, bəyanatda qurumlar Azərbaycanın 19-20 sentyabr tarixlərində keçirdiyi lokal tədbirlərdən sonra Qarabağ ermənilərinin kütləvi surətdə köçürülməsini və Laçın dəhlizinin doqquz aylıq "blokadası" nəticəsində yaranmış son dərəcə çətin vəziyyəti "narahatlıqla" bildiriblər.

Qeyd etmək lazımdır ki, 44 günlük Vətən müharibəsindən sonra dəfələrlə xunta rejiminə xəbərdarlıq edildi ki, tutduqları "vəzifə"lərdən əl çəkib, "parlament"i buraxsınlar. Onlar isə Azərbaycana qarşı destruktiv mövqe sərgilədilər, hədə-qorxu yolu ilə danışmağı üstün tutdular. "Prezident" seçkilərinin keçirilməsi isə riyakarlığın pik həddini göstərdi. Keçirilən lokal tədbirlərə qədər Qarabağdakı erməni əhalisini girov kimi istifadə edənlər də elə xuntaçılar idi. Xankəndidəki xunta rejiminin iflasından sonra və əvvəldə olduğu kimi, Azərbaycan daim reinteqrasiya çağırışı etmiş, bu xüsusda əsaslı addımlar atmışdır. Separatçı rejim həmyerlilərini orada girov kimi saxlayıb humanitar problemlərdən bəhanə kimi istifadə edirdi. Bunun təşkilatçıları əslində hər hansı təxribat dalğası yaratmağı hədəfləmişdilər. Məntiqsiz və absurd bir məsələni təbliğ edirdilər. Amma Azərbaycan ilk günlərdən bəyan etmişdir ki, humanitar əlaqələr üçün Laçın yolu maneəsiz istifadə edilir. Lakin bütün bunlar qərəzli qüvvələrin məqsədlərinə xidmət etmədiyindən kağız parçasından ibarət olan bəyanatlarla Ermənistanın destruktiv mövqeyi dəstəklənir.

Bəyanatdakı növbəti çirkin məqam isə Qarabağın erməni əhalisinin 100,6 min nəfərdən çox olduğunun bildirilməsidir. Qeyd edilib ki, onlar artıq Ermənistanda sığınacaq tapıblar. Qarabağdan köçüb gedənlərin 10 mindən çoxunu Ermənistan silahlı birləşmələrinin hərbçiləri və onların ailələri, qalan insanların əksəriyyətini isə işğal zamanı burada qanunsuz məşkunlaşmış şəxslər təşkil edir. Bununla belə, əhalinin 100 minin üzərində olması faktı öz təsdiqini tapmır. Digər tərəfdən, onların ərazidən getməsi üçün hər hansı bir səbəb yoxdur. Görünür, hayların ərazini tərk etməsi qurulan tamaşanın bir hissəsini təşkil edir. Çünki Azərbaycan tərəfi daim erməni əhalisinə reinteqrasiya çağırışı etmiş, Xankəndi və ətraf ərazilərin hər cür təminatı həyata keçirilmişdir. Hətta Laçından keçib gedən ermənilərə belə xüsusi qayğı ilə yanaşılmış, onların ərazini tərketmə səbəbləri öyrənilmişdir. Verilən cavabların heç birində zorakılıq aktının dilə gətirilməməsi, Azərbaycanın humanist mövqeyi ərazini tərk edən ermənilər tərəfindən təsdiqlənmişdir. Belə olduğu halda, əhalinin ərazini tərketmə istəyi və ardınca Avropanın və Ermənistanın bunu əllərində bayraq etməsi şübhələri daha da artırır.

Xatırladaq ki, Avropa Parlamenti Qarabağda baş verən hadisələrlə bağlı oktyabrın 5-də Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsini, habelə Bakı ilə əməkdaşlığa yenidən baxılmasını və Azərbaycan qazından asılılığın azaldılmasını təbliğ edən qətnamə qəbul edib. Sözügedən qətnamənin icrası hüquqi baxımdan məcburi olmasa da, bu cür qərəzli qətnamənin qəbul edilməsi Avropa Parlamentinin ikiüzlü siyasətini bir daha təsdiq edir. Ümumilikdə, qurumun fəaliyyətinə nəzər yetirsək, onun Avropa məkanında ölkəmizə qarşı təbliğatla məşğul olan təşkilata çevrildiyini açıq şəkildə görmək mümkündür.

Mövcud vəziyyətdə isə vaxtilə qeyri-qanuni şəkildə Qarabağda məskunlaşdırılmış ermənilər Ermənistanı belə tərk edirlər. Livan, Rusiya, Fransa və digər ölkələrdən əraziyə cəlb edilmiş hayların gedişi isə Paşinyanı təşvişə salıb. Belə ki, oktyabrın 19-da hökumətin iclasında Nikol Paşinyan bildirib: "Bu günə kimi Qarabağdan olan 3000-dən çox erməni Ermənistan Respublikasını tərk edib. Mən bu mövzuda nəticə çıxarmaq istəmirəm, bəlkə də onların çoxu qohumlarını ziyarət etməyə, bir az vaxt keçirməyə hazırlaşır. Mən Qarabağdan olan şəxsləri Ermənistanda qalmağa çağırıram. Biz onları dəstəkləmək üçün hər şeyi edirik". Baş nazir yerli hökumətin köçənlər üçün 100 milyon dollar ayırdığını, müxtəlif proqramlar hazırlandığını bildirib. Öz istək və arzusu ətrafında ərazini tərk edən insanlara görə Azərbaycanı ittiham etmək, bu yolla Ermənistana siyasi və hərbi dəstək göstərmək bir daha sübut edir ki, bu məsələ anti-Azərbaycan dairələri üçün sadəcə bir bəhanədir. Məhz Cənubi Qafqaz planında Ermənistandan istifadə etmək üçün yol Azərbaycana qarşı qətnamələr və bəyanatlar təşkil etməkdən keçir. Ermənistan isə böyük bir oyunun içərisində Azərbaycana qarşı üstünlük əldə etməyi güdür.

Yeni dünya nizamında hərb və sülhün qaydaları olduqca dəyişib. Əvvəllər qaliblər mühakimə olunmurdusa, indi əsas yanaşma qlobal güclərin mənfəətinə xidmət etməli, onların "standartları" nəyə cavab verirsə, o tətbiq olunmalıdır. Qərb dairələrinin də məhz Cənubi Qafqazdan istədiyi budur. Yeni təsir dairəsi yaradılsın, forpost ölkə olan Ermənistandan Rusiyaya qarşı istifadə edilsin, bu mərama qarşı çıxan hər kəs isə cəzalandırılsın. Lakin görünür bu dəfə onlar baltanı daşa vuracaqlar. Qanlı müstəmləkəçilik siyasətini regionda davam etdirmə niyyəti baş tutmayacaq, Cənubi Qafqazda sülh və sabitlik hakim olacaqdır.

Maskaları endikcə iyrənc sifətləri ortaya çıxan anti-Azərbaycan dairələrinə Cənubi Qafqaz planı üçün ilk etapda lazım olan tək şey siyasi və iqtisadi xətti, sağlam qonşuluq münasibəti olmayan ölkəni ələ keçirmək idi. Bu profilə regionda ən uyğun namizəd isə Ermənistandır ki, bu gün onun Rusiyanın timsalında Cənubi Qafqaza xəyanətinin şahidi oluruq. Məğlubiyyətlərini qərbə meyillərlə kompensasiya edilə biləcəyini düşünən rəsmi İrəvan bu çirkin plandakı maşa rolunu "layiqincə" yerinə yetirir.

Nurlan ABDALOV,

 "Respublika".