BMT strukturlarında ciddi islahatlara ehtiyac var
Digər xəbərlər

BMT strukturlarında ciddi islahatlara ehtiyac var

Azərbaycan artıq uzun müddətdir ki, iştirak etdiyi ən müxtəlif beynəlxalq layihələrdə özünü etibarlı tərəfdaş kimi tanıtmış, üzvü olduğu qlobal təşkilatlarda digər üzv ölkələrin yüksək etibar və etimadını qazana bilmişdir. O cümlədən BMT-dən sonra dünyanın ikinci ən böyük təsisatı olan Qoşulmama Hərəkatında ölkəmizin mövqeyi və nüfuzu Azərbaycanın xarici siyasətinin ən böyük uğurlarından biri kimi qeyd edilə bilər.

Təşkilata sədrliyin 2019-cu ildə bütün üzvlərin yekdil qərarı ilə Azərbaycana verilməsi, həmçinin 2022-ci ildə bu səlahiyyətlərin yenidən 120 ölkənin yekdil qərarı ilə daha bir il müddətinə uzadılması ölkəmizin Qoşulmama Hərəkatının sədri kimi təşkilatın güclənməsi, nüfuzunun artması, üzv dövlətlərin maraq və mənafelərinin qorunması istiqamətində atdığı addımların yüksək qiymətləndirildiyindən xəbər verir. Həqiqətən də Azərbaycan bu təşkilata sədrlik etdiyi müddət ərzində Prezident İlham Əliyev tərəfindən son dərəcə mühüm təşəbbüslər irəli sürülmüş və onların həyata keçirilməsi təmin olunmuşdur. Xüsusilə 2019-cu ildə bütün dünya ölkələrini faktiki olaraq iflic vəziyyətinə gətirmiş COVID-19 pandemiyası dövründə Qoşulmama Hərəkatı məhz Azərbaycanın irəli sürdüyü təşəbbüslər və atdığı konkret addımlar sayəsində demək olar ki, bu qlobal təhlükə ilə mübarizənin qərargah-mənzilinə çevrildi. Cari ilin mart ayında Bakıda Qoşulmama Hərəkatının pandemiyadan sonrakı bərpaya həsr olunmuş növbəti sammiti uğurla təşkil edildi. Bütün pandemiya dövründə ehtiyacı olan ölkələrə yardım göstərməyi sədrliyinin əsas prioritetlərindən birinə çevirmiş Azərbaycan Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə postpandemiya dövründə bərpanı dəstəkləmək üçün iki qlobal çağırış elan etdi və ilk donor kimi hər iki çağırış üçün bir milyon ABŞ dolları ayırdı. Bütün bunlar Azərbaycanın beynəlxalq ictimaiyyətin məsuliyyətli və fəal üzvü olduğunu bir daha təsdiq edir.

Həqiqətən də bu gün Birləşmiş Millətlər Təşkilatı dünyada bir vaxtlar sahib olduğu lider mövqeyini və nüfuzunu sürətlə itirir. Planetin bir çox nöqtələrində yaşanan hərbi münaqişələr fonunda dünyada sülhün və ədalətin qorunması funksiyalarını həyata keçirməli olan BMT Təhlükəsizlik Şurasının fəaliyyətsizliyi bu ali orqana olan inam və etimadı kəskin şəkildə aşağı salır.

Dünyada güc amilinin getdikcə daha çox önə çıxması, ölkələrin və xalqların qarşılaşdıqları problemləri özlərinin həll etmək məcburiyyətində qalması BMT strukturlarında təcili və əsaslı islahatlara ehtiyac olduğunu deməyə əsas verir. Cari ilin 5 iyul tarixində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda nazirlər görüşündə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında bu problemlə bağlı son dərəcə önəmli fikirlər səsləndirdi, konkret təkliflər irəli sürdü. Xüsusilə BMT Təhlükəsizlik Şurasının hazırkı reallıqları əks etdirmədiyini vurğulayan dövlətimizin başçısı bu orqanda daha çox ölkənin təmsil olunmasının və coğrafi baxımdan da obyektivliyin və ədalət prinsiplərinin təmin olunması üçün onun tərkibinin genişləndirilməsinin zəruriliyini qeyd etdi. Hər zaman Qoşulmama Hərəkatının nüfuzunun yüksəlməsi üçün məqsədyönlü addımlar atan cənab Prezident İlham Əliyev, həmçinin BMT Təhlükəsizlik Şurasında Hərəkata bir daimi yerin verilməsi tələbini də irəli sürdü. Eyni zamanda da dövlət başçısı Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələrin BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalı olduqlarını vurğuladı.

Son otuz illik tarixə nəzər saldıqda ATƏT-in Minsk qrupunun iflasına və sonradan tamamilə yox olmasına məhz Fransanın ilk növbədə və daha çox səbəb olduğunu açıq-aydın görmək olar. Mahiyyət etibarilə keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün yaradılmış bu qurum çox qısa müddət ərzində məhz Fransanın səyləri nəticəsində sırf ermənipərəst bir təsisata çevrildi. Qurumun atdığı bütün addımlar yalnız erməni təcavüzkarlarının maraqlarına xidmət etməklə Azərbaycana qarşı idi.

Fransa otuz il ərzində nəinki Azərbaycanın xeyrinə bircə qərarın belə təşəbbüskarı olmadı, əksinə, bu ölkə heç vasitəçilik prinsiplərinə uyğun olaraq özünün bitərəfliyini də təmin etmədi. Nəticə göz qabağındadır. Azərbaycan öz ərazi bütövlüyünü özü təmin etdi, Minsk qrupu isə tarixə gömüldü. Bu gün Fransa artıq anti-Azərbaycan fəaliyyətini həm öz parlamenti səviyyəsində davam etdirir, həm də BMT strukturları, o cümlədən daimi üzvü olduğu Təhlükəsizlik Şurası vasitəsilə ölkəmizə müəyyən təsirlər etmək istəyir. Ümumiyyətlə, Fransanın digər ölkələrin daxili işlərinə qarışmaq, dünyanın müxtəlif bölgələrində neokolonialist siyasətini davam etdirmək kimi mürtecə meyilləri hər zaman olub və tarixin müxtəlif dövrlərində bu kimi meyillər dünya xalqlarına çox baha baş gəlib. Elə təkcə Əlcəzair xalqına qarşı törədilmiş soyqırımı zamanı 1,5 milyon insanın qətlə yetirilməsi Fransanın necə bir "demokratik" dövlət olduğu barədə aydın təsəvvür yaradır. Bu ölkədə bu gün cərəyan edən hadisələr də mahiyyət etibarilə elə də fərqli əsaslara malik deyil. Öz xalqının mənafelərini çoxdan erməni separatizminə qurban vermiş prezident Makronun siyasəti başqa nəticələrə gətirib çıxara da bilməz. Ölkəni bürümüş total irqçilik, dini dözümsüzlük və islamofobiya dövlətin bütün əsaslarını ciddi şəkildə sarsıdıb.

Bütün bunlar belə deməyə əsas verir ki, Fransanın BMT Təhlükəsizlik Şurasında üzvlüyü bu ali orqanın da Makronun səyləri ilə erməni terrorizminin əlində bir alətə çevrilməsinə yol aça bilər. Məhz bu baxımdan da BMT strukturlarında ciddi islahatların aparılması bu günümüzün ən vacib tələblərindəndir.

Novruzəli ASLANOV,

Milli Məclisin deputatı.