Biz qayıdırıq!
Siyasət

Biz qayıdırıq!

Soyuq və vahiməli qış gecəsində gənc bir ana yırtıcı düşmən əlindən baş götürüb qaçır. O, tələsir. Çünki sinəsinə sıxdığı körpəsini hava işıqlananadək çayın o biri tərəfinə keçirməlidir. Ana nəfəsini dərmədən irəliləyir.

Ancaq qarlı çöllərin sonu görünmür. Elə bil gecə donub qalıb, saniyələr yerində sayır. Şaxta ona saatbasaat, anbaan daha güclü təsir edir. Elə hiss edir ki, qılınc kimi kəsən şaxta qucağındakı körpənin həyatına qəsd edir. Lakin ana ürəyindəki qorxuya təslim olmur, əksinə, üsyan edir. Ciyərparasını amansız şaxtadan qorumaq üçün yun jaketini, başındakı qalın şalını çıxarıb balasına bükür. Bununla da kifayətlənmir, titrəyən son nəfəsini, eşidilməyən son sözünü də körpənin üstünə "örtür": "Qorxma, tifilim, qorxma, ufacığım, son nəfəsimin istisi də sənindir". Səhər tezdən kəşfiyyatdan qayıdan üç əsgər qoşa ağcaqayın ağacının yanında dəhşətli mənzərə ilə rastlaşır. Qadın şaxtadan donub buz heykələ dönüb. Onun əyninin paltarına büküb sinəsinə sıxdığı ciyərparası isə sağdır. Ana ürəyinin genişliyinə heyran qalan kəşfiyyatçılar onun buz heykəli önündə səcdə edir körpəni götürüb azad torpağa tərəf irəliləyirlər...

Bu hekayə yəqin ki, hər birimizə tanışdır. Hələ məktəb illərindən Ənvər Məmmədxanlının "Buz heykəl"ni oxumuşuq. İlk dəfə bu əsərlə tanış olanda nə fikirləşdiyimi isə dəqiq xatırlayıram. Düşünmüşdüm ki, ana məhəbbəti necə də tükənməz və güclüdür. Mənə elə gəlirdi ki, dünya donub buzlağa çevrilsə də ana ürəyinin hərarəti sönməyəcək. O an ağlımda tək fikir var idi. Məhəbbəti, son nəfəsinin istisi ilə balasını şaxtadan qoruyan qadın ən böyük ehtirama layiqdir. Təbii ki, ibtidai sinifdə oxuyanda hadisələrin realda da baş verdiyini təsəvvür edə bilmirdim. Hər şey mənə nağıl kimi gəlirdi. Amma sonra Xocalı faciəsi barədə məlumat aldım.

Doğrudur, dünya yaranandan hər zaman mübarizə meydanı olub. Bütün canlılar öz məqsədlərinə çatmaq üçün daim mübarizə aparıblar. Əksəriyyəti daha yaxşı, çox şey əldə etmək üçün, bəziləri güclü olduğunu göstərmək məqsədilə, kimisi də hakimiyyət uğrunda. Amma mübarizənin də qaydaları var. Zəiflərə toxunmaq, dinc əhaliyə qarşı qətliam törətmək acizlik hesab olunur. Təəssüf ki, bizim də bəxtimizə qorxaq, aciz, cığal düşmən düşüb. Tarixi torpaqlarımızda qonaqpərvərliyimizdən istifadə edərək məskunlaşan haylar tədricən havadarlarının köməyi ilə azərbaycanlıları qovub, əzəli yurdlarından getmək istəməyənlərə qarşı isə vəhşiliklər törədiblər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan ordusu muzdluların və keçmiş sovet ordusunun 366-cı alayının köməkliyi ilə Xocalıya hücum edib, nəticədə tarixi yurdumuz işğal olunub. Bununla yanaşı, ermənilər Xocalıda dəhşətli qırğın törədiblər. Qocalar, qadınlar, uşaqlar qətlə yetirilib. Faciədə, ümumilikdə 613 nəfər həlak olub.

Amma ermənilərin gözlədiyinin əksinə, bu hadisələr xalqımızı qorxutmadı. Bizə Xocalının qisasını almaq kimi ülvi bir amal verdi. Bu məqsəddən aldığımız güclə də 2020-ci ilin payızında tarixi torpaqlarımızın işğalına son qoyduq. ATƏT-in keçmiş Minsk qrupu həmsədrlərinin "münaqişənin hərbi yolla həlli yoxdur" kimi 30 illik tezisi 44 gün ərzində darmadağın oldu və Cənubi Qafqazda tam fərqli geosiyasi mənzərə yarandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Dövlət Bayrağımızı ucaltmaqla regionda yeni reallıqların yarandığını təsdiqlədi. Bununla da 30 illik məkrli erməni xislətinə, Qərb biganəliyinə, xristian təəssübkeşliyinə qarşı apardığımız mübarizənin kritik mərhələsi başa çatdı. Sözsüz ki, bunlar asan başa gəlmədi. Dövlət başçımızın Xocalıda dediyi kimi, nə qədər əzab-əziyyət görsək, böyük bir faciə ilə təkbaşına mübarizə aparsaq, tarix tərəfindən sınağa çəkilsək də əyilməmişik, sınmamışıq.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ilin mayında başlayan "Xocalıya ədalət!" kampaniyası artıq "Xocalıya böyük qayıdış"a çevrilir. İşğaldan azad olunan şəhərimizə ilk köç gələn ay reallaşacaq. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bildirilib ki, şəhər sakinləri qarşılamağa hazırlaşır. Sosial infrastrukturla bağlı məsələlərin həlli üçün lazımi tədbirlər görülür. Onun sözlərinə görə, mart ayında Xocalı şəhərinə 50 ailənin qayıtması nəzərdə tutulub. Qeyd edilib ki, Xocalıya digər məcburi köçkünlərin qayıtması mərhələli şəkildə təmin ediləcək.

Qüdrətli dövlətimiz öz ata-baba yurdlarından didərgin düşmüş soydaşlarımızın həyatında yeni mərhələnin başlanmasına, onların yenidən öz doğma ocaqlarına qovuşmalarına hər cür imkan yaradır. Əminik ki, sabahımız dünənimizdən daha firavan olacaq. Çünki ölümün gözünə dik baxan qəhrəman oğullarımızın şücaəti, hər birinin dastana sığmayan igidliyi, cəsarəti, vətənpərvərliyi sabaha olan böyük ümidlərimizə işıq tutur. Amma zaman bizi o qanlı tarixdən uzaqlaşdırsa da, xalq olaraq Xocalı dəhşətini heç vaxt unutmayacağıq. Köksümüzdəki yaraların üstü bağlansa, nisgilli ürəklərimizə bir qədər rahatlıq duyğusu hakim olsa da, ədalət axtarışımız yekunlaşmayacaq. Ta ki, Ermənistan Respublikası 30 illik hərbi işğala və xüsusilə də Xocalı soyqırımına görə Azərbaycan xalqından və dövlətindən üzr istəməyənə qədər.

Jalə QASIMZADƏ,

"Respublika".