Bir Vətən sevdalısının Şuşa sevgisi
Sosial həyat

Bir Vətən sevdalısının Şuşa sevgisi

Vətən sevgisi insanın özü ilə birgə doğulan duyğu, hissdir. Zamanı gələndə püskürüb qalxır, alovlanır. Bəzən insanı qəhrəmanlıq zirvəsinə ucaldır. Qəhrəmanlıq isə yalnız Vətən yolunda candan keçməklə ölçülmür. Vətənlə qürur duymaq, onun xidmətində durmaq, təəssübünü çəkmək bir övladlıq borcu olmaqla, həm də fədakarlıqdır.

Vətən harada olsan səni özünə çəkir, qürbətdə, qərib eldə günün nə qədər xoş keçsə də Vətən sevdası səni tərk etmir. Uzaqdan-uzağa onun uğuruna sevinir, kədərinə şərik olursan. Bəzən elə məqam yaranır ki, Vətənin sənə yaşatdığı sevincin əvəzini nə iləsə ödəmək istəyirsən...

...İkinci Qarabağ müharibəsi xalqımıza böyük sevinc yaşatdı. Bu sevinci bütün dünyaya səpələnmiş soydaşlarımız böyük coşqu ilə qarşıladı. Rusiya Federasiyasının Stavropol vilayətində yaşayan həmyerlimiz Məhərrəm Mirzəyev 2020-ci il noyabrın 8-ni, yəni Şuşanın işğaldan azad edildiyi günü həyatının ən xoşbəxt günü hesab edir.

Bu günlərdə redaksiyamızın qonağı olan Məhərrəm Mirzəyev 1952-ci ildə Qərbi Azərbaycanın Qarakilsə rayonunun Vagadi kəndində doğulub. 1971-ci ildə Sverdlovsk şəhərində hərbi qulluqda olub. Əsgəri xidmətini başa vurduqdan sonra həmin şəhərdə Meşə Təsərrüfatı Akademiyasına qəbul olunub, 1979-cu ildə oranı meşə təsərrüfatı texnikasının istismarı və təmiri ixtisası üzrə bitirib. Müxtəlif idarə və müəssisələrdə çalışıb. 52 ildir ki, Vətəndən uzaqda, Stavropol vilayətində yaşayır. Hazırda təqaüddədir.

2020-ci ilin noyabrında Şuşanın azad olunması xəbərini Vətəndən uzaqda televiziya ekranı vasitəsilə alan Məhərrəm müəllim elə o anlarda mədəniyyət paytaxtımız Şuşanı simvolizə edən sənət əsəri yaratmaq qərarına gəlir. Onu da deyək ki, həmyerlimiz əvvəllər də, boş vaxtlarında əqlinin, zehninin məhsulu olan suvenirlər hazırlayar, onu şəxsi guşəsində saxlayardı. Beləcə, o, Şuşa xarıbülbül çilçırağını hazırlayıb araya-ərsəyə gətirir və buna düz 8 ay vaxt sərf edir. Çilçıraq Şuşanın rəmzlərindən biri olan xarıbülbül modeli üzərində qurulub. O, elektrik cərəyanına qoşulanda çilçırağın aşağı hissəsində xarıbülbül fiquruna qoşulmuş xüsusi qurğu işə düşür. Əvvəl dövlət himni səslənir, sonra dövlət başçısı Ali Baş Komandan İlham Əliyevin Şuşa azad edildikdən sonra xalqa müraciətində səsləndirdiyi məşhur ifadələr təqdim edilir: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!..". Sonra Şuşaya, Azərbaycana həsr edilmiş musiqi parçaları bir-birini əvəz edir. Bütün bunları eşitdikcə, bu ecazkar əsrarəngiz sənət əsərinin möcüzəsi səni ağuşuna alır. Onun bir əl işi olduğuna inana bilmirsən...

2022-ci ildə Şuşada VI Xarıbülbül festivalı keçiriləndə Məhərrəm müəllim böyük sevgi ilə hazırladığı sənət əsərini Şuşaya gətirməyi qərara alır. Müvafiq qurumlardan, əlaqədar təşkilatlardan kömək istəyir. Onun bu cəhdi bir fayda vermir. Bu il Vətən müharibəsindəki tarixi qələbəmizin üçüncü ildönümü ərəfəsində isə o, böyük çətinliklə hazırladığı Şuşa xarıbülbül çilçırağını Stavropoldan Bakıya gətirir. Onun ən böyük arzusu Şuşanı simvolizə edən həmin çilçırağı Heydər Əliyev Fonduna hədiyyə etməkdir. Bununla bağlı müəyyən qurumlara da müraciət edib.

Yeri gəlmişkən onu da deyək ki, həmyerlimizin bu əl işi Rusiya mətbuatının da diqqət mərkəzində olub, müxtəlif media qurumlarında onunla bağlı materiallar hazırlanıb, "Sadə azərbaycanlının Vətən sevgisi" adı altında oxuculara, tamaşaçılara təqdim olunub. Düşünürsən, ixtiyar çağında olan bu insanın öz vəsaiti hesabına, böyük əmək sərf edib belə bir sənət əsəri yaratması, Vətəni bu yolla tərənnüm etməsi örnək qəhrəmanlıq deyilmi?..

Zümrüd QURBANQIZI,

"Respublika".