Bir şəkil ətrafında düşüncələr
Digər xəbərlər

 Bir şəkil ətrafında düşüncələr

Qarşımda bir şəkil var, onu erməni informasiya mənbələrindən götürmüşəm.  Şəkildəki ermənilər televizorda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına qulaq asırlar. Dinc və sadə ermənilər başa düşürlər ki, onların təhlükəsiz və yaxşı gələcəyi Azərbaycan vətəndaşlığı altında mümkün olacaq, övladları Qarabağda sülh və əmin-amanlıq içərisində yaşayacaq. Artıq Qarabağdakı erməni əhalisinin böyük əksəriyyəti bu reallığı qəbul edir, qıtlıqdan, işsizlikdən, ərzaq talonlarından canını qurtarmaq istəyir. Ermənilər anlayır ki, əslində Laçın-Xankəndi yolu bağlı deyil,  “blokada” oyununu bir qrup şovinist və separatçı ortalığa atıb, öz çirkin məqsədlərini həyata keçirir, erməni əhalidən isə alət kimi istifadə edirlər.  

Bu günlərdə keçirilən Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda dövlətimizin başçısı İlham Əliyevin səsləndirdiyi tutarlı və təkzibedilməz faktlar erməni yalanlarını bir daha  ifşa etdi və bildirildi ki, Laçın-Xankəndi yolunda  blokadanın olmadığını göstərən əsas fakt ondan ibarətdir ki,  dekabrın 12-dən bizim vətəndaş cəmiyyəti fəallarımız keçid məntəqəsinə gələndən indiyədək 2500-dən çox nəqliyyat vasitəsi,  o cümlədən Rusiya sülhməramlılarının və Qırmızı Xaçın təmsilçilərinin yük avtomobilləri keçib. Qarabağdan demək olar ki,  100 pasiyent müalicə üçün Qırmızı Xaç tərəfindən Ermənistana aparılıb.  Beləliklə,  yol açıq olduğu halda, biz bunu necə blokada adlandıra bilərik?! Əgər Qarabağdakı ermənilər bu yoldan istifadə etməyə çalışsalar,  əminəm ki,  onları heç kim dayandırmayacaq.  Biz Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırıq.  

Ermənilərin iki əsrdən artıq ümid etdikləri, nəsildən-nəslə ötürdükləri, başqasının torpaqlarında oturub “böyük Ermənistan” yaratmaq xəyalları, arzuları puç oldu.  Nə qədər vurnuxsalar da, təxribat törətsələr,  ağalarından imdad diləsələr də Qalib Azərbaycan öz qəti mövqeyini döyüş səngərində bir daha nümayiş etdirdi. İşğaldan azad edilən torpaqlarda düşmənin törətdiyi dəhşətli mənzərə ilə üzləşdik, ermənilər 30 ilə yaxın Azərbaycan ərazilərində yaşayış evlərini,  ictimai binaları,  məktəbləri,  mədəniyyət ocaqlarını,  uşaq bağçalarını,  xəstəxanaları,  istehsalat müəssisələrini,  bütün infrastrukturu talan edib,  dağıdıblar. Xəstə, şovinist ideoloqlarının təbliğatına uyan düşmən güman edirdi ki,  bu dağıntılardan sonra azərbaycanlılar bir də o yerlərə qayıtmayacaq. Ancaq unutdular ki, Azərbaycan xalqı 30 il doğma torpaqlarına qovuşmaq arzusu ilə yaşayıb,  hər zaman Qarabağla nəfəs alıb.  

2020-ci ildə Azərbaycan,  Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq məğlub ölkənin silahlı qüvvələrinin tör-töküntüləri  Azərbaycan ərazisindən çıxarılmalıdır.  Çox təəssüf ki, Ermənistan bu günə qədər həmin müddəalara əməl etmir.  Azərbaycan isə  daima davamlı sülh təşəbbüsü ilə çıxış edir,  barışığa, qonşuluğa və birgəyaşayışa səsləyir. Həm də ölkəmiz regionda sülhün bərqərar olması və Ermənistanla münasibətlərin normallaşdırılması üçün 5 prinsipə əsaslanan təkliflər irəli sürüb və çox təəssüf ki, bu təşəbbüslərdə Ermənistanın müxtəlif təxribatları ilə sabotaj edilir. Danışıqlarda ərazi bütövlüyünü, sərhədlərin tanınmasını, sülh sazişinin hazırlanmasını qəbul etdiyini bildirən Ermənistan sonradan başqa mövqedə dayanır.  Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etmədiyini və öz ərazi iddialarında israrlı olduğunu nümayiş etdirir. Vətən müharibəsi başa çatandan sonra Azərbaycan sülh sazişi, kommunikasiyaların açılması, ərazi bütövlüyünün tanınması ilə bağlı sülhsevər mövqe bildirdi. Məğlub edilmiş Ermənistan hakimiyyətinin bu təklifləri qəbul etməyə sadəcə cəsarəti çatmır. Ermənilər qarşılıqlı ədavət və düşmənçiliyə son qoymalıdırlar. Danılmaz faktdır ki, Vətən müharibəsinin uğurlu sonluğu bölgədə qüvvələr nisbətini dəyişib,  yeni reallıqlar yaradıb. Bu gün artıq danışıqlar masası arxasında 30 il davam edən status-kvo yoxdur, Dağlıq Qarabağ ifadəsi keçmişdə qalıb və Azərbaycan öz erməni vətəndaşlarının qayğısına qalmaq istəyir. Lakin bəzi maraqlı qüvvələr Qarabağ ermənilərinin ağır taleyi üzərində oyunlar qurur, onları gələcək xoşbəxt həyatdan məhrum edirlər.  

Erməni tarixçi-alim Filipp Ekozyans bildirib ki, mənsub olduğu xalqın əsas bəlası nüfuzlu cinayətkar azlığın əsiri olmasıdır.  Erməni xalqı hər dəfə faciəli hadisələrin burulğanına düşməzdən əvvəl bir dəstə erməni heç bir səlahiyyətə malik olmadığı halda, tarix səhnəsinə çıxaraq bütün xalqın adından çıxış edir.  Bu rolda məlikləri də görmüşük,  keşişləri və siyasi xadimləri də.  Onlar sadə insanların arzuları ilə hesablaşmadan,  hətta bu insanların fikri ilə maraqlanmadan xalqın ziyanına qərarlar qəbul edirlər. Tam doğrudur, qəflətən Qarabağda peyda olan, Qarabağ ermənilərinə “xoşbəxt gələcək”, “şirin arzular” vəd edən,  tarixçi-alimin dediyi kimi, heç bir səlahiyyətə malik olmayan R.Vardanyan adlı birisi öz soydaşlarının kasıb və səfalət içərisində olan həyat şəraitini daha da ağırlaşdırdı,  erməniləri yaxşı gələcək əvəzinə ərzaq talonları ilə üz-üzə qoydu. Bu talançı oğru pafoslu çıxışları ilə Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilərin fikirlərini və düşüncələrini başqa səmtə yönəltməyə, revanşizmə sürükləməyə cəhd edirdi. Nə yazıq ki, Vardanyan kimiləri anlamaq istəmirdilər ki, onlar Azərbaycan torpaqlarında ağalıq edə bilməyəcəklər, kimlərinsə kölgəsində gizlənsələr də Vardanyana və onun əlaltılarına Qarabağda heç vaxt yer yoxdur.  

                                                  Salman ALIOĞLU,

                                                    “Respublika”.