Bir ağacın budaqları
Siyasət

Bir ağacın budaqları

Bir kökdən yaranan qohum dillər ağacın qol-budağa ayrılmasına bənzəyir. Məsələn, qədim türk dili oğuz, qıpçaq, qarluq dillərinə ayrılır. Onlar da öz növbəsində ayrı-ayrı qruplara bölünür. Oğuz dilindən türkmən, qaqauz, Azərbaycan dili və Türkiyə türkcəsi yaranır. Qıpçaq dilindən isə qazax, qırğız, tatar, başqırd, qumuq dilləri meydana gəlir. Belə qruplaşma isə bu dillərin danışıldığı ölkələrin eyni kökə malik olduğuna işarə edir. Elə ölkələr var ki, onlar arasında münasibətlər yaxın tarixdə formalaşıb və sırf diplomatik-protokol səciyyəsi daşıyır. Azərbaycan-Qırğızıstan əlaqələri isə tamam fərqli rakursdan diqqət çəkir. İki ölkəni yaxınlaşdıran çoxsaylı amillər sadalamaq mümkündür. Azərbaycan və qırğız xalqları eyni dilin daşıyıcıları olmaqla yanaşı, bənzər mədəniyyət və ənənələrə də malikdirlər.

Ötən əsrin 90-cı illərinin əvvəllərində tarixi proseslərin məntiqi nəticəsi olaraq keçmiş İttifaqın süqut etməsi ilə Azərbaycan və Qırğızıstan müstəqillik qazandılar. İki ölkə arasında diplomatik münasibətlər 19 yanvar 1993-cü ildə qurulub. Azərbaycanın Qırğız Respublikasındakı səfirliyi 11 oktyabr 2007-ci ildə fəaliyyətə başlayıb. Qırğız Respublikası Prezidentinin 24 oktyabr 2014-cü il tarixli Sərəncamına əsasən bu ölkənin Azərbaycanda səfirliyi təsis edilib. 1993-cü ilin dekabrında Türkmənistanda MDB Dövlət Başçıları Şurasının iclası zamanı Azərbaycan Prezidenti Heydər Əliyevlə Qırğızıstan Prezidenti Əsgər Akayevin ikitərəfli görüşü keçirilib. Görüş zamanı iki ölkə arasında münasibətləri möhkəmləndirmək üçün ənənələrin, mədəniyyətin, dinin ümumiliyi, dil yaxınlığı kimi möhkəm bünövrənin olduğu vurğulanıb. Sonrakı illərdə də ulu öndər Heydər Əliyevlə Qırğızıstanın yüksək səviyyəli rəsmiləri arasında daha bir neçə görüş baş tutub. 1998-ci il sentyabrın 7-8-də Bakıda keçirilən "TRACECA" proqramı çərçivəsində tarixi İpək yolunun bərpası üzrə Beynəlxalq Konfransda Qırğızıstan Prezidenti Əsgər Akayev də iştirak edib. Tədbirdə "Avropa-Qafqaz-Asiya Dəhlizinin inkişafı üçün beynəlxalq nəqliyyat üzrə Əsas Çoxtərəfli Saziş" və onun Texniki Əlavələri imzalanıb. Beləliklə, ikitərəfli əlaqələrdə intensivlik artıb, xalqlar arasında mədəni əlaqələr inkişaf edib. 9 aprel 2000-ci ildə "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi mərasimində Qırğız Respublikasının Prezidenti Ə.Akayev iştirak edib. Azərbaycan nümayəndə heyəti isə 2000-ci ilin payızında Qırğızıstanın Oş səhərinin 3000 illiyində təmsil olunub. 16 yanvar 2001-ci ildə TÜRKSOY-un Daimi Şurasının XV iclasında iştirak etmək üçün Qırğızıstanın Təhsil, Elm və Mədəniyyət Nazirliyinin komitə sədri E.Abdukarimov Bakıda olub. 5-8 sentyabr 2006-cı il tarixlərində Bakıda keçirilən "Şərq-Qərb" kinofestivalında Qırğızıstan və Qazaxıstan kinematoqrafçılarının birgə istehsalı etdiyi "Cənnət quşları" kinofilmi nümayiş etdirilib. 2008-ci ilin fevral-mart aylarında dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun anadan olmasının 80 illiyi münasibətilə Azərbaycanda bir sıra təntənəli tədbirlər keçirilib. O, hətta Azərbaycan və Qırğızıstan arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edilib. Qırğız şairi Eqemberdi Ermatov isə dahi şairimiz Nizami Gəncəvinin "Yeddi gözəl" əsərini qırğız dilinə tərcümə edib. Hazırda hər iki xalqın folklorunda və yazılı ədəbiyyatında, hətta eyni personajlara belə rast gəlmək mümkündür.

Qırğızıstan və Azərbaycan beynəlxalq təşkilatlarda da milli maraqlardan çıxış edərək həmişə bir-birini dəstəkləyir. 29 oktyabr 2004-cü ildə Qırğızıstan BMT Baş Məclisinin 59-cu sessiyasının 46-cı plenar iclasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı bəndin Baş Məclisin cari gündəliyinə salınmasına dair qərar Qırğızıstan tərəfindən dəstəklənib. Bu dövlət artıq keçmişdə qalan münaqişənin həlli üçün müəyyən dövrlərdə fəallıq göstərib. Belə ki, 1994-cü ilin may ayında MDB-nin vasitəçiliyi ilə Bişkek şəhərində Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında müqavilə imzalanıb. Hazırda hər iki respublika İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı, eləcə də Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq edir.

Artıq iki dövlət arasındakı münasibətlərdə yeni bir səhifənin açıldığını söyləmək mümkündür. Hazırda Qırğızıstanda 20 minə qədər azərbaycanlı yaşayır. Onların əksəriyyəti 30-cu illərin repressiyaları zamanı Azərbaycandan sürgün olunanların övladlarıdır. Qırğızıstandakı Azərbaycan diasporunun nümayəndələri ölkənin biznes sahəsində, iqtisadiyyatın digər sahələrində fəal iştirak edirlər. Ölkənin tanınmış həkim-cərrahları, iş adamları arasında da azərbaycanlılar çoxdur. Soydaşlarımız əsasən Bişkek, Talas, Qara-Balta şəhərlərində yaşayırlar.

Jalə QASIMZADƏ,

"Respublika".