Biləsuvarda məktəb-liseyin yeni binasının açılışı olub
Elm və təhsil

Biləsuvarda məktəb-liseyin yeni binasının açılışı olub

Təhsil  hər  bir  dövlətin, ölkənin,  cəmiyyətin  həyatının,  fəaliyyətinin  mühüm  bir  sahəsidir.  Ümummilli Lider  Heydər  Əliyev  demişdir: “Təhsil  sistemi  Azərbaycanın  gələcəyini  təmin  edən  bir  sistemdir.  Hər bir  millətin,  hər  bir  ölkənin  gələcəyi  gənclərdir.  Biz  gənclərimizi  nə  qədər  yüksək  təhsilli  etsək, onların  müəyyən  ixtisaslara  yiyələnməsinə  şərait  yarada  bilsək,  müstəqil  Azərbaycanın  gələcəyi  və  demək,  müstəqil  Azərbaycanın  iqtisadiyyatının  inkişafı,  insanların  rifah  halı  o  qədər  də  yaxşı  olacaqdır”.                                                       

Biləsuvarda  Birinci  Qarabağ  şəhidi  Kamaləddin  Ağayev  adına texniki  fənlər  təmayüllü  internat  tipli məktəb-liseyin yeni  binasının açılışı oldu.  Mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov,  Şirvan-Salyan  Regional  Təhsil idarəsinin  müdiri  Sənan Mənsimli,  təhsil  işçiləri, məktəbin pedaqoji  kollektivi  və şagirdlər iştirak etdilər.

Tədbir iştirakçıları ümummilli  lider  Heydər  Əliyevin  əzəmətli   abidəsi  önünə tər  güllər  düzüb,  əziz xatirəsini  böyük  hörmət  və  ehtiramla  yad  etdilər. Sonra Ulu öndər Heydər Əliyevin, ölkəmizin suverenliyi,  torpaqlarımızın  işğaldan  azad  edilməsi  uğrunda  canlarını  qurban  vermiş  şəhidlərimizin  əziz  xatirəsi  bir  dəqiqəlik  sükutla  yad  edildi.  Dövlət Himni səsləndirildi.

Mərasimdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov “Bilik Günü” və yeni məktəbin  açılışı  münasibətilə pedaqoji  kollektivi, şagird və  valideynləri  təbrik  edərək  onlara  yeni dərs ilində uğurlar arzuladı.

Tədbirdə  çıxış  edən Elm və Təhsil nazirinin  müavini  Firudin  Qurbanov,  Milli  Məclisin  deputatı  Bəhruz Məhərrəmov  15  sentyabr “Bilik  Günü”  və yeni  məktəbin  açılışı  münasibəti  ilə kollektivi  təbrik edib, xoş  arzularını bildirdilər.

Açılış mərasimində çıxış  edənlər  təhsil  sahəsinə  göstərilən  yüksək dövlət  qayğısına  görə  ölkə Prezidenti  cənab  İlham Əliyevə və  Birinci vitse-prezident  Mehriban  xanım  Əliyevaya minnətdarlıqlarını  bildirdilər.

Ərəstun ABDULOV,

“Respublika”.