Beynəlxalq Qırmızı Xaç Komitəsi Ermənistana təzyiq göstərməlidir
Digər xəbərlər

Beynəlxalq Qırmızı Xaç Komitəsi Ermənistana təzyiq göstərməlidir

Birinci Qarabağ müharibəsində minlərlə vətəndaşımız əsir, itkin düşüb. Bir çoxları öz ailələrinə qovuşsa da, 4 min nəfər vətəndaşımızın taleyi hələ də bəlli deyil.

Mövzu ilə bağlı deputat Cavid Osmanov bildirib ki, Birinci Qarabağ müharibəsindən sonra dörd minə yaxın Azərbaycan vətəndaşı haqqında məlumatlar hələ də ölkəmizə təqdim edilməyib: "Əlbəttə ki, 30 ildən artıq müddət keçməsinə baxmayaraq, itkin düşmüş soydaşlarımız haqqında məlumatların Azərbaycan tərəfi bir neçə dəfə müxtəlif instansiyalarda Ermənistana təzyiq göstərərək ölkəmizə dəqiq koordinatların təqdim edilməsi məsələsini qaldırsa da, işğalçı ölkə hələ də bu məsələyə məhəl qoymur. Vətən müharibəsi bitəndən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə təhlükəsizlik məsələləri, minalardan təmizlənmə işləri aparılır. Ermənistan tərəfi bu günə kimi Azərbaycan tərəfinə dəqiq məlumatları təqdim etməyib. Yenidənqurma və bərpa işləri zamanı bir neçə ərazidə kütləvi şəkildə azərbaycanlılara məxsus məzarlıqlar aşkar olunub. Bu onu göstərir ki, Birinci Qarabağ müharibəsində xalqımıza qarşı Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə soyqırımları, dünyada misli görünməmiş vəhşiliklə, vandallıqla həyata keçirilib. Çox təəssüf ki, bu gün dünyada ikili standartlar var və Azərbaycan bu ikili standartlara məruz qalan ölkələrdəndir. Beynəlxalq Qırmızı Xaç Komitəsi də bu işlə çox ciddi məşğul olmalıdır. Lakin biz bu günə kimi hər hansı bir ciddi addımın atıldığını görməmişik. Tam əksinə, Laçın sərhəd-buraxılış məntəqəsi ərazisindən qurumun oradakı nümayəndələri xalqımıza qarşı etnik təmizləmə aparan adamların daşınmasını həyata keçirməyə cəhd edib. Qanunsuz malların daşınmasını separatçı rejimin həyata keçirməsinə imkan yaradıb. Bu onu göstərir ki, komitə hələ də ikili standartlardan çıxış edir. Onun əsas vəzifəsi, istiqamətlərindən biri itkin düşmüş insanların taleyi ilə maraqlanmaqdırsa, təəssüf ki, bu məsələyə biganə yanaşır. Əlbəttə ki, bu, qəbuledilməz bir haldır. Komitə ilk növbədə Ermənistana bununla bağlı təzyiqlər göstərməlidir. Beynəlxalq ictimaiyyətin diqqətinə Ermənistanın vəhşiliyini çatdırmalı və Birinci Qarabağ müharibəsində itkin düşmüş soydaşlarımız haqqında haylara təzyiq göstərərək dəqiq məlumatların Azərbaycana təqdim edilməsini həyata keçirməlidir".

Töhfə SƏMƏDOVA,

"Respublika".