Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını, Şəhidlər xiyabanını və
Gündəm

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını, Şəhidlər xiyabanını və "Türk şəhidliyi" abidəsini ziyarət ediblər

Oktyabrın 30-da "İraq türkmənləri və Türk dünyası: Tarixi yaddaşın bərpası" mövzusunda beynəlxalq konfransın iştirakçıları Fəxri xiyabana gələrək, müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn konfrans iştirakçıları Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad ediblər.

1918-ci ildə Bakının bolşevik-erməni daşnaklarından azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə canından keçmiş türk şəhidlərinin xatirəsinə ucaldılmış "Türk şəhidliyi" abidəsi də ziyarət olunub.

Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturaliz Mərkəzi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycanla yanaşı, İraq, Niderland, Almaniya, Türkiyədən olan tanınmış ictimai xadimlər, jurnalistlər və qeyri-hökumət təşkilatları nümayəndələri iştirak edirlər.