Bələdiyyələr abadlıq, yenidənqurma işlərində fəal iştirak edirlər
Digər xəbərlər

Bələdiyyələr abadlıq, yenidənqurma işlərində fəal iştirak edirlər

Hər bir demokratik cəmiyyətdə vətəndaşların mütərəqqi və yaradıcı əməyə, iqtisadi dirçəlişə nail olmasının ilkin şərti onlara qanunvericilik əsasında müstəqil özünüidarəetmə imkanının verilməsidir. Bu mənada, bələdiyyələr demokratiyanın, iqtisadi və siyasi müstəqilliyin, təşəbbüskarlığın təmin edilməsi baxımından mühüm idarəetmə formasıdır. Bu təsisat müəyyən ərazidə məskunlaşmış əhalinin yerli problemlərini həll edən müstəqil, kollegial idarəetmə forması kimi Azərbaycan təcrübəsində də özünü doğruldur.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğu sahəsində əsasını qoyduğu institutlardan biri də bələdiyyələrdir. Heydər Əliyev Azərbaycanda bələdiyyələrin yaradılmasını ilk növbədə dövlət quruculuğu prosesinin və konstitusiyalı quruluşun əsaslarından biri hesab edirdi. Yerli özünüidarəetmə haqqında Avropa Xartiyasının 2-ci maddəsində deyilir ki, yerli özünüidarəetmə prinsipi ölkənin qanunvericiliyində və mümkün olarsa, Konstitusiyasında öz əksini tapmalıdır. Bu prinsip digər Konstitusiya prinsipləri ilə yanaşı, ölkədə demokratik idarəetmə sistemini müəyyənləşdirir.

Dahi şəxsiyyət cəmiyyət quruculuğu prosesinə böyük önəm verir və müstəqil Azərbaycanı tam demokratik dövlət kimi görmək istəyirdi. Buna görə də demokratik cəmiyyəti formalaşdıran mexanizmlərə və institutlara, onların yaranmasının və inkişafının hüquqi əsaslarını yaradırdı. Bələdiyyələr ölkədə abadlıq, quruculuq işlərinin genişlənməsində də fəal iştirak edirlər.

Azərbaycanda bələdiyyə institutunun formalaşdırılması məsələsi ilk dəfə Heydər Əliyev tərəfindən qaldırılmış və 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır. Ulu öndərin rəhbərliyi dövründə bu istiqamətdə 20-dən çox qanun qəbul olunmuş, 300-ə qədər qanunda dəyişikliklər edilmiş, onlarla fərman və sərəncam imzalanmışdır. O cümlədən, Ədliyyə Nazirliyi nəzdində Bələdiyyələr iş mərkəzi ulu öndərin müvafiq sərəncamı ilə 2000-ci ildə yaradılmışdır.

Konstitusiyanın qəbulundan sonra ilk bələdiyyə seçkiləri keçirilənədək yerli özünüidarəetmə ilə bağlı zəruri hüquqi baza formalaşdırılmış, bələdiyyə seçkilərinin qaydalarını, üzvlərinin və qulluqçularının statusunu və fəaliyyət prinsiplərini, bələdiyyə əmlakının hüquqi rejimini və bir sıra başqa mühüm məsələləri tənzimləyən qanunvericilik aktları qəbul edilmişdir. Respublikamızda bələdiyyə seçkilərinin həyata keçirilməsinin əsas hüquqi bazasını ölkə Konstitusiyası, 2 iyul 1999-cu ildə qəbul olunmuş "Bələdiyyələrə seçkilərin qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu, 2003-cü ildən isə Seçki Məcəlləsi təşkil etmişdir.

Bələdiyyə seçkiləri 5 ildən bir ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli səsvermə yolu ilə keçirilir. İndiyə kimi ölkəmizdə 5 bələdiyyə seçkisi baş tutmuşdur. Azərbaycan Respublikasında bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini əsasən Mərkəzi Seçki Komissiyası, dairə və məntəqə seçki komissiyaları təmin edirlər. 12 dekabr 1999-cu ildə ilk dəfə olaraq ölkəmizdə demokratik və şəffaf şəkildə keçirilmiş bələdiyyə seçkiləri nəticəsində yerli özünüidarəetmə orqanları formalaşdırılmışdır. Ulu öndər yerli özünüidarəetmə sisteminin yaradılmasını xalq hakimiyyətinin yeni bir forması hesab edirdi. Qeyd edirdi ki, "bu, bizim ölkəmiz, vətəndaşlarımız üçün böyük hadisədir. Çünki vətəndaşlar ilk dəfə olaraq özləri öz yerli idarəetmə, hakimiyyət orqanlarını seçirlər".

Bələdiyyələrin səmərəli fəaliyyətinin təmin edilməsi üçün zəruri olan şərtlərdən biri də qanunvericilik bazasının formalaşdırılması və onun zamanın tələbinə uyğun təkmilləşdirilməsidir. Odur ki, Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyəti üçün təkmil normativ-hüquqi baza yaradılmışdır. 1999-cu ildən keçən 23 il ərzində bələdiyyələrin fəaliyyətinə dair qanunlar qəbul olunmuş, mövcud qanunlara yüzlərlə dəyişikliklər edilmişdir. Eyni zamanda, ölkəmiz yerli özünüidarəetmə ilə bağlı hüquqi münasibətləri tənzimləyən bir sıra beynəlxalq sənədlərə qoşulmuşdur. Avropada bələdiyyələr üçün başlıca beynəlxalq normativ-hüquqi akt hesab edilən "Yerliözünüidarə haqqında" Avropa Xartiyası Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 1 avqust 2002-ci ildə qüvvəyə minmişdir.

Bələdiyyə institutu cəmiyyətimizdə özünəməxsus yer tutmuş, əhalinin nüfuzunu qazana bilmişdir. Respublikamızın sürətli inkişafı, həyata keçirilən sosial islahatlar bələdiyyələri fəaliyyətini gücləndirməklə yanaşı, vətəndaşların sosial sifariş və tələbatlarının tam ödənilməsini, onlara daha keyfiyyətli xidmətlərin göstərilməsini təmin edir.

M.MİRZƏ,

"Respublika".