Bəhanələr ustadının növbəti “həmləsi”
Siyasət

Bəhanələr ustadının növbəti “həmləsi”

Son dövrlərdə Ermənistan Roma Statutunu ratifikasiya edib, KTMT-dəki nümayəndəsini geri çağırıb, eləcə də ABŞ-la birlikdə hərbi təlimlər keçirib. İndi də Fransanın bir qrup hərbi kontingenti "Ümid 2023" manevrlərində iştirak etmək üçün İrəvandadır. Bütün bunlar onu göstərir ki, Paşinyan hökuməti ölkənin Rusiyanın mənsub olduğu hərbi blokda təmsil olunmasını istəmir, hətta Kreml rəsmiləri ilə eyni diplomatik masalarda bir araya gəlməyi də rədd edir. Yəni İrəvan açıq şəkildə göstərir ki, Rusiyadan institusional formada uzaqlaşır. Paşinyanın qərarları Rusiyada sərt şəkildə tənqid olunur. Kremldə düşünürlər ki, Birləşmiş Ştatlar və onun müttəfiqləri MDB ölkələrində sabitliyi pozmaq və MDB, KTMT kimi mövcud inteqrasiya formatlarını məhv etmək üçün genişmiqyaslı səylərə başlayıblar. Bu planı da ilk növbədə İrəvan üzərindən həyata keçirirlər.

Ermənistanın Rusiyaya qarşı siyasətinə bu yeganə yanaşma deyil. Bir sıra ekspertlər iddia edirlər ki, iqtisadi cəhətdən Rusiyaya bağlı olduğu üçün İrəvanın strateji vektorunu dəyişməsi mümkün görünmür. KTMT və MDB-dən çıxmaq da indiki halda Paşinyan Administrasiyasının gündəmində yoxdur, İrəvan de-yure bütün bu strukturların üzvü olaraq qalmaqda və iqtisadi əlaqələrini inkişaf etdirməkdə maraqlıdır. Bu yanaşmadan yola çıxan siyasətçilər Paşinyanın indi Bişkekə getməməsinin Kremlə qarşı demarş olmadığı qənaətindədirlər. Onlar bu qərarı Ermənistandakı daxili vəziyyətlə əlaqələndirirlər. Paşinyanın Bişkekə səfərdən imtina etməsi Ermənistanın daxili siyasətinin bir hissəsidir. Belə ki, İrəvanda Qarabağla bağlı məsələlərə görə vəziyyət stabil deyil. Baş nazir hökumət üzvlərinə güvənmədiyindən bütün problemləri özü həll etməyə çalışır. O, Ermənistanı bir neçə günlük belə olsa tərk edə bilməz. Əgər ölkədən çıxsa, qayıdanda qarşılaşa biləcəyi mənzərə onun üçün müsbət olmayacaq.

Amma Prezident İlham Əliyev bu versiyanın üzərindən təqdim etdiyi sübutlarla xətt çəkdi və məsələyə fərqli aspektdən yanaşdı. Oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən ölkə başçımız bildirdi ki, Rusiya tərəfinin təklifi ilə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Bişkekdə görüşü olmalı idi. Amma İrəvan minlərlə kilometr uzaqda olan ölkələrdən fərqli olaraq qonşuluqda yerləşən Rusiyaya gəlmək istəmədi: "Təbii ki, ölkələrimiz arasında münasibətlərin tarixi, əlbəttə, Rusiya tərəfinin vasitəçiliyini nəzərdə tutur. Biz bu təklifi müsbət qarşıladıq və xarici işlər nazirimiz Rusiya və erməni həmkarları ilə görüşməyə hazır idi. Təəssüf ki, erməni tərəfi bu görüşdən imtina etdi. İndi sual yaranır: Ermənistan sülh istəyirmi? Zənnimcə, xeyr, çünki əgər sülh istəsəydi, bu imkandan imtina etməzdi. Ermənistanın baş naziri 6 saata Qranadaya uçur, orada Azərbaycansız Azərbaycanın müzakirə edildiyi mənasız görüşdə iştirak edir, amma 2-3 saata Bişkekə uça bilmir, onun mühüm işləri varmış. Bax, biz bütün bunları açıq deməliyik. Bütün bunları hamı görür, ancaq bunu danışmaq və nəzərə almaq lazımdır".

Görünən odur ki, Ermənistan həm də Rusiyanın vasitəçiliyi ilə sülhün əldə olunmasından mümkün qədər qaçır. Çünki Paşinyanın Kreml rəhbəri ilə bir masaya əyləşməsi kommunikasiya və sərhədin delimitasiyası məsələsində iddialarından əl çəkməsi ilə nəticələnə bilər ki, bu, İrəvan üzərindən bölgəyə daxil olmaq istəyən qərbin planlarının suya düşməsi deməkdir. Bu müstəvidə qoca qitənin tənbehindən qorxan Ermənistanın Bişkekə səfər etməməsi anlaşılandır.

Jalə QASIMZADƏ,

"Respublika".