Bayraqlarımızın əzəmətindən qorxan düşmən
Siyasət

Bayraqlarımızın əzəmətindən qorxan düşmən

Uzun illər sonra Qazaxın 4 kəndinin azad edilməsi və Azərbaycan-Ermənistan sərhədində dövlətimiz tərəfindən basdırılan dirəklər haylara və onların havadarlarına gözlənilməz zərbə olub. Sərhədlərimizdə dalğalanan Azərbaycan bayrağının əzəmətindən qorxuya düşən düşmən içindəki hirsini, hikkəsini Azərbaycan və Türkiyə bayrağını yandırmaqla büruzə verib. Belə ki, Ermənistanın paytaxtı İrəvanda qondarma "erməni soyqırımı" münasibətilə təşkil olunan yürüşdə növbəti dəfə təxribata əl atılıb. Yürüş iştirakçıları Türkiyə və Azərbaycan bayraqlarını yandırıblar.

Yürüşdə Ermənistanın keçmiş prezidenti Serjik Sarkisyan və müxalifət nümayəndələri də iştirak ediblər. Onu da qeyd edək ki, analoji tədbirlər 2000-ci ildən bəri hər il Ermənistanda keçirilir. Ümumiyyətlə, bu kimi hallar - bayraq yandırmaq və digər bənzər hadisələrdə Ermənistan rəhbərliyinin birbaşa rolu var. Çünki sadalanan faktların çoxu məhz hakimiyyət nümayəndələrinin gözü qarşısında baş vermiş, lakin hər hansı bir reaksiya və müdaxilə olmamışdır. O səbəbdən də dövlət bayraqlarının yandırılmasında məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür. Deməli, Ermənistan hakimiyyəti, hökuməti, dövləti də xalqla bərabər bu çirkin əməlin müəllifidir.

Ötən il Ermənistanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı yandırılmışdı. Bu hayların nifrət, kin və milli natamamlıq kompleksinin, acizliyin, qorxaqlığın bariz nümunəsidir. Baş vermiş hadisə ilə bağlı danışan dövlət başçımız bunu erməni hökumətinin növbəti çirkin əməli adlandırmışdı: "Bu, təsadüfən baş vermiş, hansısa bir fərdin əməli deyil. Bu, Ermənistan hökumətinin növbəti çirkin əməlidir. Bunu deməyə əsas verən bir çox səbəblər var. Birincisi, bu hadisəni törədən insanabənzər məxluq Ermənistan hakim dairələrinin yüksək səviyyəli şəxsləri ilə birbaşa təmasdadır. İkincisi, bu məxluqa heç bir cəza verilmədi, əksinə, Ermənistanda onu qəhrəmanlaşdırırlar".

Lakin Ermənistan unudur ki, haylar yanan bayraqların odunda qovrulanda, biz bayrağımız dalğalanan ərazilərimizin sayını çoxaltdıq. Azərbaycan bayrağı addım-addım, kənd-kənd azad edilən ərazilərimizdə dalğalandıqca vətən torpağı yenidən cana gəldi, çiçək açdı ümidlər. Biz sevgi, məhəbbət, hörmət və ehtiramla yanaşırıq bayrağımıza. Uca tutduq, zirvələrdən asdıq. Bayrağımız dalğalandıqca illərlə köz bağlayan könlümüzə fərəh, rahatlıq, qürur gəldi. Qələbəyə, zəfərə doğru əlimizdə, könlümüzdə Azərbaycan bayrağı getdik. Yalnız o, bizi yeni zəfərlərə doğru mətin addımlarla apardı. Çünki illərlə həsrətlə boylandığımız uca dağların başına, zirvələrə sancacağımız günü arzulayırdıq. Uğrunda döyüşdük, savaşdıq. Düşmənin vahiməli topu, tüfəngi qorxutmadı bizi. Vətən eşqi, bayraq sevgisi bizi yeni qələbələrə apardı. Sinəmizə sıxıb, düşmənin üzərinə gözümüzü qırpmadan irəlilədik. İstəyimiz, arzumuz isə yalnız bir şey oldu. Bayrağımız qarşıdakı zirvədə, yeni alınacaq yurd yerində dalğalansın. Biz onun üzü mavi səmaya məğrur duruşundan güc alıb yeni qələbələrə doğru inamla addımladıq. Uğrunda hər şeyə hazır olduq. Döyüşdük, qələbə qazandıq, qazi olduq, şəhid olduq. Son nəfəsimizdə də gözlərimizi məğrur Azərbaycan bayrağına dikib, dedik; mən öləndə bayrağa bükün. Müqəddəs şəhid tabutuna sığal çəkdi Azərbaycan bayrağı. Dövlət başçısının dediyi kimi, bayraq dövlətin və xalqın kimliyinin, düşüncə tərzinin və mənəvi dünyasının görünən ən şəffaf, ən işıqlı meyarıdır. Dövlət bayrağımız suverenliyimizin rəmzidir. Özünütəsdiq simvolu olan bayraq qürur və güvənc yeri sayılır.

Azərbaycan xalqı öz bayrağını sevdiyi kimi, başqa ölkələrin də bayraqlarına daim hörmətlə yanaşır. Çünki bayraq hər bir xalqın, millətin simvoludur. Azərbaycan bayrağı harada dalğalanırsa, o yerə özü ilə xoş niyyət, barışıq gətirir. Budur Azərbaycan bayrağının əzəməti, gücü.

Ermənistan öz odunda o zaman yandı ki, 30 il işğal altında qalan Azərbaycan torpaqları cəmi 44 günə azad edildi. Az qala bir qərinəlik işğalçılıq tarixinə ay yarımlıq müddətdə son qoyan əsgərimiz hər nöqtədə bayrağını ucaltdı. Ötən ilin 23 aprelində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsində bayrağımız ucaldıldı. Sentyabr ayının 19-20-də isə lokal xarakterli antiterror tədbirləri nəticəsində Xankəndi, Xocalı və digər ərazilərimiz qanunsuz erməni silahlı qüvvələri və separatçılardan tamamilə təmizləndi. Oktyabr ayının 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndidə üçrəngli bayrağımızı ucaltdı. Bu il aprelin 19-da Qazaxın 4 kəndinin azad edilməsi haqqında razılıq əldə olundu. Ardınca Azərbaycan Ermənistan arasında ilk sərhəd dirəkləri basdırıldı. Dövlətimiz tərəfindən sərhəddə basdırılan dirəklər ərazi bütövlüyümüzə vurulmuş əbədi möhür, düşmənə isə gözdağıdır. Əzəli torpaqlarımızda yenidən dalğalanan Azərbaycan bayrağı ermənilərin və onları müdafiə etməyə çalışan qüvvələrin xain ürəyinə sancılmış oxdur.

Bayraq yandırmaq "ənənəsi" ermənilərin qanına hopmuş genetik alçaqlıqdır. Bu, hayların, eyni zamanda Azərbaycan və Türkiyəyə qarşı nifrətinin göstəricisidir. Döyüş meydanında heç nə əldə edə bilməyən, biabırçı məğlubiyyətə uğrayan xain toplumun bir növ intiqam üsuludur. Əslində isə bu, onların gücsüzlüyünün, iradəsizliyinin, qorxaqlığının əlamətidir.

Ramidə YAQUBQIZI,

"Respublika".