Baş nazirin müavini Əli Əhmədov Qırğızıstanın Nazirlər Kabinetinin sədri ilə görüşüb
Siyasət

Baş nazirin müavini Əli Əhmədov Qırğızıstanın Nazirlər Kabinetinin sədri ilə görüşüb

İyulun 26-da Qırğız Respublikasında səfərdə olan Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Əhmədov Çolpon-Ata şəhərində Qırğızıstanın Nazirlər Kabinetinin sədri Akılbek Japarov ilə görüşüb.

"Respublika" xəbər verir ki, görüşdə Azərbaycan ilə Qırğızıstan arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub.

Tərəflər yüksək səviyyədə keçirilən qarşılıqlı səfərlərin və bu səfərlər zamanı imzalanmış sənədlərin əməkdaşlığın möhkəmləndirilməsində və genişləndirilməsində aparıcı rolunu qeyd ediblər.

Çolpon-Ata şəhərində keçirilən Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 5-ci iclasının vacibliyi vurğulanıb.

Görüşdə Azərbaycan-Qırğızıstan qarşılıqlı faydalı tərəfdaşlığının iqtisadi-ticari, investisiya, nəqliyyat-tranzit, kənd təsərrüfatı, mədəni-humanitar, turizm və digər sahələrdə inkişafının perspektivləri müzakirə olunub.