BALIQÇILIĞIN İNKİŞAFI DİQQƏT MƏRKƏZİNDƏDİR
Region

BALIQÇILIĞIN İNKİŞAFI DİQQƏT MƏRKƏZİNDƏDİR

Balıqçılar qəsəbəsi mavi Xəzərin sahilində yerləşir. Bu yerlərin füsunkar təbiəti, saf, təmiz dəniz havası insana xoş ovqat, gözəl əhvali-ruhiyyə bəxş edir. Lənkəran rayonunun Liman şəhərindən qəsəbəyə 17 kilometr uzunluğunda asfalt yol çəkilib.

Yolumuz çox rahatdır. Bu yol möhtərəm Prezidentimizin qəsəbə sakinlərinə hədiyyəsidir, - deyə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Balıqçılar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məlik Abışov bildirir. 2013-cü ildə dövlətimizin başçısı cənab İlham Əliyevin Sərəncamı ilə ayrılmış vəsait hesabına yol əsaslı şəkildə təmir olunub. Qəsəbədə 2638 nəfər əhali yaşayır. Sakinlərin əsas məşğuliyyəti balıqçılıqdır. Necə deyərlər, çörəkləri dənizdən çıxır.

1956-cı ildə qəsəbədə balıqartırma təsərrüfatı yaradılıb. İlk vaxtlar təbii yolla çəkikimi balıq növü körpələrini yetişdirib dənizə buraxıblar. 1980-ci ildə Xəzərin və ölkənin daxili su hövzələrində balıq ehtiyatlarını artırmaq məqsədilə təsərrüfatda inkubasiya sexi tikilib istifadəyə verilib. Son illər sexin fəaliyyəti genişləndirilib.

Vəziyyətlə yaxından tanış olmaq üçün təsərrüfatda olduq. Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Təsərrüfata balıqçılıq sahəsində təcrübəli mütəxəssis Dadaş Abasov rəhbərlik edir. O, 1989-cu ildə Həştərxan Balıq Sənayesi və Təsərrüfatı İnstitutunu mühəndis-texnoloq ixtisası üzrə bitirib. Uzun illər Lənkəran rayonundakı Nərimanabad Balıq Kombinatında sex rəisi vəzifəsində işləyib. 2015-ci ildə Kiçik Qızılağac Balıqartırma Təsərrüfatına direktor vəzifəsinə irəli çəkilib. Direktor ölkəmizdə balıqçılığın inkişafına göstərilən dövlət qayğısından, təsərrüfatın fəaliyyətindən söhbət açaraq deyir:

- Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Neftçala rayonuna səfərləri çərçivəsində Yenikənd kəndində "Azerbaijan Fish Farm" MMC-nin Nərə Damazlıq Təsərrüfatında yaradılan şəraitlə, balıqçıların qayğıları ilə tanış olublar. Balıqçılığın inkişafına göstərilən dövlət qayğısı kollektivimizi daha yaxşı işləməyə ruhlandırır.

Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı respublikamızın su hövzələrinə balıq körpələrinin buraxılması üzrə proqnozun 70 faizini icra edir. İnkubasiya sexində kütümlə yanaşı, çəki, ağamur, enlialın balıqların körpələri artırılır, 10-20 qram çəkidə körpələr suya buraxılır. Təsərrüfatda balıq bəsləmək üçün ümumi sahəsi 2 hektar olan 4 göl yaradılıb.

Keçən il 6 milyon balıq körpəsi Xəzər dənizinə, Mingəçevir, Şəmkir su anbarlarına, Kür çayına, Xanbulançay və Viləşçay dəryaçalarına, işğaldan azad edilmiş Xaçınçay, Həkəriçay, Suqovuşan və digər su hövzələrinə buraxılıb.

Kollektiv ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar "Zəngin su hövzələrinə balıqların buraxılışı" layihəsinə fəal şəkildə qoşulub. May ayının birinci ongünlüyündə Suqovuşan Su Anbarına 100 min, Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsinə 100 min balıq körpəsi buraxılacaq.

Kollektivdə 20 nəfər işçi qüvvəsi vardır. İlin sonuna kimi 6,1 milyon balıq körpəsinin yetişdirilib Xəzər dənizinə və ölkəmizin daxili su hövzələrinə buraxılması planlaşdırılıb. İlin əvvəlindən artıq 350 minə yaxın balıq körpəsi su hövzələrinə buraxılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü və dəstəyilə yaxın vaxtlarda inkubasiya sexinin əsaslı şəkildə yenidən qurulması, istehsalın genişləndirilməsi, təsərrüfatda 10 milyon balıq körpəsinin yetişdirilməsi nəzərdə tutulub. Kollektiv qarşıda duran vəzifələri uğurla həyata keçirmək üçün əzmlə, yüksək işgüzarlıqla çalışır.

Əlisəfa HƏSƏNOV,

"Respublika".