GƏDƏBƏYDƏ BİÇİN DAVAM EDİR
Region

GƏDƏBƏYDƏ BİÇİN DAVAM EDİR

Qazax-Tovuz iqtisadi rayonuna daxil olan Gədəbəy rayonu əsasən dağlıq zonadan ibarətdir. Rayonda kənd təsərrüfatı məhsulları dəmyə şəraitində yetişdirilir. Bu baxımdan, havaların iqlim normasına uyğun keçməsi, vaxtlı-vaxtında yağıntının olması vacib şərtlərdəndir.

Gədəbəy rayon DAİM (Dövlət Aqrar İnkişaf Mərkəzi) direktoru Asəf Nağıyev bildirdi ki, hazırda zəmilərdə taxıl biçininin qızğın çağıdır. Eyni zamanda qışa tədarük üçün ot biçini davam etdirilir.

Müsahibim bildirdi ki, rayon ərazisində 26 ədəd taxılbiçən kombayn gecə-gündüz işləyir. Biçini optimal müddətdə başa çatdırmaq üçün rayon rəhbərliyi tərəfindən lazımi köməkliklər göstərilir, bütün qüvvələr səfərbər olunmuşdur. Yanğının baş verməməsi üçün fermerlərlə profilaktiki söhbətlər aparılmış, vacib təhlükəsizlik tədbirləri görülmüşdür.

Direktor qeyd etdi ki, bu təsərrüfat ilində havaların qeyri-sabit keçməsi bəzi ərazilərdə məhsuldarlığa mənfi təsir göstərmişdir. Məlumdur ki, toxum səpildikdən sonra yağışın yağması vacibdir. Lakin havaların quraq keçməsi, iyun ayının əvvəllərindən isə güclü, fasiləsiz yağışlar davam etdi. Hətta bəzi yerlərdə leysan xarakterli yağışların davamlı hal alması, ardınca isə güclü dolu yağması min hektardan artıq taxıl zəmisinə ciddi ziyan vurmuşdur. Məhsuldarlıq demək olar ki, həmin ərazilərdə tamamilə sıfıra bərabər olmuşdur.

Aidiyyəti orqanlar fermerlərə dəyən ziyanın ödənilməsi üçün sahələrə baxış keçirmişlər. Buna baxmayaraq, digər sahələrdə fermerlərin əldə etdikləri məhsul onları qane edir. Qabaqcıl fermerlər Vaqif Məmmədov hər hektardan 60-62 sentner, Cəfər Məsimov orta hesabla 55-60 sentner, Sakit Yəhyayev, 57-60 sentner buğda əldə etmişlər.

Ümumiyyətlə, dolu və leysan tutmayan sahələrdən yüksək məhsuldarlıq əldə olunur. A.Nağıyev qeyd etdi ki, 2024-cü ilin məhsulu üçün 3200 hektar sahədə payızlıq əkin aparılması proqnozlaşdırılır. Artıq şumlama işlərinə hazırlıq aparılır.

Taxıl biçilən sahələrdə samanın yandırılmasının qarşısının alınması üçün ciddi nəzarət olunur. Cari ilin məhsulu üçün Gədəbəydə 3282 hektar buğda, 238 hektar arpa biçini həyata keçirilir. 11 avqust 2023-cü il tarixə olan məlumata görə, 2012 hektar buğda sahəsindən 5426 ton, 47 hektar arpa sahəsindən isə 88 ton taxıl əldə olunmuşdur.

Yaxın günlərdə taxıl biçini başa çatdırılacaqdır. Fermerlər əsasən dəmyə şəraitinə uyğun olan "Mauzeri, "Murovdağ", "Bezos", "Qızılgül", "Sevinc" və başqa toxum sortlarından istifadə etmişlər.

Vəli VƏLİYEV,

"Respublika".